2018-09-07 11:29:16   |   145 dəfə oxunub

Xorvatiya həmişə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyib




"Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya səfəri zamanı səsləndirib. Dövlət başçısı bildirib ki, bu strateji tərəfdaşlıq əlaqələri daha da genişlənir və güclənir: "Bir çox məsələlər müzakirə olundu. Xanım Prezident bu barədə məlumat verdi. Öz tərəfimdən qeyd edim ki, biz Xorvatiya ilə daha böyük həcmdə ticarət əməliyyatları aparmaq istəyirik. Ticarət dövriyyəsinin nə həcmi, nə də strukturu bizi qane edə bilməz. Hesab edirəm ki, hökumətlərarası komissiya bu məsələ ilə bağlı çox ciddi fəaliyyət göstərəcək. Yaxın zamanlarda həm ticarət dövriyyəsinin artırılması, eyni zamanda, müştərək investisiya layihələri də icra edilə bilər.

Əlbəttə ki, bizim energetika sahəsində əməkdaşlığımız çox önəmlidir. Azərbaycan Cənub Qaz Dəhlizinin icrası ilə çox fəal məşğuldur, bu nəhəng layihənin təşəbbüskarı olub. Bu layihə 7 ölkəni birləşdirir, Bakıdan Avropaya qədər 3500 kilometr uzunluğunda qaz kəmərinin çəkilişini və Azərbaycanın nəhəng "Şahdəniz" yatağının işlənilməsini nəzərdə tutur. Dörd seqmentdən ibarət olan bu layihə uğurla icra edilir. Bu ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olub. İyun ayında isə biz TANAP layihəsinin açılışını qeyd etdik. Beləliklə, əminəm ki, yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək və Azərbaycan öz qaz potensialını daha da böyük həcmdə dünyaya, Avropaya təqdim edə bilər".

Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir

Prezident İlham Əliyev deyib ki, əlbəttə, Xorvatiya ilə bu sahədəki əməkdaşlıq çox önəmlidir: "Bakıda dörd il ardıcıllıqla Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının toplantıları keçirilir. Xorvatiya bu toplantılarda yüksək səviyyədə təmsil olunur. Bizim aramızda bu məsələ ilə bağlı memorandum da imzalanıb. İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılmaqdadır.
Azərbaycanın qaz ehtiyatları çox böyükdür. Təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bu, onu göstərir ki, biz qaz hasilatının artırılması ilə bağlı əlavə addımlar atacağıq və ixrac coğrafiyasını da genişləndirmək fikrindəyik".

Dövlət başçısı bildirib ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf edir: "Bu ilin iyul ayında Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında "Tərəfdaşlıq prioritetləri" sənədi imzalanmışdır. Bu, yeni Sazişin imzalanması üçün çox önəmli bir addımdır. Hazırda Avropa İttifaqı və Azərbaycan yeni Saziş üzərində işləyir. İşlər yaxşı gedir və Xorvatiya həmişə bizim Avropa İttifaqı ilə əməkdaşlığımızı dəstəkləyib və öz dəyərli töhfəsini verib. Avropa İttifaqı ilə bizim əlaqələrimiz bir çox sahələri əhatə edir, siyasi islahatlar, iqtisadi əməkdaşlıq, enerji əməkdaşlığı və nəqliyyat sahəsindəki əməkdaşlıq. Azərbaycan bu sahədə də öz töhfəsini verir.
Keçən ilin oktyabr ayında Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı olub. Bu yol nəinki Azərbaycanı Türkiyə ilə birləşdirir, Asiyanı Avropa ilə birləşdirən yeni yoldur, yeni nəqliyyat damarıdır, ən qısa yoldur. Bu yol artıq fəaliyyətdədir. Göndərilən yüklərin həcmi hər gün artır və Azərbaycan Avrasiyanın nəqliyyat xəritəsinə də öz dəyərli töhfəsini verib. Ümid edirəm ki, xorvatiyalı tərəfdaşlarımız bu yoldan da istifadə edə biləcəklər. Çünki bu, nəqliyyat və iqtisadi sahələrdə çox gözəl layihədir".

"Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək"

Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın NATO ilə əməkdaşlığı yüksək səviyyədədir: "Mənim NATO-ya çoxsaylı rəsmi səfərlərim olub. Yaxın keçmişdə Azərbaycan Əfqanıstanda "Qətiyyətli dəstək" missiyasındakı öz hərbi kontingentinin sayının artırılması ilə bağlı qərar qəbul edib. Artıq 120 azərbaycanlı hərbçi Əfqanıstanda xidmət göstərir. Eyni zamanda, "Qətiyyətli dəstək" missiyasının təmin olunması üçün Azərbaycan öz hava məkanını və nəqliyyat infrastrukturunu təqdim edib. Bu da missiyanın uğurla davam etməsi üçün çox önəmli məsələdir. Bir sözlə, həm Avroatlantik strukturlarla bizim əlaqələrimiz, həm də ikitərəfli müstəvidə aparılan işlər onu göstərir ki, Xorvatiya və Azərbaycan sözün əsl mənasında strateji tərəfdaşlardır. Bu gün xanım prezidentin qeyd etdiyi kimi, bir çox sahələrdə gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Əczaçılıq, kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma sahələrində bütün istiqamətlər üzrə, əminəm ki, yaxşı nəticələr olacaq. Müvafiq göstərişlər verildi. Əminəm ki, hökumətlərarası müştərək komissiya bütün bu göstərişləri vaxtında və yüksək səviyyədə icra edəcək. Hörmətli xanım Prezident, dəvətə və göstərilən qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Dost Xorvatiya xalqına daim tərəqqi və xoşbəxtlik arzulayıram".

"Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir"

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç isə deyib ki, Xorvatiya Azərbaycanın reallaşdırdığı qaz boru kəməri layihəsində iştirak etmək istəyir: "Biz, həmçinin iqtisadi əməkdaşlığa da toxunduq. İnanıram ki, biz bunu inkişaf etdirə bilərik. Çünki bu sahədə hazırkı vəziyyət hələ o qədər də istənilən səviyyədə deyil. Bildiyiniz kimi, iqtisadi əməkdaşlıqla bağlı Azərbaycan ilə Xorvatiya arasında qarşılıqlı komissiya öz işini aparır. İşin əsas məqsədi ikitərəfli layihələr irəli sürməkdən, onları həyata keçirməkdən ibarətdir. Biz, həmçinin Bakıda bu komissiyanın son iclasını keçirmişik və istərdik ki, növbəti sessiya yaxın zamanlarda öz işinə başlasın. Təbii ki, bu çərçivədə əczaçılıq və enerji sahəsinə xüsusi diqqət yetirməliyik. İnanıram ki, Xorvatiya digər sahələrdə də öz təcrübəsini bölüşə bilər. Bu gün biz, bu əməkdaşlığın, həmçinin əczaçılıq sahəsində də genişləndirilməsi haqqında danışdıq. Prezident bununla bağlı qeyd etdi ki, şirkətlərimiz tərəfindən Xorvatiya ilə Azərbaycan arasında birgə müəssisə təsis edilə bilər. Bunun sayəsində bizim əczaçılıq şirkətləri üçün fürsət yaranacaq ki, onlar Mərkəzi Asiya və ümumiyyətlə, Xəzər hövzəsi regionuna çıxış əldə etsinlər, o cümlədən Azərbaycanda da fəaliyyət göstərsinlər. Təbii ki, bu da bizim aramızda ticari münasibətləri də inkişaf etdirəcək". Prezident vurğulayıb ki, Xorvatiya gələcəkdə bu regionun daha inkişaf etmiş qovşağına çevriləcək: "Bunun üçün biz istərdik ki, Azərbaycanın reallaşdırdığı və bir çox ölkələrin ərazisindən keçən qaz boru kəməri layihəsində də iştirak edək. Bildiyiniz kimi, Adriatik dənizinin sahilində bu layihə çərçivəsində boru kəməri çəkilir. Biz, həmçinin Xorvatiyanın Krk adasında maye qaz terminalının tikintisində maraqlıyıq. Bu, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirəcək".

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25