2018-09-06 12:28:38   |   238 dəfə oxunub

Əcnəbiyə ərə gedən qız...

Xarici vətəndaşlarla evlənən qızlarımız üçün rəsmi nikah şərt olmalıdır

"Təəssüflər olsun ki, qadınların əksəriyyəti insanı tanımadan, bilmədən ailə qurur, evlənir, övlad sahibi olur, sonradan da bir çox problemlərlə üzləşmək məcburiyyətində qalır"



2018-ci ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 27525 nikaha daxilolma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi müdirinin müavini Leyla Kərimovanın sözlərinə görə, onlardan 552-si Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanıb.

 Komitə rəsmisinin sözlərinə görə, Azərbaycan vətəndaşı olan qadınlar əsasən Türkiyə, Rusiya Federasiyası və Gürcüstan vətəndaşları ilə nikaha daxil olublar.

Hər nə qədər hüquqşünaslar, QHT nümayəndələri illərdir həyəcan təbili çalıb, əcnəbiyə ərə getmək arzusunda olan qızları bu yoldan çəkindirməyə çalışsalar da, statistikada yenə də artım müşahidə olunur. Ortada yüzlərlə acı nəticə, faciələr var, amma heç kəs "gözü çıxmış qardaş”ından dərs almır. Keçirilən maarifləndirici tədbirlər, aparılan araşdırmalar, aşkara çıxarılan dramlar da bir nəticə vermir. Əcnəbi oğlana ərə getmək xülyasında olan qızlarımız sanki bütün xəbərdarlıqlara gözlərini yumub, qulaqlarını da tutub.

Onlar dərk edə bilmir ki, internet, televiziya vasitəsilə xaricdəki həyat haqda təsəvvürlər, əcnəbi bəylərin sözləri bəzən onları yanlış istiqamətə yönəldir. Yanlış seçim və azadlıq arzusu onların həyatı bahasına başa gəlir. Əcnəbi vətəndaşlarla evlənən qadınlar arasında ideal həyat yoldaşını tapıb, xoşbəxt olanları da var. Bunu inkar etmirik, amma nə yazıq ki, aldadılaraq insan alverinin qurbanına çevrilən, bəzən də məişət zorakılığının qurbanına çevrilən qadınlarımız çoxluq təşkil edir. Onların da Azərbaycana ya bəd, ya da köməyə möhtac durumda qaldıqlarına dair xəbərlərini alırıq.

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri, vəkil İradə Cavadovanın sözlərinə görə, əksər hallarda xanımlarımız bu cür yanlışlığı öz razılığı ilə etdiyi üçün onlara kömək etmək mümkün olmur.

Hüquqşünas hesab edir ki, qadınlar ailə quran zaman rəsmi nikah məsələsini mütləq şəkildə tələb etməlidir. Xüsusilə də əcnəbi vətəndaşlarla evlənən qızlarımız üçün rəsmi nikah şərt olmalıdır:
"Qadınlarımız əcnəbi vətəndaşla nikah bağlamaq istəyirsə, ilk növbədə həmin ölkənin səfirliyinə, yaxud diplomatik nümayəndəliyinə sorğu ilə müraciət edib, lazımi məlumatlara malik ola bilər. Nikah bağlamağa hazırlaşdıqları şəxslə bağlı səfirliklərə müraciət edib onun cinayət törətmiş, yaxud cinayətə meyilli adam olub-olmadığı barədə məlumatlar əldə etmək mümkündür.

Əcnəbi şəxslərlə Azərbaycan vətəndaşları ailə qurduqda, bu, Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Ona görə də Azərbaycan vətəndaşları üçün hüquqi cəhətdən bir sıra problemlər yarana bilər. Çünki əcnəbi şəxsin başqa şəxslərlə rəsmi nikahda olub-olmamasını müəyyənləşdirmək çətindir. Bəlkə həmin şəxs elə evlidir? Türkiyədə, yaxud da başqa bir xarici ölkədə ailəsi var? Axı bütün bunları dəqiqləşdirmədən qızlarımız niyə əcnəbilərə qoşulub gedirlər? Bir halda ki, hər hansı bir əcnəbi şəxs haqqında səfirliklər məlumat verir, onu araşdırmaq nə çətin işdir ki?

Amma çox təəssüflər olsun ki, qadınların əksəriyyəti insanı tanımadan, bilmədən ailə qurur, evlənir, övlad sahibi olur, sonradan da bir çox problemlərlə üzləşmək məcburiyyətində qalır. Ümumiyyətlə, ailə qurarkən tərəflər bir-biri ilə bağlı mümkün qədər çox məlumat əldə etməlidirlər. Xüsusən də bu, əcnəbilərə aiddir. Biri-birini tanıyan, qohumluq bağları olan adamlar da evlənir, sonra problemlər üzə çıxır. Amma bir halda ki, xarici ölkənin vətəndaşı ilə ailə qurmağa hazırlaşırsan, xüsusilə ehtiyatlı olmalı və şəxs haqqında ətraflı məlumatlara sahib olmalısan. Qadınlarımız da, kişilərimiz də ehtiyatlı olsunlar. Şəxsə yaxşı bələd olmadan ailə qurmağa tələsməsinlər”.

Vəkil hesab edir ki, qadınlarımız rəsmi nikaha daxil olmadıqlarından vətəndaş nikahında yaşadıqları insan barəsində heç bir məlumat əldə edə bilmirlər:

 "Əgər qadınlarımız evliliyə ciddi yanaşsalar, onlara birgə yaşayış təklif edən adamla rəsmi nikaha daxil olsalar, həmin şəxs barəsində dolğun məlumat əldə edərlər”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18