2018-09-04 14:03:50   |   364 dəfə oxunub

İzzət Bağırovun tənqid olunan ssenarisi

Müğənni onu tənqid edən yazarlara cavab verdi



Müğənni İzzət Bağırovun bir ildir üzərində çalışdığı filmi artıq başa çatıb.

Film hələ ekranlara çıxmadan sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bəzi yazarlar İzzət Bağırovun ssenari yazdığını qeyri-peşəkarlıq kimi dəyərləndirərək, müğənninin bu addımını tənqid ediblər. Hələ ekran üzü görməyən filmin tənqidlərinə İzzət Bağırovun cavabı gecikmədi: "Mən tənqidlərə açıq insanam. İlk dəfə deyil ki, tənqidə tuş gəlirəm. Sadəcə sağlam və obyektiv tənqiddən nəticə çıxarmaq qədər də ağlım var. Əgər haqlı tənqid olursa, qəbul edirəm. Mənim çəkdiyim filmi bəzi yazarlar, bəzi insanlar tənqid edirlər. 

Yaxşı da edirlər. O ziyalı və özlərinə yazar deyən insanlara deyirəm ki, tənqid etmisiz, lap əcəb etmisiz. Amma tənqidi də məntiqlə etmək lazımdır ki, onu əsaslandırmaq üçün haqqın, sözün ola. Mənim ssenari müəllifi olduğum film hələ ekranlara çıxmayıb. Onu tənqid etmək nə qədər professionaldı? Bir kitabı oxumadan onu tənqid etmək olarmı? Ya da bir tamaşaya baxmadan, teatra getmədən bir tamaşa barədə rəy bildirmək nə qədər doğrudur? Filmə baxmadan onu tənqid edənlərə bir sualım var - hansı məntiqə söykənir tənqidləriniz? Axı filmi izləmədən o barədə, filmin ssenarisi barədə necə fikir, polemika apara bilirsiz? Bu nə qədər etikdir? Oktyabrda film kinoteatrlarda təqdim olunacaq. İzzət Bağırovun ssenarisi ilə çəkilən filmi tənqid edənlərin hər birini filmi izləməyə dəvət edirəm. Gəlib izləyin, sonra əsaslı tənqidə ehtiyac görsəniz, tənqidlərinizi ünvanlayın. Qaldı filmin ssenarisinə, mən filmin ssenarisi üzərində uzun müddət çalışmışam. Əgər ssenari bərbad olsaydı, Samir Qulamov kimi peşəkar rejissor o filmi çəkməyə razılıq verərdimi? Samir kino rejissorudur, təsadüfən kino sahəsinə gəlməyib. Azərbaycanda ilk serial çəkən rejissorlardan biridir. Ssenarini tək özüm yazmışam. Hər aktyoru düşünüb, onlara uyğun obrazlar yaratmışam. 

"Ümidlər puç olanda” adlı filmimin prodüseri də, baş rol ifaçısı da özüməm. Rejissorluğunu Samir Qulamov edib. Maddi baxımdan da ancaq özüm etdim hər şeyi. Bəzi dostlar dəstək oldu. O da hansısa məkan lazım olanda, orada çəkiliş edən zaman. Filmdə peşəkar aktyor heyəti çalışıb. Bu qədər bərbad ssenari olsaydı, yəqin ki, illərini sənətə qurban verən aktyorlar öz adlarının belə bir filmdə çəkilməsinə razılıq verməzdilər. Hələ filmə baxmadan tənqid xatirinə tənqid edənlərin münasibətinə baxmayaraq, filmə ümidlərim böyükdür. İnanıram ki, bəyəniləcək. 

Mən 42 yaşındayam. Ömrümün 30 ilini səhnəyə, sənətə qurban vermişəm. Ali təhsilim var. Bu illər ərzində qazandığım sənət təcrübəsi var. Ona arxalanaraq belə məsuliyyətli bir işə imza atmışam. Mən ciddi bədii film çəkmişəm. Hansısa satirik, kimisə güldürmək üçün film çəkdiyimi demirəm. Sadəcə bu işə marağım var. Pis də alınmayıb. "Ayrılıq” filmimi çəkəndə kinoteatrlar yox idi. Efirlərdə yayımlandı, sevildi. Bu dəfə isə kinoteatrlarda nümayiş olunacaq. Hər zaman tamaşaçı qarşısına böyük layihələrlə çıxmağı sevmişəm. Konsertlər vermişəm, film çəkmişəm. Bu dəfə də "Ümidlər puç olanda” ilə sevənlərimin görüşünə gələcəm”. Oktyarın 11-də filmin təqdimatı olacaq. Tənqid etmək üçün gəlin, mən gözləyirəm. Filmin qapıları hər bir tamaşaçıya açıqdı”.

İ.Bağırov instaqram hesabını bağlamasından da danışıb:

"Gərək sosial şəbəkədə profilin varsa, fəal istifadəçi olasan. Gündə neçə dəfə şəkil qoyasan, getdiyin yerdən görüntülər paylaşasan. Mən isə qapalı yaşayıram, bunu istəmirəm. Axırda gördüm ki, on gündənbir nəsə paylaşıram, bağladım. Həm də çox vaxtımı alırdı. Otururdum baxırdım, ayılırdım ki, 2 saatım getdi”.

Tahirə







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25