2018-09-06 20:07:59   |   278 dəfə oxunub

İNTİHAR, yoxsa ŞOU ?

" Mətbuat, sosial şəbəkə və cəmiyyətdə “filankəs intihar edirdi, tanınmış şəxs kömək etdi, iş və evlə təmin olunmasına yardımçı oldu” şəklində məlumatlar yayıldıqda, bu insanların şüuraltına yerləşir"

"Ona görə, bəzi insanlar asan pul qazanmaq, problemlərini qısa yolla həll etmək üçün belə variantdan istifadə edirlər"



" "İntihar edəcəm" deyib, şou düzəldənlər, özlərini öldürməmək müqabilində hansısa tanınmış şəxsin gəlməsini tələb edənlər qazancın asan yolunu axtarırlar”.

Bunu "Sherg.az”a 6 nəfər fəhlənin eyni anda intihara cəhd etməsindən danışarkən psixoloq Nurlana İsmayılova söyləyib. 

Onun fikrincə, bu şəkildə addım ataraq, intiharı vasitə kimi istifadə edən şəxslər insanlara necə təsir etmək lazım olduğunu bilirlər:

"Heç kim başqasının özünə qıymasını, əziyyət çəkməsini istəməz. Kimsə özümü öldürəcəyəm, intihar edəcəyəm deyəndə can yandırır, kömək etməyə çalışırlar. İntihara cəhd edənlər də bundan sui-istifadə edir. Şantaj, manipulyasiya vasitəsi kimi intihara əl atacaqlarını tez-tez təkrarlayırlar.

Bu tendensiyanın yayılması piarla əlaqədardır. Mətbuatda, sosial şəbəkələrdə, cəmiyyət "filankəs intihar edirdi, tanınmış şəxs gəlib kömək etdi, pul verdi, iş və evlə təmin olunmasına yardımçı oldu” şəklində məlumatlar yayıldıqda, bu insanların şüuraltına yerləşir. Ona görə, bəzi insanlar asan pul qazanmaq, problemlərini qısa yolla həll etmək üçün belə variantdan istifadə edirlər. Əslində onlar heç də intihara meylli deyillər. İntihara meylli olan, bunu son çıxış yolu kimi görən insanlar özünü öldürəcəyini bəyan etmir, başqalarının bu durumu bilməsini istəmirlər. Gizli depressiv vəziyyətə düşərək, bu ruh halından çıxa bilmədikdə özlərinə qəsd edirlər. İntihar psixoloji durumdan asılı olur”.

N.İsmayılova hesab edir ki, cəmiyyətdə özünə qəsdin şoulaşdırılmasını dayandırmaq üçün intihara əl atacağını tez-tez dilə gətirən, bu fikri reklam edənləri qınamalıyıq:

"Cəmiyyət intiharı qazanc vasitəsinə çevirən şəxsin tələbini təmin etdikdə, deməli, o, istəyinə nail olur. Bu, pis nümunədir. Çünki onlar "intiharı” yenə təkrarlayacaqlar. Yaxşı olar ki, həmin şəxslərlə psixoloji söhbətlər aparılsın, istiqamətləndirilsin. O şəxslərə ruh yüksəkliyi, motivasiya vermək lazımdır. Bəlkə də intihara cəhd edən şəxs nəyə qadir olduğunu özü də bilmir, ona görə, belə addıma əl atır. Məlumatsızlıq, savadsızlıq həmin şəxsləri müxtəlif addımlara vadar edir.

Əvvəllər Azərbaycanda daha çox xarici şirkətlər əmək təlimləri keçirir, insanlara hansısa sənətə, bacarıqlara yiyələnməsi üçün yardım edirdilər. Ödənişsiz sənət öyrədir, bacarıqlı insanlara çörək qazanmağın yolunu göstərirdilər. Beləliklə, onların bir qismi məşğulluğunu təmin edə bilirdilər. Müəyyən məşğuliyyətin olması insanın beyninin, psixologiyasının təmizlənməsinə də şərait yaradır”.

Qeyd edək ki, Bakı şəhərinin Xətai rayonunda 6 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdiriblər. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, vətəndaşlarla aparılan psixoloji söhbətlər nəticəsində onlar, özlərinə qəsd etmək fikrindən daşınıblar. İntihara cəhd edənlərin inşaat şirkətində çalışan fəhlələr olduğu bildirilir.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-24