2018-09-07 11:55:04   |   157 dəfə oxunub

Kartofun qiymətinin 70-80 qəpik səviyyəsində olması normaldır




Azərbaycana idxal edilən kartof üçün idxal gömrük rüsumu iki dəfə artırılıb. Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nə müvafiq dəyişiklik edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən idxal gömrük rüsumu kartofun gömrük dəyərinin 30 faizi həcmində olacaq. Bundan əvvəl kartof üçün idxal gömrük rüsumu 15 faiz olub. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir və 2018-ci il oktyabrın 31-dək qüvvədədir.

Qeyd edək ki, idxal gömrük rüsumunun artımı toxumluq kartofu əhatə etmir. Bu qərar istehlak məqsədi ilə yanvarın 1-dən iyunun 30-dək ölkəyə idxal edilən təzə və ilin digər aylarında idxal edilən kartofu əhatə edir.

Azərbaycan idxaldan asılı ölkədir. Bir sıra məhsullar, o cümlədən kənd təsərrüfatı sahələri üzrə istehsal səviyyəsinin artırılması potensialı olsa da, hələ ki, idxaldan asılılıq səviyyəsində dəyişiklik nəzərə çarpmır. Bəs, ölkəmizdə əsas tələbat mallarından olan kartofun idxal rüsumunun artırılması nəylə nəticələnə bilər?

Rəqabətin azalması bahalaşma ilə nəticələnməsin deyə, hansı addımlar atılmalıdır?

Kartofun qiymət məsələsi ilə bağlı spekulativ söyləntiləri şərh edən iqtisadçı-ekspert Cəfər İbrahimlinin sözlərinə görə, heç bir hökumət mal və xidmətlərin süni surətdə qiymətinin yüksəldilməsi yönündə stimullaşdırıcı qərar almaz. Bu sadəcə tənzimləmə funksiyasından və yerli istehsalın davamlılığını təmin etmə məqsədi güdə bilər: 

"Heç kimə sirr deyil ki, qeyd etdiyimiz üç ölkədə ciddi kartof istehsalı var və son illərdir manatın dəyərli olması fonunda bu ölkələrdən ciddi miqdarda kartof idxal olunurdu və yerli istehsal boğulmuş vəziyyətdə idi. Son məzənnə dəyişikliyindən sonra cari ildə ölkədə 59000 hektar sahədə kartof əkilib və bu günlərdə məhsulun hasat dönəmi bitmək üzrədir. Artıq hökumətin əlində cari istehsal və stok haqqında dəqiq məlumatların olduğu məlumdur. 

Ölkədə orta hesabla hektardan 10 ton kartof toplandığını nəzərə alsaq, bu təxminən 590-600 min ton təşkil edir ki, bu da ölkənin 500 min ton olan daxili tələbatını qarşılamaq imkanındadır. Dolayısı ilə iqtisadiyyatın təməl qaydalarına görə təklif artıqlığı varsa, ölkədə minlərlə kartof istehsal edən fermer təsərrüfatları, toptancı və pərakəndəçi subyektləri mövcuddursa, "süni qiymət artımı" olacağı inandırıcı deyil".

C.İbrahimli deyib ki, bu məhsulu min bir əziyyətlə əkib-becərən fermerləri də düşünmək olardı. Hazırkı məhsuldarlıq vəziyyətinə görə 1kq kartofun becərilməsinin maya dəyərinin 25-30 qəpik olduğunu, saxlanma və nəqliyyat xərclərini, fermer topdançı və pərakəndəçilərində gəlir əldə etmək haqları olduğunu nəzərə alsaq, kartof qiymətinin ən az 70-80 qəpik səviyyəsində olması həm istehsalçıların, həm də istehlakçıların uzun müddətdə yararına olacağını söyləməyə əsas verir.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-25