2018-09-05 17:40:49   |   230 dəfə oxunub

"Azərbaycanda dərman məhsullarının 95 faizi idxal olunur" - Bahalaşmanın səbəbi



"Son vaxtlar ölkəmizdə qiymət siyasətinin aparılması ilə bağlı müəyyən problemlər var. Xüsusilə, Tarif Şurasının tənzimlənmə ilə bağlı verdiyi qərarlar bəzi hallarda real bazar şərtləri ilə uyğunlaşmır”.

Bunu "Sherg.az”a dərman məhsullarının bahalaşmasının səbəblərini izah edərkən iqtisadçı- ekspert Rəşad Həsənov söyləyib. 

Onun sözlərinə görə, dərman təchizatı sistemində inhisarçılığın mövcud olması bazarlarda real olmayan qiymətlərin formalaşmasına imkan yaradır:

"Rəqabət olmadığı təqdirdə, təchizatçı şirkət bazarda qiyməti diktə edə bilir. Paralel olaraq, elə məhsullar var, tək ölkəmizdə də deyil, dünya bazarlarında qiymətləri yüksəlib. Azərbaycanda dərman məhsullarının təxmini 95 faizi idxal olunduğundan dünyadakı artım ölkəmizə də təsirsiz ötüşmür.

Azərbaycanda bazarın strukturu, keyfiyyətə nəzarətlə bağlı ciddi problemlər var. Tarif Şurası istehsalçı şirkətlərin qarşısında konkret tələb qoyduqda, istehsalçılar gəlir qazanmaq üçün məhsulun hazırlanmasında keyfiyyətsiz xammaldan istifadə edir. Nəticədə, insanlara satılan bəzi məhsulların qiymətləri tənzimlənsə də, keyfiyyətində problemlər mövcud olur. 

Ona görə, hesab edirəm ki, Azərbaycanın dərman təchizatı sistemində köklü dəyişikliklərə ehtiyac var. Türkiyədə 2011-ci ildən sonra dərman təchizatı sisteminin yeni mexanizmi, müasir texnologiyalardan istifadə edərək hazırlanması məsələsi ortaya qoyuldu. Sözügedən təcrübənin ölkəmizdə tətbiqi mümkündür”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18