2018-09-05 13:51:19   |   168 dəfə oxunub

Yaponiya Azərbaycana 7 milyard dollar investisiya yatırıb



"Biz ikitərəfli əlaqələrin genişləndirilməsini müzakirə etdik. Azərbaycanla Yaponiya arasında əməkdaşlıq yüksək səviyyədədir”.

"Sherg.az"xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən görüşdən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, Yaponiya indiyədək Azərbaycana 7 milyard dollara yaxın investisiya qoyub. Onun 100 milyon dollardan çoxu qeyri-neft sektoruna yönəldilib:

"Görüşdə ilk növbədə infrastruktur layihələrinə diqqət yetirilib. Yaponiya Şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin inkişafına böyük maraq göstərir. Bundan başqa turizm sahəsində əməkdaşlıq müzakirə olundu. İldən-ilə Yaponiyadan Azərbaycana gələn turistlərin sayı artır. Yaponiya ilə Azərbaycan arasında birbaşa təyyarə reysinin açılması müzakirə olundu”.

E.Məmmədyarov qeyd edib ki, görüş zamanı sentyabrın 20-də Nyu-Yorkda, BMT Baş Assambleyasının sessiyası çərçivəsində GUAM-Yaponiya görüşünün keçirilməsinə dair razılıq əldə olunub:

"Bundan başqa onu da deyim ki, sentyabrın sonunda Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında xeyli sayda yapon idmançıları da iştirak edəcək”.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həmkarına geniş məlumat verdiyini deyən E.Məmmədyarov Yaponiyanın mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu vurğulayıb.






SON XƏBƏRLƏR

2018-09-25