2018-09-05 15:09:14   |   273 dəfə oxunub

"Əksər bölgələrdə hər bankın cəmi bir bankomatı var" - Növbə yaranır



Maliyyə Bazarlarına Nəzarət Palatası bu ilin birinci yarısında Azərbaycanda bankomatların sayının 2 444 olduğunu açıqlayıb. Bankomatların sayının ildən-ilə artırılmasına baxmayaraq, xüsusilə, regionlarda aparatların azlığı barədə şikayətlər səngimir. Çünki əksər bölgələrdə hər bankın cəmi bir bankomatı quraşdırılıb, bəzilərinin isə ümumiyyətlə, bankomatı yoxdur. Nəticədə daha çox pensiya, təqaüd və maaş alan insanlar problemlə qarşılaşır, rayon mərkəzlərindəki bankomatların qarşısında uzun növbələr yaranır.

Sözügedən problemin həlli haqqında "Sherg.az”a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyevin sözlərinə görə, banklar müştərilərin daha çox olduğu hissələrdə bankomatlar quraşdırmağa maraq göstərirlər. 

İqtisadçı bildirib ki, bankomatın quraşdırılması xərc tələb etdiyinə görə, kommersiya baxımından əhəmiyyətli olmayan yerlərdə sözügedən əməliyyatlar həyata keçirilmir:

"Banklara bankomatların sayının artırılması ilə bağlı təzyiq etmək mümkün deyil. Lakin bankomatların qarşısında yaranan sıxlığı aradan qaldırmaq üçün müxtəlif çıxış yolları təklif etmək olar. 

İlk olaraq, dövlətin səhmlərinin çox olduğu bankların bankomatlarında digər banklara aid kartların daxil edilməsi zamanı tutulan komissiyanı azaltmaq mümkündür. Komission haqq məsələsinə yenidən baxılarsa, insanlar bir bankomata aid kartları başqa bankomatlarda rahatlıqla istifadə edə bilərlər.

Həmçinin, nağdsız ödəmələrə tələbatın artırılması ilə bağlı maarifləndirmə həyata keçirməliyik. Bizdə belə "ənənə” var ki, karta pul daxil olan kimi pulu nağdlaşdırmağa çalışırıq. Halbuki, əksər marketlərdə, mağazalarda plastik kartlar vasitəsilə ödəmə etmək mümkündür.

İnsanlar müxtəlif ödəmələri internet vasitəsilə də həyata keçirə bilərlər. Bunun üçün kartdan pul çıxartmadan, daha asan şəkildə problemləri həll edə bilərik. Əslində pensiyaların, təqaüdlərin, maaşların kart sistemi ilə verilməsinin məqsədi də insanların nağdsız ödəmələrdən istifadəsini genişləndirməkdir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-20