2018-09-04 14:31:59   |   408 dəfə oxunub

"Azərbaycanın inkişafı, qüdrəti türk ölkələrinin diqqətini cəlb edir" - Deputat




"Prezident İlham Əliyevin xarici ölkələrə səfəri Azərbaycanın xarici siyasətində uğurlu addım kimi qiymətləndirilir”.

Bunu "Sherg.az”a ölkə başçısının Qırğızıstan Respublikasına səfərinin əhəmiyyətindən danışarkən tarixçi, millət vəkili Fəzail İbrahimli söyləyib. 

Onun fikrincə, bu cür səfərlər dövlətlərarası münasibətləri, siyasi, iqtisadi, təhlükəsizlik və s. sahələrdə əməkdaşlığı xarakterizə edir:

"Bu cür səfərlər çərçivəsində imzalanan müqavilələr əməkdaşlıq üçün müsbət məsələlərdir. Türk dünyası ölkələri ilə Azərbaycan arasında münasibətlər kifayət qədər müsbət və uğurludur. Türk dövlətlərini birləşdirən bir çox təşkilatların daxilində də ölkəmiz layiqincə təmsil olunur. Azərbaycanın regiondakı inkişafı, qüdrəti türk ölkələrinin diqqətini cəlb edir.

Türk dövlətləri ilə münasibətlərdə qardaş Türkiyə ilə əlaqələr əsas yer tutur. Əsas tərəfdaşımız kimi Türkiyə hər zaman ön sıradadır. Buna baxmayaraq, digər türk dövlətləri, o cümlədən, Qırğızıstan ilə də münasibətlərimiz uğurlu perspektivdə davam edir. Bu türk dövləti ilə münasibətlərimiz açıq, səmimi, heç bir mənfi nüans daşımayan formadadır.

Hesab edirəm ki, Qırğızıstan tərəfi bu cür görüşlərdə daha maraqlıdır. Çünki Azərbaycanla Qırğızıstanı iqtisadi, siyasi və digər məsələlərdə müqayisə etsək, dominantlıq Azərbaycan tərəfindədir. Ümumiyyətlə, dünya münasibətlər sistemində beynəlxalq hüquqa deyil, gücə söykənir. Ağıllı, uzaqgörən dövlət başçısı bu vəziyyətdən uğurla çıxa bilir. Bu mənada Azərbaycanın nailiyyətləri müsbətdir. Qırğızıstanla münasibətlər isə bütövlükdə Türk dünyası ilə əlaqələrin tərkib hissəsidir”.

Qeyd edək ki, sentyabrın 3-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qəbul edib. S. Jeenbekov ölkələr arasında əməkdaşlığın aktual məsələlərini müzakirə etmək üçün imkan yarandığından şad olduğunu dilə gətirib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18