2018-09-06 11:55:05   |   409 dəfə oxunub

"Sinə vurmaq, baş yarmaq çox yanlış hərəkətdir"

Aşura günü kimsəsiz uşaqlara, qocalar evinə baş çəkmək, onların könüllərini almaq lazımdır



Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Dini Komitə rəhbəri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə əlaqədar müsəlmanlara çağırış ediblər. Qurum rəhbərləri bildiriblər ki, bəzi radikal dindar qruplaşmalar xarici dairələrin təsiri ilə ölkədə iğtişaşlar törətməyə, qarışıqlıq yaratmağa çalışırlar. Şeyxülislam Allahşükür Paşazadə deyib ki, bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edir. Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: "Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır”. QMİ sədri əlavə edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: "Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır”. Şeyx və Komitə sədri yaxınlaşan Aşura günü ilə bağlı da xəbərdarlıq ediblər. Bildiriblər ki, Aşura günü islamda olmayan hərəkətlərin din adı altında sərgilənməsi yolverilməzdir.

Məsələni "Şərq”ə dəyərləndirən İlahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, Peyğəmbərimizin əziz nəvəsi Həzrəti Hüseyn Məhərrəm ayının 10-cu günü qohum-əqrəbaları ilə birgə şəhid olublar. 

Ekspert vurğulayıb ki, dinimiz bütün soyqırımlara və kütləvi qırğınlara qarşıdır. Onun sözlərinə görə, müsəlman toplumlar təkcə Aşura günü baş verən faciəyə deyil, dünyada yaşanan bütün qətliamlara qarşı çıxmalıdır: 

"Aşura günü təkcə Kərbala şəhidləri deyil, Azərbaycan xalqının başına gətirilən faciələr də anılmalıdır. Mən dəfələrlə Xocalı faciəsi ilə Aşuranı müqayisə etmişəm. Kərbəlada bir günahsız uşaq nizələnibsə, Xocalıda onlarla azyaşlı körpə qəddarcasına şəhid edilib. Aşura düşmənə sinə gərmək məktəbi kimi qeyd olunmalıdır. Bu mərdlik məktəbinin nümayəndələri bütün dünyada törədilən cinayətlərə, terrora qarşı mübarizə aparmalıdır. Aşura günü sinə vurmaq, baş yarmaq çox yanlış hərəkətlərdir. Təəssüflər olsun ki, illərlə məscidlərdə eyni epizodlar təkrarlanır”.

İlahiyyatçının sözlərinə görə, Aşura günü vətənpərvərlik mövzusuna daha çox yer ayrılmalıdır: "Bu cür problemləri yalnız xurafata qarşı elmi mübarizə ilə aradan qaldırmaq mümkündür. Məscidlərdə bu mövzuda çıxış edən xətiblər (xütbə oxuyan din adamları) ora gələn insanları doğru-düzgün maarifləndirməlidir. Aşura günü kimsəsiz uşaqlara, qocalar evinə baş çəkmək, onların könüllərini almaq lazımdır. Ölkəmizdə bu sayaq tədbirlər çox az təşkil edilir. Bəzi zərərli düşüncələr, xüsusən Aşura günündə ölkəmizdə ciddi fəaliyyətə başlamaq istəsələr də, buna nail olmayacaqlar”.

İlahiyyatçı-yazar Kənan Rövşənoğlu da "Şərq”ə açıqlamasında dini camiədə narahatlıq müşahidə edilmədiyini deyib:

 "Mümkündür ki, bu istiqamətdə gizli məlumatlar var. Amma ümumilikdə müstəqillikdən bu yana Azərbaycanda Aşura və Məhərrəm ayı məclislərində hansısa siyasi şüarların kütləvi şəkildə səsləndirilməsi ilə rastlaşmamışam. Azərbaycanda aktiv dini qruplar belə bir qayda olaraq Aşura günlərində siyasi şüarlardan istifadə etmirlər. Lakin dediyim kimi, mümkündür ki, kimlərsə kütləvi xalq mərasimi olan, onminlərlə insanın qatıldığı dini mərasimlərdə hansısa təxribat hərəkətləri törətsin və ya buna cəhd etsin. Xəbərdarlıq da buna görədir”.

İsmayıl







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20