2018-09-06 19:35:06   |   680 dəfə oxunub

"Təhsil Nazirliyi çox ağıllı addım atdı"



"Son zamanlar xaricdə təhsil məsələsi kifayət qədər populyarlaşıb. Amma çox hallarda bu meylin sonu yaxşı nəticələnmir".

Bu sözləri "Sherg.az”a bəzi şirkətlərin dəstəyi ilə xaricdə təhsil almağa gedən tələbələrin diplomlarının sonradan tanınmaması məsələsinə münasibət bildirərkən təhsil eksperti Nadir İsrafilov söyləyib.

Onun qənaətincə, mövcud məsələ hələ də əhali arasında problem olaraq qalır:

"Əvəllər ölkəmizdə təhsillə bağlı xaricə yollanan tələbələrlə bağlı dövlət proqramı var idi. Lakin sonralar bu proqram başa çatdı. Yeni layihənin qəbul olunmağı üçün bunun üzərində təkminləşmə işləri həyata keçirilir. Hazırkı məqamda Azərbaycanda xaricdə təhsil məsələsi magistratura və doktorantura pilləsi üçün müvafiq hesab olunur. Hələ ki bu proses bakalavrlara şamil edilmir. Çünki onlar çox vaxt oxuduğu xarici ölkələrdə qalaraq geri qayıtmırlar. Həmçinin ali təhsil üçün ölkəmizdə kifayət qədər universitetlər var. Bundan başqa dövlət proqramından əlavə xaricdə təhsil almağa xidmət göstərən müəyyən şirkətlər, qurumlar var. 

Onlar özlərinin arzuolunmaz məqsədlərini paytaxtın bütün küçələrində, köşklərin ətrafında "atestat vasitəsi ilə aşağı qiymətlərə keyfiyyətli təhsil” adı altında yayırlar. Bəzi insanlar da yolda rastlaşdığı bu kimi şirnikləndirici reklamlara aldanıb xaricdə təhsil almağa gedirlər. Lakin bütün pulunu xərcləyib, dörd il təhsil alıb geri qayıdanda öryənirlər ki, onların diplomları ölkəmizdə tanınmır. Bununla da artıq müəyyən narazılıqlar, şikayətlər başlayır. Hətta məsələ məhkəmə önünə qədər yol alır. Artıq bu məqamda valideynləri qınamaq da olur. 

Onlar yol kənarında gördüyü bir elana aldanıb, övladına təhsil vermək istəyib. Axı o insanlar hardan bilsinlər ki, həmin təhsil müəssisələrinin diplomları bizim ölkədə tanınır və ya tanınmır. Belə halların təkrar olunmaması üçün Təhsil Nazirliyi çox ağıllı bir addım atdı. Nazirlik ölkəmizdə diplomu tanınan təhsil müəssisələrinin dəqiq saylarını və adlarını açıqladı. Beləliklə də, əhali hansı yolla olur olsun, təhsil üçün xaricə üz tutmaq istəsələr, həmin siyahıdan istifadə edib yanlış addım atmazlar”.

Mütəxəsis qeyd edib ki, hazırda ölkəmizdə fəaliyyət göstərən dövlət universitetlərinin 80 faizdən çoxu pullu təhsil verir:

"Onların sayı çox olmaqla yanaşı təhsil haqqının miqdarı da yüksəkdir. Əhalinin az təminatlı kəsimi bəzən təhsil haqlarını ödəyə bilmir. Buna görə də, insanlar az vəsait tələb edən elm ocaqlarına qaçmağa çalışır. Əsasən, Gürcüstanda və Türkiyədə əksər təhsil müəsisələrində ödənişlərin miqdar azdır. Beləliklə də, bizdən xaricə həm valyuta, həm də beyin axını gedir. Məncə, bu sahədə muəyyən güzəştlər edilsə, çox yaxşı olar. Çünki biz yalnız imkanlı insanlar üçün müəyyən imkanlar yaratmamalıyıq. Onlarla yanaşı aztəminatlı ailələri də nəzərə almalıyıq. Əvvəcə, biz daxildə bir sıra işlər görməliyik. Cənab prezidentimizin belə bir ifadəsi var "Universitetlərimizdə elə şərait yaratmalıyıq ki, tələbələr xaricə üz tutmağa ehtiyac hiss etməsin”. Həqiqətən də biz bunu etməliyik”.

N.İsrafilov onu da diqqətə çatdırıb ki, ölkəmizdə təhsilin hamı üçün əlçatan olması məqsədi ilə abituriyentlərə qəbul imtahanlarında iki dəfə iştirak şansı verilib:

 "Birici imtahanda yetərli bal toplaya bilməyən şagirdlər məqsədlərinə çatmaq üçün ikinci dəfə yenidən özlərini sınayırlar. Bununla yanaşı universitetlərin nəzdində hazırlıq kursları yaradılıb. Bundan da istifadə etməklə abituriyentlər ali təhsil ala bilər”

Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bu qurum Azərbaycan Respublikası ərazisində tanınan xarici ali təhsil müəssisələri ilə bağlı hər hansı siyahı müəyyənləşdirməyib. Eyni zamanda nazirlik diplomların tanınması sahəsində heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır. İddiaçılara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd nostrifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə şirkətlərin vasitəçiliyi ilə Təhsil Nazirliyinə təqdim edilən sənədlər seçim zamanı xüsusi üstünlüyə malik olmur.

Kənan Eynuroğlu







SON XƏBƏRLƏR

2018-11-21