2018-09-06 12:07:10   |   1051 dəfə oxunub

"Cəmiyyətin biganəliyi aradan qaldırılmalıdır"

Fazil Mustafa: "Hər kəs evindən Nuru Paşanın portretini, Türkiyə və Azərbaycan bayrağını asarsa, bu, çox yaxşı olar"

"Ən böyük tariximiz 15 sentyabr Bakının qurtuluş günüdür. Bakı olmasaydı, dövlətimiz də olmayacaqdı"



Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələr, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 100-cü ili tamam olacaq. Paytaxtımızın düşmənlərdən təmizləndiyi həmin gün Azərbaycan xalqının ən şərəfli tarixlərindən biri hesab olunur. 1918-ci ildə Osmanlının şərəfli zabiti Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri Azərbaycanın göz bəbəyi olan Bakının azad edilməsində böyük şücaətlər göstəriblər. Yüzlərlə türk oğlu dini, dili bir qardaşları üçün şəhidlik zirvəsinə yüksəlib. Bakının azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. 

Milli hökumətin Bakıya köçməsi ilə Azərbaycan bütövləşdi. Bir sözlə, Bakının xilası və onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərə çevrildi. Bu səbəbdən bir sıra ictimaiyyət nümayəndələri, siyasətçilər və tarixçilər Bakının düşmənlərdən azad olunduğu günə - 15 sentyabr tarixinə xüsusi əhəmiyyət verirlər. Çox təəssüf ki, müvafiq qurumlar, vətəndaş cəmiyyətləri, media bu hadisəyə layiqli qiymət vermir. İctimai xadimləri narahat edən ən mühüm məqam isə toplumun da biganəlik nümayiş etdirməsidir.

Millət vəkili, Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa da "Şərq”ə müsahibəsində ən çox bundan gileylənib. Deputat bildirib ki, cəmiyyət özü həvəsli olmalıdır ki, dövlət qurumları üzərinə düşən vəzifələri icra etsin...

- Fazil bəy, Bakının işğaldan azad olunduğu günlə, daha doğrusu, həmin tarixi hadisənin təntənəli qeyd olunmayacağı ilə bağlı müəyyən narahatlıq var. Feysbukda siz də öz nigarançılığınızı bildirdiniz. Bu biganəliyin səbəbləri nədir?

- Bakının qurtuluşunu qeyd etmək hamımızın vəfa borcudur, bir ləyaqət məsələsidir. Türk ordusu bizi düşməndən xilas edib, intiqamımızı alıb. Hər dəfə deyirik ki, Xocalının qisasını almalıyıq, axı türk ordusu da 31 mart soyqırımının qisasını alıb. Onlara nə qiymət verdik ki, Xocalının qisasını alanlara nə qiymət verək? Anlamaq lazımdır ki, bu, çox ciddi, siyasi olmaqla yanaşı, həm də mənəvi məsələdir. Çox təəssüf ki, bizim cəmiyyətin özündə bir laqeydlik var. 

Mən çağırış etdim ki, 15 sentyabr günündə insanlar necə ki, Şəhidlər Xiyabanına gedir, eləcə də yığışıb Xiyabandakı Türk əsgərinin xatirə kompleksini ziyarət etsinlər, bu tarixin millətimiz üçün önəmini göstərsinlər. Əgər doğrudan da müstəqilliyin və torpağımızda şəhid olmuş türk əsgərlərinin dəyərini biliriksə, buyurub gedək ziyarətə. Hamı bir dənə gül götürüb Türk əsgərinin abidəsinin önünə qoysun. Yəni demək istəyirəm ki, bunu etmək o qədər də çətin deyil. 

Halbuki xalq kütləvi şəkildə 15 sentyabr gününü, ən azı 100 illik yubileyini qeyd etsə, buna maraq göstərsə, hərə öz evindən Türkiyə və Azərbaycan bayraqları assa, Nuru Paşanın portretini nümayiş etdirsə çox yaxşı olar. Əlbəttə, bu məsələdə maarifləndirici işlər də lazımdır. Amma ilk növbədə cəmiyyətin biganəliyi aradan qaldırılmalıdır. Tez-tez deyirik ki, biz hamını tanıyırıq, hamının tarixinə hörmətlə yanaşırıq. Hanı? Hardadır o hörmət? Ən böyük tariximiz 15 sentyabr Bakının qurtuluş günüdür. Bakı olmasaydı, dövlətimiz də olmayacaqdı. Bir tərəfdə uzaq məmləkətdən gəlib Azərbaycan üçün şəhid olan türk əsgərləri var. Digər tərəfdə isə 10 metrlik yolu qət edib Şəhidlər Xiyabanına getmək istəməyən insanlar var. Bu fərqə nəzər yetirəndə düşüncə və mənəvi keyfiyyətlər baxımından nə qədər geridə qaldığımızı görürük. Biz də bunu qabartmağa çalışırıq.

- Çox vaxt vurğulanır ki, biz Nuru Paşa və türk əsgərlərinə sadəcə Bakının xilasını deyil, eyni zamanda şərəfimizi, namusumuzu da borcluyuq. Çünki...

- Türk ordusu təkcə Bakını azad etməyib, bütövlükdə Azərbaycanı və xalqımızı xilas ediblər. Qafqaz İslam Ordusu gəlməsəydi, 1918-1920-ci illərdə müstəqil dövlətimiz qurulmasaydı, SSRİ-nin tərkibində biz ya Gürcüstanın, ya da Ermənistanın içində olacaqdıq. Ermənistanda nə qədər azərbaycanlı var idi? Onlara əlahiddə muxtariyyət verilmədi ki. Ermənistan daxilində SSRİ-yə girdilər və 1949-cu və 1988-ci illərdə öz yurdlarından didərgin düşdülər. Bizim dədə-baba torpaqlarımız da oldu Ermənistan ərazisi. Eyni şey Borçalı üçün də keçərlidir. Təsəvvür edin, azərbaycanlı xalqı var, amma dövlətimiz yoxdur. Yarımız Ermənistanda, yarımız da Gürcüstanda qalardıq. Sonra hamımızı Orta Asiyaya sürgün edərdilər. Lakin bunlar baş vermədi, çünki türk əsgərləri köməyimizə gəldi və öz müstəqil dövlətimizi qurduq. Nəticədə bolşeviklər Azərbaycanı müstəqil ölkə kimi tanıdılar və bu hüququ bizim əlimizdən ala bilmədilər. SSRİ dağılandan sonra suveren Azərbaycan dövlətini bərpa etdik. Biz dövlət qurarkən çeçenlərdən daha çoxmu dağlarda vuruşduq?! O qədər mübarizəyə rəğmən çeçenlər müstəqillik əldə edə bilmədilər. Amma biz babalarımızın yaratdığı Cümhuriyyət, yəni müstəqil dövlət hesabına Azərbaycan Respublikasını qura bildik. Əgər bunları doğru təhlil etməsək, anlamasaq, qiymətini də düzgün verə bilməyəcəyik. 

Nuru Paşa bizə düşmən olan erməniləri məhv etdi. Ermənilər bizi qıra-qıra gəlirdi. Şamaxıda, Qubada adam qalmamışdı, cənub bölgəsini tələf etmişdilər, qadınları, uşaqları öldürmüşdülər. Türk ordusu qisas aldı. Bunun izahı yoxdur. Xalq özü dəyər verməlidir, həssaslıq göstərməlidir. Göstərməliyik ki, biz öz qəhrəmanımıza sahib çıxırıq. Millət sahib çıxandan sonra hər kəs sahib çıxacaq. Hətta ağzını büzənlər də deyəcəklər ki, Nuru Paşa doğrudan da böyük qəhrəman olub. Heç olmasa ziyalılar bunu gündəmə gətirməli, insanları maarifləndirməlidirlər. Bu tarixi unutmaq olmaz. Bu, bizim şərəf tariximizdir. Həm də utanc tariximizdir, çünki yetərincə qiymət verə bilməmişik.

- Statusunuzda Nuru Paşa ilə bağlı film çəkilmədiyini, abidə qoyulmadığını, rəsmi bayram olmadığını yazmışdınız. Sizcə, Bakının xilaskarı necə əbədiləşdirilməlidir?

- Məsələn, Nuru Paşanın adına hərbi təqaüd təyin oluna bilər. Nuru Paşa böyük hərbi sərkərdədir. Azərbaycan oğulları Nuru Paşaya oxşamağa çalışsa, onun kimi mümkünsüzü bacarsa, həmin ruhda böyüsə yaxşı olmazmı? Nuri Paşa adına heç küçə də yoxdur. Təsəvvür edin, Kommunist Partiyasının rəhbəri Mustafa Sübhi adına küçə var, halbuki o adam Atatürkün düşməni olub. Ancaq Nuri Paşa adını hansısa küçəyə, məktəbə verməmişik. Söhbət təkcə abidədən getmir, film də çəkmək olar.

- Hansısa təkliflə bağlı dövlət qurumlarına müraciət etmisinizmi?

- İki il öncə şəxsən özüm Mədəniyyət Nazirliyinə film çəkilişi ilə bağlı müraciət etdim. Hətta bunun üçün lazımi komanda da topladıq. Tarixçi-alim Nəsiman Yaqublu Allah şahididir. Qafqaz İslam Ordusu, Bakının işğaldan azad olunması ilə bağlı səviyyəli bir film çəkməyi düşünürdük. Amma nazirlik razılıq vermədi. Əvvəlcə bu problemləri həll etməliyik, çünki Bakının işğaldan azad olunduğu gün, şərəf tariximiz getdikcə utanc tarixinə çevrilməkdədir. 15 sentyabr tarixinin 100 illiyi gəlir, amma heç vecimizə də deyil.

- Türkiyədə Qafqaz İslam Ordusu ilə bağlı film çəkiləcəyi deyilirdi...

- Bilirsiz, Türkiyədəkilərin də çoxu bizim tayımızdır. Onlar da pafosla, yalançı vətənpərvərliklə, yalançı milliyətçiliklə, müxtəlif barmaq hərəkətləri ilə özlərini həssas göstərməyə çalışırlar. Ancaq ortada real iş yoxdur. Biz Türkiyə tərəfinə də müraciət etmişik, onlarla da təmaslar qurmuşuq. Lakin yaxına duran olmadı. Ümid sadəcə topluma qalıb. Ona görə də cəmiyyət özü sayğı göstərməlidir. İnsanlarımız bizə görə canlarını fəda etmiş türk əsgərlərinin xatirəsini yad etmək üçün bir neçə dəqiqələrini də olsa sərf etməlidir. Heç kim mahiyyətin üzərində durmur, çoxları fədakarlıqdan qaçır. Ona görə də məsələ açıq qalıb. Mən çalışıram ki, insanlarımız bu tarixə layiqli qiymət verilmədiyinə görə utanmasınlar. Əlimizdən heç nə gəlmirsə, evdə oturduğumuz yerdə şəhid olanlar üçün dua edək. Axı onlar dövlətimizin qurulmasına yardım etdilər, namusumuzu, ev-eşiyimizi qorudular. Bizi silahlandırdılar, təşkilatlandırdılar. Sonra da bizə böyük bir ordu qoyub çıxıb getdilər.

- Şeir yazıb, mahnı bəstələyənlərə də bir çağırışınız oldu. Bakının qurtuluşunun ədəbiyyatdan və musiqimizdən kənar qalması nəylə bağlıdır?

- Son vaxtlar müxtəlif səpkili mahnılar yaranır. Naxçıvan, Şəmkir, Gəncə, Bakı və s. şəhərlər haqqında musiqilər yazılıb. Bakı haqqında xeyli populyar mahnılar oxunur. Musiqi xəzinəmizdə Bakının işğaldan azad olunması ilə bağlı bir dənə mahnı yoxdur. Gəncəni də türklər azad edib. Gəncə ilə bağlı da bütün mahnılarımız dağdan, dərədən, lalədən bəhs edir. 15 sentyabr tarixi ədəbiyyatımızda, şeirdə, musiqidə də öz əksini tapmalıdır ki, xalqın yaddaşında otursun. Koroğlu ilə bağlı o qədər mifik şeirlər var ki, artıq uşaqlar da bilir ki, Koroğlu kimdir. Amma soruşaq görək ki, neçə adam Nuru Paşanı tanıyır? Bu cür unutqanlıq bumeranq kimi sonradan bizə qayıdacaq və bundan mənəvi xilasımız olmayacaq.

İsmayıl








SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18