2018-09-05 12:58:32   |   410 dəfə oxunub

Professorlar da alqışlayır:"Türk dövlətlərinin vahid universiteti yaradılmalıdır"




Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammiti bağlı açıqlamasında maraqlı bir təklif irəli sürüb. 

Türkdilli dövlətlərin dil, din, kök birliyinə bağlı olduğunu, eyni köklərdən qaynaqlandığını vurğulayan millət vəkili onların bir-birinə qırılmayacaq sıx tellərlə bağlı olduğunu deyib. Z.Səmədzadə son sammitin məntiqi davamı kimi türk dövlətləri arasında növbəti bir sıra vacib addımların atılacağına da ümid etdiyini bildirib: 

"Çox məsələlər, çox təkliflər, çox ideyalar var. Amma mən elm adamıyam, aliməm və bu baxımdan səslənən təkliflərdən mənə daha yaxın olanı üzərində dayanmaq istəyirəm. Təkliflərdən, ideyalardan biri odur ki, türk dövlətləri arasında vahid ali məktəb-universitet təşkil edilsin. Hesab edirəm ki, bu, çox vacib və əhəmiyyətli bir məsələdir. 

Türk xalqlarının, türk dövlətlərinin vahid ali məktəbinə, universitetinə ehtiyac var. Hesab edirəm ki, mərkəz kimi də qardaş Türkiyə ilə Orta Asiya türk cümhuriyyətləri arasında kəsişmə nöqtəsi kimi Azərbaycan, Bakı şəhəri mərkəz kimi seçilə bilər. Yəni türk dövlətlərinin vahid universiteti Bakıda təşkil edilə bilər. Bu, başqa türk cümhuriyyətlərindən birində də mümkündür”.

Türkoloq-alim, professor Firudin Cəlilov türk dövlətlərinin vahid universitetinin yaradılması təklifini təqdirəlayiq hesab edir:

 "Türk dövlətlərinin vahid universitet ideyasını hələ 90-cı illərin əvvəllərində biz gündəmə gətirmişdik. Hətta müvafiq sənədləri hazırlamağa da başlamışdıq. Fikrimiz bütün türkdilli ölkələrin vətəndaşlarının bir arada təhsil almasına nail olmaq idi. 

Sadəcə, o vaxtlar qarışıqlıq olduğu üçün bu ideyanı həyata keçirə bilmədik. Azərbaycan hökumətinin maddi imkanları məhdud idi, ideyalarımızı həyata keçirmək üçün büdcədə pul yox idi. Türkiyə isə bu təklifə ciddi yanaşmadı. Digər türkdilli ölkələr də bizim kimi yeni özlərinə gəlirdilər deyə, dəstək vermək imkanları məhdud idi. Biz də məcbur qalıb bu ideyanı dondurduq. 

Yenidən bu məsələnin gündəmə gəlməsini isə ancaq alqışlamaq olar. 20 ildən sonra belə olsa, bizim ideyalarımızın gerçəkləşməsi mənim üçün sevindirici bir hal olar. Hesab edirəm ki, türk dövlətlərinin vahid universitetinin yaradılması bu dövlətlər arasında bir növ körpü rolunu oynayacaq”.

Şəymən








SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20