2018-09-04 17:37:29   |   180 dəfə oxunub

"Rusiya bazarlarında Azərbaycan məhsullarına tələbat böyükdür" - İqtisad elmləri doktoru



"Rusiya Azərbaycan münasibətlərinin dərin kökləri var və bu münasibətlər Sovetlər Birliyinin süqutundan sonra iki müstəqil dövlət arasında şəffaf bir müstəvidə inkişaf edir”.

Bunu "Sherg.az”a açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Fikrət Yusifov deyib.

Azərbaycan-Rusiya arasındakı iqtisadi əlaqələrə münasibət bildirən ekspert vurğulayıb ki, biz Rusiya ilə iqtisadi, siyasi, mədəni, elmi və bir çox digər sahələrdə çox ciddi əməkdaşlıq edirik:

"Qonşu ölkə ilə iqtisadi sahədəki əməkdaşlığımız isə son illər özünün ən yüksək səviyyəsinə yüksələ bilib. İki ölkə arasındakı ticarət dövriyyəsi ötən il 2,5 milyard dollardan çox olmuşdur ki, bu da bizim xarici ticarət dövriyyəmizin əhəmiyyətli bir hissəsini təşkil edir. Bu gün Rusiya bazarı Azərbaycanın ixrac məhsulları üçün ən münasib bazarlardan biridir. Eyni zamanda Rusiya məhsullarının idxalı da ümumi idxalımızda böyük xüsusi çəkiyə malikdir”.

İqtisadçının sözlərinə görə, son illər Rusiya Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə çox maraqlıdır:

"Azərbaycanda ixrac üçün istehsal olunan məhsullar Rusiya bazarlarında on illər boyu özünəməxsus yer tutub və bu məhsullar digər ölkələrdən gətirilən eyniadlı məhsullardan daha keyfiyyətlidir. Əsas olan budur ki, rusları Azərbaycan məhsullarının keyfiyyətli olmasına inandırmağa çalışmaq lazım deyil. Onlar bunu yaxşı bilir.

Azərbaycan hökumətinin qeyri-neft sektorunu və onun aparıcı sahəsi olan kənd təsərrüfatını sürətlə inkişaf etdirmək, istehsalda müasir və daha məhsuldar texnologiyalar tətbiq etmək yolu ilə istehsalın həcmini dəfələrlə artırmaq istiqamətində atdığı addımlar ixrac poitensialımızı kifayət qədər genişləndirəcək.

Bunun üçün isə Rusiya bazarı ən münbit bazardır. Çünki, Rusiya bazarının hüdudları çox genişdir. Bizim məhsullara olan tələbat isə böyükdür. Belə bir dönəmdə qonşu ölkə ilə iqtisadi əlaqələrin genişləndirilməsi olduqca vacibdir. Digər tərəfdən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda bizim bu ölkəyə ixracı artırmaqla verəcəyimiz dəstəyin də xüsusi önəmi var”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26