2018-09-05 12:27:30   |   273 dəfə oxunub

"Vətənimizi, dövlətçiliyimizi, inamımızı, ailəmizi qorumalıyıq"

Allahşükür Paşazadə Məhərrəm ayı ilə bağlı tövsiyələr verib


Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazilər Şurası bəyan edib ki, Məhərrəm ayının 1-i 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək. Fətvada qeyd olunub ki, Məhərrəm tarix boyu bütün səmavi dinlər tərəfindən sülh və əmin-amanlıq ayı kimi qəbul edilib. Fəqət bir zaman sonra bu ayın onuncu günü olan Aşura yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.

"Qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlaması ilə əlaqədar keçirilən tədbirdə deyib ki, Aşura günündə və digər günlərdə dinə bir ləkənin gəlməməsinə çalışmaq lazımdır. Şeyxin sözlərinə görə, qanunsuz iş görən din xadimlərinə heç bir güzəşt olmayacaq. Hər şeyin müqəddəsliyi və qanun var: 

"Aşura günü zamanı hər qazi hesabat verəcək. Ola bilsin, bəzi səhvlər olsun. Gələcəkdə bunları aradan qaldırmağa çalışacağıq. Moizələrin olduğu kimi oxunması mütləq deyil, amma məzmun və fikir itməməlidir”. Şeyx bildirib ki, xaricdən maliyyələşən yalançı mollalar dinə iftira atırlar: 

"Belə adamların sözlərinə qulaq asmamalıyıq, Vətənimizi, dövlətçiliyimizi, inamımızı, ailəmizi qorumalıyıq. Xaricdəki bəzi qüvvələr bizim daxilimizdə separatçılıq, iğtişaşlar yaratmaq istəyirlər. Ermənilər bizim öz əlimizlə bizi vurmaq, milli qarşıdurma yaratmaq istəyirlər. Bu da Azərbaycanın bugünkü yüksəlişini gözü götürməyən qüvvələrdir. Bəzi insanlar üçün müqəddəs heç nə yoxdur. Xüsusilə də qərb ölkəsində olanlar üçün yalnız dünya var, axirət yoxdur. Baxın görün, ətrafımızda nələr yaratmaq istəyirlər?! Siz görürsünüz ki, xarici ölkələrdə milyonlarla insan evsiz-eşiksizdir. Ona görə də istəyirik ki, din xadimləri bu reallıqları insanlara çatdırsınlar. Xalq bilməlidir li, bizə qarşı təxribatlar aparan insanlara qarşı mübarizə aparmaq lazımdır. Azərbaycan bizim vətənimizdir, ona görə də bir vəhdət halında mübarizə aparmalıyıq”.

"Məhərrəm ayında təxribata cəhd edənlər xaricdən tapşırıq alan qruplardır”

Şeyx bəyan edib ki, bəzən Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmaq istəyir və təxribata cəhd göstərirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: "Məhərrəm ayında belə təxribata cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir. Bu da, əlbəttə, xaricdən tapşırıq alan və maliyyələşən bəzi qrupların atdığı addımlardır. 

Azərbaycanda dindarlarla dövlət arasında vəhdət və bir körpü yaranıb. Bu körpü daha da möhkəmlənir. Dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır. Bu gün məscidlərin tikilməsi dinə, Allaha olan inamdan gəlir. Bu gün din sahəsində çalışanlara dövlət maddi dəstək verir, biz də bu inamı doğrultmalıyıq”.

"Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb”

Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb: "İki ildir ki, bizim hacıların arasında xəstələnmə yoxdur, onlar sağ-salamat qayıdırlar. Sovet dövründə hər il 1-2 nəfər Həccə ziyarət gedərdi. Bu gün müstəqillik dövründə yaranan şərait imkan verir ki, insanlar Həccə gedə bilirlər. Buna görə biz öz dövlətimizə təşəkkür edirik”.

Din xadimlərinə vergi tutmalarının tətbiqi dayandırılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda Prezidentin Ehtiyat Fondu hesabına 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır: "Bu yardımlara müəyyən sosial və vergi tutmaları tətbiq edilir. Prezident bunu bildikdə onların dayandırılması haqqında tapşırıq verdi. Sentyabrın 1-dən xadimlərimiz maddi yardımı vergisiz, yəni yazıldığı qədər alacaqlar”. 

M.Qurbanlı qeyd edib ki, dövlət məscidlərdə işləyən imam və qazilərin həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər keçirməyi də nəzərdə tutur: 

"Yəqin ki, yaxın aylarda bunu görəcəyik. Bütün bunlar ona görə edilir ki, dövlət və din arasında daha möhkəm körpü olsun”. Komitə sədri əlavə edib ki, ən mühüm vəzifə milli-mənəvi dəyərlərimizi hifz etmək, onları yad təsirlərdən qorumaqdır: "Məscidlər dövlətimizin dayağıdır və insanlara daha yüksək vətənpərvərlik ruhunun qaldırılmasına çalışmalıdır".

"Aşura Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun keçiriləcək”

M.Qurbanlının sözlərinə görə, Məhərrəm ayı və Aşura mərasimləri məscidlərdə və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına uyğun, qanun çərçivəsində, fətvada irəli sürülən tövsiyələrə riayət olunmaqla keçiriləcək. Komitə sədri bildirib ki, bu və ya digər ayinlər həyata keçirilərkən qanuna əməl edilməlidir: 

"Azərbaycan müsəlman dünyasının nümunəvi ölkəsidir. Bu mərasimlərdə xurafata heç bir halda yol vermək olmaz. Dini radikalizmə və dini xurafata qarşı mübarizə əhəmiyyətli və aktualdır. Bütün problemlərin həlli dini mükəmməl şəkildə öyrənməkdir. Bu il də Məhərrəmlik mərasimlərinin Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasına uyğun keçirilməsi, qanvermə aksiyasının təşkil edilməsi planlaşdırılıb. Yəni zəncir vurmaq, qan çıxarmaq, özünə xətər yetirmək kimi əməllər qəbul edilən deyil və bunlar sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir. Biz də bu əməllərin əleyhinəyik. Qafqaz Müsəlmanları İdarəsi də bu cür çağırışlar edir”.

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda həmişə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olub: "Azərbaycanda tarixən islam dininin müxtəlif təriqətlərinin birgəyaşayışı mövcud olub, təriqət baxımından qarşıdurma müşahidə edilməyib. Bu gün də məscidlərdə müxtəlif təriqətlərin daşıyıcıları dini ayinlərini bir yerdə icra edirlər, bir-birinə hörmətlə yanaşırlar”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21