2018-09-04 19:55:00   |   385 dəfə oxunub

"Aşura günü şəhid ailələri, qazilər, şəhid məzarları ziyarət edilsin !"- TƏKLİF



"Azərbaycan xalqı əsrlərdir sevgili peyğəmbərimizə və əhli-beytə öz hörmətini, sayğısını göstərir. Xüsusilə, Məhərrəm ayında qeyri-bərabər döyüşdə şəhadətə yetən sevimli peyğəmbərimizin nəvəsi İmam Hüseynin ölümü faciə kimi yad edilir”.

Bu barədə "Sherg.az”a Azərbaycanda Məhərrəm ayının, Aşura gününün qeyd edilməsi ənənəsindən danışarkən şərqşünas Seyid Camal Əzimbəyli söyləyib. 

O diqqətə çatdırıb ki, əsrlərdir, aşura mədəniyyəti Azərbaycan xalqının milli kimliyinə transfer edilib:

"Mənfi məqam isə bir qrup insanların Məhərrəm ayında icra edilən dini ayinlərdən sui-istifadə etməsidir. Bəzən hətta radikal çağırışlara belə yol verilir, Məhərrəm ayından bu məqsədlə istifadə olunur. Belə əməllər mömin insanlara hörmətsizlikdir.

Son illər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin gördüyü işlər, yüksək qiymətləndirilir. Sistemli şəkildə aparılan maarifləndirmə işləri cəhalətə, xurafata qarşı elmi yanaşmaların ortaya qoyulmasına imkan yaratdı. Bir məsələni qeyd etməliyəm ki, Azərbaycanda Aşuranın başqa ölkələrin emissarlığı ilə keçirilməsindən ehtiyatlanmalıyıq.

 Aşura mərasimlərində iştirak edən vətən oğulları başqa ölkələr üçün döyüşmədilər. 90-cı illərdə də, indi də Azərbaycan üçün canlarını qoymağa hazırdırlar. Bu, İmam Hüseynin qeyri-bərabər döyüşdə fədakarlığını, mərdliyini Qarabağ problemimizə yansıtmağımıza imkan yaradır. Nəticədə, zəfərimiz daha da tezləşər.

Son illərdə maarifləndirmə işlərinin yüksək səviyyədə təşkil edilməsi, Aşura mərasimində zəncirvurma, başyarma, özünə xəsarət yetirmə addımları ciddi azalıb. Yaranmış müsbət durumda həm aidiyyəti dini təşkilatların, həm də mənim ideya müəllifi və aparıcısı olduğum "İnam” verilişinin xidmətləri yüksəkdir. Biz hər il Aşura günlərində canlı efirdə olur, insanları maarifləndirmək üçün əlimizdən gələni edirik. İslam insan həyatının qəsdinin əleyhinədir. Ona görə, Aşura mərasimlərində insanlar özlərinə qəsd edərək, qan çıxarmaq əvəzinə, qanvermə aksiyalarına qoşulurlar. Bu çox müsbət addımdır və möminlərin özləri üçün də savab əməldir”.

Həmsöhbətimiz Aşura günü ilə bağlı maraqlı təkliflə çıxış edib: "Həmin gün şəhid ailələri, qazilər, şəhid məzarları ziyarət edilsin . Ehtiyacı olan şəxslərə imkan daxilində sosial yardımlar göstərilsin. Aşura günün sosial yardımlaşma kimi ənənə halına gətirməyimiz, İmam Hüseynə ən böyük hörmət olar".


Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21