2018-09-05 16:35:09   |   281 dəfə oxunub

“Güzəştli mənzil” informasiya sisteminin çökməsi xətadır, yoxsa maneə ?


"Təkcə, bu ilin may ayına qədər "Güzəştli mənzil” informasiya sisteminin hazırlanması üçün 260 min manat vəsait sərf edilsə də, sistem ikinci dəfə də gözləntiləri doğrultmadı”.

Bu barədə "Sherg.az”a sosial mənzillərin növbəti dəfə satışı zamanı informasiya sisteminin çökməsinin səbəblərindən danışarkən iqtisadçı, ekspert Rəşad Həsənov bildirib.

O qeyd edib ki, sistemin işləməməsi prosesində iki əsas qurum - Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyət daşıyır:

""Elektron Hökumət” portalının digər xidmətləri işləyir. Çökən sadəcə "Güzəştli Mənzil” sistemidir. Açıqlamaya görə, informasiya portalına giriş çox olduğundan sistem çöküb. Bu isə qeyri-ciddi açıqlamadır. Elə saytlar var, gündəlik milyonlarla giriş olur. Halbuki həmin saytların fəaliyyətində heç bir problem yaranmır. Necə olur ki, 9 min insanın qeydiyyatdan keçdiyi sayt ikinci dəfədir çökür?

Artıq ikinci dəfə eyni problemin yaranması insanlarda narahatlıq yaradır, sistemin şəffaflığına etimadı azaldır. Vətəndaşlar düşünür ki, sistemin çökməsi bəhanədir, sıravi şəxslərə maneə yaratmaq üçün belə addım atılır, sosial mənzilləri əvvəldən müəyyən olunmuş, rüşvət alınmış şəxslərə verəcəklər. Yol verilən xətalar insanların bu qənaətlərini gücləndirir”.

Qeyd edək ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində bu gün saat 11:00-da başlayan mənzillərin güzəştlə satışı dayandırılıb. MİDA-nın məlumatına görə, proses bu gün saat 15:00-dan etibarən aktivləşdiriləcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-21