2018-09-06 18:32:45   |   322 dəfə oxunub

Sabiq XİN başçısı: "Paşinyan Amerikaya səfərə hazırlaşır" - Dəstək istəyir

Tofiq Zülfüqarov:"Rusiya “Qarabağ klanı”nı, Qərb isə baş nazir Nikol Paşinyanı dəstəkləyir"



"Ermənistanda siyasi elitanın iki böyük hissəsi arasında gərginlik artır. Parlament seçkilərində problemlərin həll olunacağını düşünmürəm”.

Bunu "Sherg.az”a Ermənistandakı son durumu şərh edərkən sabiq XİN başçısı Tofiq Zülfüqarov söyləyib. 

Onun fikrincə, Qarabağ dəstəsi 20 ildən sonra güclü mövqelərə sahibdir və Nikol Paşinyan bu mövqeləri dağıtmağa çalışır:

"Rusiyanın münasibətinə gəlincə, ümumi tendensiya bu dövlətin Ermənistandan uzaqlaşmasına gətirib çıxaracaq. Ermənistan hərbi, siyasi, iqtisadi cəhətdən rəsmi Moskva üçün maraq kəsb etmir. Çünki regionda, Ermənistanın ətrafındakı ölkələrin hər biri ilə Rusiyanın əməkdaşlığı var. Türkiyə, Azərbaycan, İran rəsmi Moskvanın müttəfiqidir. Rusiyanın hərbi bazasını Ermənistanda saxlaması heç bir geosiyasi maraqlara söykənmir. Hərbi bazanın bu ölkədən çıxarılması prosesini ləngitmək üçün erməni hərbi bazası Rusiyada fəal işlər görür.

Sözügedən siyasi proseslər Ermənistanın daxili siyasətinə də təsir göstərir. Dağlıq Qarabağda qarşıdurma mövcuddur. Rusiya "Qarabağ klanı”nı, Qərb isə baş nazir Nikol Paşinyanı dəstəkləyir.

Qeyd etməliyəm ki, N. Paşinyan Amerikaya səfərə hazırlaşır. Bu səfərdən çox şey asılıdır. İlk növbədə Qərb administrasiyası ilə əlaqələr qurmaq və erməni diasporunun dəstəyini gücləndirmək vacibdir. Çünki Serj Sarkisyanın zamanında erməni diasporu bu dövlətdən uzaqlaşdı, prezidentə inam azaldı.

Hazırda düşmən ölkə ilə bağlı gündəmdə olan bu məsələləri diqqətlə izləməliyik. Sözügedən proseslər gec ya tez Ermənistanda ciddi böhrana gətirib çıxaracaq. Nəticə olaraq, toqquşmaların baş verməsi də istisna deyil. Ola bilər, parlament seçkiləri öncəsi, həmin ərəfədə qarşıdurmalar baş qaldırsın”.

Qeyd edək ki, sentyabrın 4-ü Bakıda mətbuat konfransı keçirən Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markovun açıqlamalarına görə, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedəcək. Politoloq bildirib ki, Nikol Paşinyanın rəqibləri onu Dağlıq Qarabağ məsələsində güzəştlərə getməyə hazır olmaqda ittiham edir. Amma o, bu güzəştlərə hazır deyil. Rusiyalı politoloqun fikrincə, N.Paşinyan əksinə, "vətənpərvərlik eyforiyası”nda maraqlıdır, ona görə də istisna olunmur ki, onun tərəfdarları baş nazirin Dağlıq Qarabağ münaqişəsində mövqeyinin "kəskinliyini” və "qətiyyətliliyini” göstərmək məqsədilə lokal toqquşmalar kimi təxribatlar təşkil etsin.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25