2018-09-05 14:03:30   |   219 dəfə oxunub

Milli valyuta ilə hesablaşmaq effekt verməyəcək

Nə rus rublu, nə də türk lirəsi dönəmli valyuta hesab olunur


Rusiya ilə Türkiyə ticarət əlaqələrində öz milli valyutalarından istifadə etməyi planlaşdırır. Rusiyanın sənaye və ticarət naziri Denis Manturov bildirib ki, rusiyalı avtomobil istehsalçıları Türkiyə ilə tədarük hesablaşmalarında milli valyutalara keçməyi nəzərdə tutur. Onun sözlərinə görə, türkiyəli istehsalçılar da milli valyutada hesablaşmalara keçməkdədir.

Nazir həmçinin bildirib ki, hazırda iki ölkənin avtomobil istehsalçıları arasında rubl və ya lirə ilə ödəmələr baş tutmayıb: "Bir ay əvvəl biz öz türkiyəli həmkarlarımızla bu barədə danışıqlar aparmışıq. İstehsalçılar yaxın zamanlarda bu cür əməliyyatlara keçməyə hazırlaşır”.

Bəzi ekspertlər bu prosesin baş tutacağına inanmasalar da, mexanizmin effektiv olacağını düşünənlər də var. 

İqtisadçı-ekspert Fuad İbrahimov "Şərq”ə açıqlamasında bildirib ki, hər iki ölkənin ticarət əlaqələrində milli valyutadan istifadə etməsinin heç bir effekti olmayacaq: 

"Nə Rusiya rublu, nə türk lirəsi dönəmli valyuta hesab olunur. Hansısa şirkətlər arasında az həcmdə, dar bir çərçivədə müəyyən məhsulların satışını təmin edərkən rubl və lirədən istifadə etmək olar. Amma bunu makroiqtisadi səviyyədə həyata keçirmək mümkün olan bir şey deyil. Söhbət milyardlarla dəyəri olan bir mexanizmdən gedir. 

Dönəmli valyuta odur ki, yəni etalon ölçü vahidi, əvəz edən bir mexanizm olmalıdır. Əvəzləyici kimi isə avro, funt-sterlinq ola bilər. Yoxsa Türkiyə rus rubluna satsın, Rusiya isə türk lirəsinə satsın, bu, absurd fikirlərdir. Hər iki ölkə arasında milli valyutanın istifadəsi fikrini irəli sürmək, nəzəri cəhətdən müəyyən sübutlar gətirmək mümkündür, amma praktiki olaraq bunu həyata keçirmək mümkün deyil. 

İstər-istəməz qısa həcmli, dar çərçivəli əməliyyatlardan sonra bu mexanizm dəyərini itirib iflic vəziyyətinə düşəcək. Hər iki dövlətin valyutasının dönəmli olmaması, prosesin həyata keçirilməsinin qarşısını alır. 

Ancaq iqtisadiyyatdan uzaq insanlar bu mexanizmin baş tutacağını fikirləşirlər. Ümumiyyətlə, hər hansı bir pul köçürməsi mexanizminin tarixi haqqında məlumatları olanlar belə fikir irəli sürməzlər”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-09-26