2018-09-07 11:53:05   |   185 dəfə oxunub

Sosial ev gərginliyi...

Portal işləmir, işlədikdə isə artıq mənzillər seçilib

Osman Gündüz: “Sistemdə təcili olaraq, maraqlı tərəflərin iştirakı ilə geniş araşdırma aparılmalı, log fayllara baxılmalıdır"



Sosial mənzillərin satışı ilə bağlı problem bitmək bilmir. Dünən mənzillərin satışını həyata keçirən elektron sistemdə növbəti dəfə problem yaranıb. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) problemin aradan qalxdığını açıqlasa da, vətəndaşlar sistemdəki problemin həll olunmadığını deyir.

Baş verənlərə etiraz olaraq bir qrup vətəndaş MİDA-nın qarşısına toplaşaraq, yaranmış problemə aydınlıq gətirilməsini istəyiblər. MİDA rəhbərliyi tərəfindən qəbul olunan vətəndaşlara sistemdə heç bir problem olmadığı bildirilib. Ancaq vətəndaşlar bu cavabla qane olmayıblar və qurumun rəhbərliyinə rəsmi ərizə ilə müraciət ediblər.

Mövcud problemlərlə bağlı MİDA-nın "Facebook" səhifəsində də yüzlərlə şikayət yazılıb:
Razi Əhmədov:

 "Yenə də əvvəlki oyun: portal işləmir, işlədikdə isə artıq mənzillər seçilib. İşləmirsə, mənzillər necə seçilib? Şəfafflıq, ədalətlilik və bərabərlik prinsipləri pozulub".

Elvin Qasımov: "Sistemə daxil ola bilmirdik. "Not Found" yazırdı. Sonra açıldı, mənzillər qalmadı. Qaytarın bizim haqqımızı. E-gov portalı minlərə istifadəçinin daxil olması nəticəsində çökürsə, deməli, güclü hazırlanmayıb. Necə olur ki, sosial şəbəkəyə milyonlarla insan daxil olur, amma çökmürlər. Sadəcə gülməlidir".

Röyal Hüseynov: 

"Siz mənzillərin hamısını öncədən satmısınız. Səhər sistemə daxil olanların kompüterinin İP-sini sizin sistem götürdü. Saat 15:00-da lazım olmayanların sistemə daxil olması əngəlləndi".

Murad Həsənli: 

"Yalan danışırsınız. Hüquqşünas dostumla satışın təşkili barədə şikayətimizi prokurorluğa təqdim edəcəyik. Qanunvericiliyə görə, satış prosesinin bütün elektron detalları ilə tanış olmaq və ekspertiza tələb etmək hüququmuz var. Bu işin sonuna qədər gedəcəyik".

Anar Qurbanov: 

"Kənar adamları blok edib, öz tanıdıqlarına isə sistemi açıb mənzilləri onlara satdılar".

Elektron sistemdəki problemlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq"ə açıqlamasında bildirib ki, sistem çox ciddi testdən keçirildiyi və təhlükəsizlik tədbirləri görüldüyü üçün ciddi səhvlər olmamalıydı. Onun sözlərinə görə, ilkin məlumatlar göstərir ki, sistemin proqram təminatında, informasiya sistemində, portalda hansısa problemlər olmayıb: 

"Problem girişlə bağlı olub. Güman edirəm ki, problemlər sistemə girişin öncədən nizamlanmasına, hücumların qarşısının alınmasına yönəlik məhdudiyyətlərlə bağlı ola bilər. Amma hesab edirəm ki, sistemdə təcili olaraq, maraqlı tərəflərin iştirakı ilə geniş araşdırma aparılmalı, log fayllara baxılmalıdır.
Lakin MİDA keçirilən güzəştli mənzillərin onlayn satışının nəticələri haqqında ətraflı məlumatı indiyədək açıqlamayıb. Kifayət qədər ciddi suallar var. Sualların bir hissəsini biz də təqdim etmişik. Nə üçün vətəndaş seçim edə bilməyib, nə üçün sistemə daxil ola bilməyib, bütün hazırlıq proseslərindən sonra nə üçün yenidən yüklənmələr olub və s .

Onlayn satışın bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə real vaxtda vahid monitordan izləndiyini nəzərə alsaq, mənzillərin qabaqcadan bilərəkdən kiməsə satılması, kimin üçünsə üstün şərait yaradılması ilə bağlı iddialar mənə inandırıcı gəlmir və bunları istisna edirəm.

Bununla belə, düşünürəm ki, qeyd olunan suallar cavablandırılmadan, ətraflı, ağlabatan izahatlar olmadan MİDA-nın onlayn satışının ədalətli və şəffaf keçirilməsi sual altında qala bilər.
Bir daha təklif etmək istərdik ki, MİDA onlayn satış prosesinin bütün log fayllarını əlaqəli qurumların, müstəqil ekspertlərin və sistemin auditini qabaqcadan testdən keçirən beynəlxalq qurumun da iştirakı ilə analiz etməli və nəticələri mütləq açıqlamalıdır. "Güzəştli mənzil"lərə iddiaçı olan 9 min vətəndaş, elə biz və bütövlükdə cəmiyyət bu sualların cavabını gözləyir.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu prosesdə "eGov" Portalına girişlə bağlı, elektron imzalardan istifadə ilə bağlı hər hansı problem yaranmayıb. Düşünürəm ki, elektron hökumət quruculuğuna cavabdeh qurum olan VXSİ Dövlət Agentliyinin və digər əlaqəli qurumların da öz səlahiyyətləri çərçivəsində sonuncu onlayn satışın yekunları ilə bağlı rəsmi açıqlama verməsi doğru olardı".

Yeganə Bayramova








SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20