2018-09-06 12:34:24   |   218 dəfə oxunub

Xərçəng vaxtında aşkarlansa sağalmaq mümkündür

Həkimin sözlərinə görə, insanların ildə bir dəfə tibbi müayinədən keçməsi əsas şərtlərdən biridir


Hər il on minlərlə insanda bədxassəli şiş aşkarlanır. Təəssüf ki, bunu statistik göstəricilərə baxanda da görmək mümkündür. Nəinki ölkəmizdə, eyni zamanda bütün dünyada xərçəng xəstəliyinə tutulan əhalinin sayı durmadan artmaqdadır.

Xəstəliyin yaranma səbəbləri, müalicəsi haqqında müxtəlif fikirlər səslənsə də, konkret bir səbəb demək bir az çətindir. Çünki bir qisim mütəxəssislər xəstəliyin yaranma səbəbini düzgün qidalanmamaqda, zərərli vərdişlərdə gördüyü halda, digər qisim xərçəngin genetik olduğunu bildirir.
Qeyd edək ki, ölkəmizdə 2017-ci ildə 11.192 nəfərdə ilk dəfə bədxassəli şiş aşkar edilib. Əhalinin hər 100.000 nəfərinə hesabı ilə bu göstərici 115 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə isə hər 100.000 nəfərinə hesabı ilə qeydiyyatda olan xəstələrin sayı 468 nəfərdir.

Xərçəngin yaranma səbəbləri haqqında "Şərq”ə danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazlı bildirib ki, bədxassəli şişin əmələ gəlməsində bir çox faktorlar rol oynayır. 

Həkimin sözlərinə görə, insanların ildə bir dəfə tibbi müayinədən keçməsi əsas şərtlərdən biridir. Çünki hansısa xəstəliklər, xüsusilə xərçəng xəstəliyi vaxtında aşkarlanarsa, xəstənin tez bir zamanda sağlamlığına qovuşması mümkündür: 

"Ümumdünya Səhiyyə Təşkilatının statistik göstəricilərinə baxsaq, yalnız Azərbaycanda deyil, bütün dünya ölkələrində xərçəngdən əziyyət çəkənlərin sayında artım olduğunu görürük. Bu gün əhalinin böyük qismi tibbi müayinələrdən keçmirlər, səhlənkarlığa yol verirlər. 

İnsanların müayinədən keçməməsinin səbəblərindən biri maddi durumlarının aşağı olması və tibbi savadlarının yetərsizliyidir.
Xərçəng xəstələrinin artmasının bir səbəbi isə insanların çoxlu şüa qəbul etməsidir. Mobil telefonların, planşetlərin çox yaxın məsafədə istifadə edilməsi olduqca təhlükəlidir. Ümumiyyətlə, telefonların ən azı 1.5 metr məsafədə saxlanılması məsləhətdir. Amma gecə yatarkən belə telefonu yanında saxlayan insanlar var”.

Ş.Namazlı bədxassəli şişlərin əmələ gəlməsində insanların düzgün qidalanmamasının da rolu olduğunu bildirdi: 

"Siqaretdən istifadə edilməsi, spirtli içkilərin qəbulu, əlbəttə ki, yuxarı tənəffüs yollarında şişlərin yaranmasına səbəb olur. Bu gün ekoloji tarazlığın pozulduğu da danılmazdır.

 Ekoloji mühitin radioaktiv şüalarla zəhərlənməsi, bizdən asılı olmayan səbəblərdən, məsələn, maşınlardan və zavodlardan zəhərli maddələrin havaya buraxılması təhlükəlidir.

Xəstəliyin yaranmasında genetika da rol oynayır. Məsələn, elə ailələr var ki, kimdəsə bağırsaq şişi olur. Həkimlər tövsiyə edir ki, belə olduğu halda bütün ailə üzvləri hər 3 ildən bir müayinə olunsun. Məsələn, ananın yumurtalığında və ya süd vəzində şiş olubsa, tövsiyə olunur ki, onun qız övladı da tibbi yoxlamalardan keçsin”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18