2018-09-06 13:52:02   |   256 dəfə oxunub

İnhisarçılıq olmasa...

"Kartof üçün idxal gömrük rüsumunun artırılması kartof istehsalı ilə məşğul olan sahibkarlar üçün əlverişlidir"



Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə müvafiq dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.

Azərbaycan idxaldan asılı ölkədir. Bir sıra məhsullar, o cümlədən kənd təsərrüfatı sahələri üzrə istehsal səviyyəsinin artırılması potensialı olsa da, hələ ki, idxaldan asılılıq səviyyəsində dəyişiklik nəzərə çarpmır. Bəs, ölkəmizdə əsas tələbat mallarından olan kartofun idxal rüsumunun artırılması nəylə nəticələnə bilər?

Rəqabətin azalması bahalaşma ilə nəticələnməsin deyə, hansı addımlar atılmalıdır?

İqtisadçı-ekspert Fuad İbrahimov bu məsələnin bir qədər həssas olduğunu deyib.

Belə hesab edənlər var ki, kartofun gömrük tariflərinin bahalaşması yerli istehsalı stimullaşdıracaq. Bu yanaşma da nəzarətçi qurumlarda boşluq yaradır və inhisarçılıq ön plana keçir. Biri ilə razılığa gələn inhisarçılar məhsulun daxili bazardakı qiymətini süni olaraq artırır. Nəticədə isə ziyan istehlakçıya dəyir və o bahalı kartog almaq məcburiyyətində qalır. İstehlakçı üçün kartofun Gürcüstan, İran, yaxud da Tovuz məhsulu olması bir o qədər önəmli deyil. 

Əsas odur ki ucuz qiymətə ala bilsin.
İqtisadçının sözlərinə görə, qanuni baxımdan kartof üçün idxal gömrük rüsumunun iki dəfə artırılması kartof istehsalı ilə məşğul olan sahibkarlar üçün əlverişlidir. Yəni gömrük rüsumları əslində daxili bazarı qorumaq üçün bir alətdir. Yəni idxal rüsumlarını qaldırır ki, ölkə daxilində istehsal olunan məhsul daha rahat şəkildə satılsın. Sahibkarların, fermerlərin maraqlarının qorunması üçün bu addımı atmaq olar.

Ancaq bizdə sui-istifadə halları geniş yayıldığından istehlakçı ziyan görür. Düşünürəm ki, Kənd Təsərrüfatı Nazirliyi bu sahəyə nəzarət mexanizmini gücləndirməlidir. Əgər süni qiymət artımına getmədən yerli kartofun satışını möhkəmləndirmək mümkün olsa, bir müddətdən sonra kartof idxalı tamamilə yaddan çıxacaq.

Əks təqdirdə daxili bazarda kartofun qiyməti 0,20-0, 30 qəpik bahalaşacaq. Yaranan narazılığı aradan qaldırmaq üçün də idxal amili yenidən aktuallaşacaq. Əgər məqsəd daxili istehsalı stimullaşdırmaqdırsa, onda biz əvvəlcədən kartof istehsalının genişləndirilməsi istiqamətində addımlar atmalıyıq, sonradan fermerlərin gəlirinin artırılması üçün rüsumu qaldırmaq olar”.

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20