2018-09-04 13:47:44   |   182 dəfə oxunub

“Bu, effektiv olmayacaq”

Kamran Əsədov: “Hesab edirəm ki, heç bir halda özəl məktəblərin fəaliyyətinə müdaxilə etmək lazım deyil”



Təhsil haqqında yeni qanun layihəsi hazırlanır. Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, "Ümumi təhsil haqqında” yeni qanun layihəsi işçi qrupunun üzvlərinə paylanılıb. Komitə sədri bildirib ki, yeni qanun layihəsində orta məktəblərin hüquqi imkanları və idarə olunması ilə bağlı müddəalar qeyd edilib.

"Həmçinin orta ümumi təhsil müəssisələrində özəl sektorun işinin tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb. Çünki özəl sektor artıq ümumi təhsil müəssisələrinin sferasında var. Onların fəaliyyəti məktəbin özünün daxili əsasnaməsi ilə tənzimlənir. Amma belə olmamalıdır. Onların fəaliyyəti qanunla tənzimlənməlidir. Belə bir qanun isə indiyə kimi olmayıb”.

Yeni qanun layihəsinin nə dərəcədə effektiv olması ilə bağlı fikirlərini "Şərq”lə bölüşən tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda təhsilin və təlimin məzmunu və ona verilən tələblər müasir kurikulumlarla ifadə olunur. Ona görə təhsilin və təlimin məzmununun idarə edilməsi eyni zamanda kurikulumun qiymətləndirilməsini tələb edir: 

"Kurikulumun qiymətləndirilməsi ehtiyacların öyrənilməsi və mövcud durumun təhlili ilə başlanır. Təəssüf ki, bu gün dövlət orta məktəblərinin müasir tələblərə uyğun olaraq idarə olunmasında ciddi problemlər var. 

Təhsilin keyfiyyətinin idarə olunması sistemi keyfiyyət, fəaliyyətin səmərəliliyi hazırda dövlət orta məktəblərində ürəkaçan səviyyədə deyil. Amma özəl sektorda vəziyyət fərqlidir. Özəl təhsil müəssisələrinin idarə olunması həm müasir tələblərə, həm də əmək bazarının tələblərinə cavab verir. Lakin özəl sektorun daxili qaydalarla idarə olunması ölkədə ümumi təhsil konsepsiyasına təsir göstərir. Bu həm buraxılış qəbul imtahanlarının, həm fənn olimpiadalarının nəticələrində açıq şəkildə görünür. Özəl sektor maliyyə müstəqilliyinə sahib olduğu üçün lazım olan resursları müstəqil və qısa müddətdə aradan qaldıra bilər.

 Amma hesab edirəm ki, qəbul ediləcək qanunvericilik aktları özəl təhsil müəssisələrinin fəaliyyətini çərçivəyə almamalıdır. Bunun əvəzində dövlət orta məktəblərinin maliyyə müstəqilliyini təmin etmək lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində özəl sektorda olan təhsil müəssisələri dövlət təhsil müəssisələri ilə rəqabət aparır. Amma təəssüf ki, bizdə bu rəqabət yoxdur. İlk növbədə dövlət orta məktəblərində təhsilin keyfiyyətini qaldırmaq, onların infrastruktur problemlərini həll etmək lazımdır. Dövlət məktəblərində laboratoriya problemləri var, amma özəl məktəblərdə bu yoxdur. Bu kimi kifayət qədər məsələlər var. Hesab edirəm ki, heç bir halda özəl məktəblərin fəaliyyətinə müdaxilə etmək lazım deyil. Bu, effektiv olmayacaq. Sadəcə olaraq, bütün təhsil müəssisələri üçün eyni və minimum şərtlər və tələblər müəyyən etmək lazımdır”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18