2018-09-06 20:45:02   |   227 dəfə oxunub

"Xorvatiya Azərbaycanın mövqeyini Avropada dəstəkləyir" - Politoloq



"Azərbaycan - Xorvatiya münasibətləri öz dinamikası ilə fərqlənir”.

Bunu "Sherg.az"a politoloq İlqar Vəlizadə söyləyib. 

O xatırladıb ki, 2007-ci ildən etibarən bu ölkə liderləri ardıcıllıqla qarşılıqlı səfərlər həyata keçirirlər:

"Nəticədə Azərbaycan və Xorvatiya arasında iri miqyaslı, digər ölkələrlə müqayisədə daha əhəmiyyətli sazişlər imzalanıb. Xorvatiya ilə əməkdaşlığımız artıq 10 ildən çoxdur müsbət dinamikadadır. Biz xüsusilə, iqtisadi münasibətlərin inkişaf etdirilməsinə üstünlük veririk. Xorvatiyanın gəmiqayırma zavodlarında bir neçə mühüm sifarişlər yerləşdirilib. Eyni zamanda qazın satışı ilə əlaqədar da bu dövlətlə əhəmiyyətli sazişlərimiz olub.

Hazırda regionda "Cənub Qaz dəhlizi" layihəsi həyata keçirilir. Yunanıstandan Xorvatiya da daxil olmaqla Avstriyaya qədər qaz kəməri inşa olunub. Azərbaycanın qaz ixracatını genişləndirmək niyyəti Xorvatiya rəhbərliyini də maraqlandırır. Ona görə, bu istiqamətdə münasibətlərinm daha da təkmilləşdiriləcəyini düşünürəm.

Sözügedən ölkə ilə regional təşkilatlar səviyyəsində də əməkdaşlığımız mövcuddur. Xorvatiya ölkəmizin mövqeyini Avropada da dəstəkləyir. Bu ölkə Azərbaycanın strateji partnyoru sayılır. Xorvatiyanın regiondakı əhəmiyyətli rolu Avropa İttifaqında bizim də mövqeyimizi möhkəmləndirməyimizə imkan verir”.

Qeyd edək ki, Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç sentyabrın 6-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edib. Kolinda Qrabar-Kitaroviç bildirib ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcəkdir: "Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək".

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25