2018-09-07 12:39:07   |   1188 dəfə oxunub

Kitablar yaşayacaq...

Bakı Kitab Mərkəzinin açılması ictimaiyyət tərəfindən paytaxtımızın mədəni həyatında yaddaqalan hadisələrdən biri kimi dəyərləndirilir

Bakı Kitab Mərkəzi Azərbaycan yazıçılarının, şairlərinin zəifləmiş imicini özünə qaytaracaq


İctimaiyyət üzvləri, ziyalılar dəfələrlə Azərbaycanda kitaba marağın azalmasından şikayətlənib. Bunun əsas səbəbi kimi internetin geniş yayılması, elektron kitabları əldə etməyin daha asan olduğu göstərilir. Təbii ki, kitab oxumaq vərdişindən əl çəkməyənlər də az deyil. Onlar isə ölkədə kitabxanaların və kitab mağazalarının sayının az olmasını qabardıb, bu problemin həllinə diqqət çəkirlər. 

Sevindirici haldır ki, son vaxtlar Azərbaycanın həm payxatında, həm də regionlarında müasir tipli kitab evlərinin, kitab mərkəzlərinin açılması prosesinə şahidlik edirik. Bu prosesdə Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd etmək lazımdır. Fondun təşəbbüsü ilə bu yaxınlarda açılan Bakı Kitab Mərkəzi də sahədə görülən işlərin tərkibinə daxildir. Paytaxt Bakıda belə bir məkanın fəaliyyətə başlaması kitabsevərlərin ürəyincə olub. İlk gündən müşahidə olunan maraq və oxucu axını belə deməyə əsas verir.

Bakı Kitab Mərkəzinin açılması ictimaiyyət tərəfindən paytaxtımızın mədəni həyatında yaddaqalan hadisələrdən biri kimi dəyərləndirilir.


Bir neçə gün əvvəl oxucuların ixtiyarına verilən Mərkəz qapıları səhər saat 10:00-dan axşam saat 22:00-dək kitabsevərlərin üzünə açıq olacaq.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan mərkəz kitabsevərlərə ən müasir imkanları təqdim edir. Mərkəzdə kitabsevərlərin asudə vaxtlarını xoş keçirə bilmələri üçün hər cür şərait yaradılıb. Mərkəzin 3 dildə saytı da fəaliyyət göstərəcək. Oxucular internet səhifəsi üzərindən kitab sifariş edə biləcəklər.

Bu kitab mərkəzinin yaxın xarici ölkələrdə, hətta Avropada belə analoqu yoxdur

Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayevanın sözlərinə görə, Mərkəzin yaradılması ideyası Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məxsusdur.

Bu kitab mərkəzinin yaxın xarici ölkələrdə, hətta Avropada belə analoqu olmadığını deyən G.Rzayevanın sözlərinə görə, Bakının qədim binalarından birində yerləşən bu mərkəz həm şəhər sakinlərinin, həm də xarici qonaqların diqqət mərkəzindədir: "Bakı Kitab Mərkəzində 40 minə yaxın kitab var. Mərkəzə giriş və kitabları oxumaq pulsuzdur. Hazırda Mərkəzdə xarici dillərdə olan çox sayda kitablar var. İstərdik ki, Mərkəzin qonaqları kitab oxumaq mədəniyyətinə və səliqəsinə riayət etsinlər".

Ekspertlər də hesab edir ki, Heydər Əliyev Fondu tərəfindən yaradılan Bakı Kitab Mərkəzi oxucuların yenidən kitaba qaytarılmasında mühüm rol oynayacaq. Ekspertlər bildirir ki, son zamanlar ölkəmizin müxtəlif yerlərində, o cümlədən də Bakıda kitab mağazalarının, kitab evlərinin və kitab mərkəzlərinin açılmasına Heydər Əliyev Fondunun ciddi dəstək verməsi, bu təşəbbüslərin önündə getməsi təqdirəlayiq haldır. Onların fikrincə, BKM-də oxucular üçün hər cür şəraitin yaradılması müsbət haldır və bu Mərkəzin böyük bir maarifçilik funksiyasını yerinə yetirməsinin əsas göstəricisidir.

İçəridə oxucu üçün bütün şərait qurulub, azyaşlı uşaqlar üçün ayrıca guşə yaradılıb

"Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Bakı Kitab Mərkəzinin ictimaiyyət üçün açılış mərasimi ilə bağlı təəssüratında yazıb: "Mən çox kitab yarmarkalarında iştirak etmişəm, hansı ölkəyə getsəm mütləq kitab dükanlarına baş çəkirəm, belə gözəl, geniş, yaraşıqlı, işıqlı, havalı, kitab dükanı görməmişəm.

Döşəmə, divarlar, tavan, istifadə olunan rənglər, materiallar; bütün bunların ahəngi adamı Bakının keçmişinə aparır - sirli və möcüzəli bir məkana. Bu sirli, tarixi binanın müasir kitabın ixtiyarına verilməsi mənə görə son illərin ən əlamətdar hadisəsidir. İçəridə oxucu üçün bütün şərait qurulub, azyaşlı uşaqlar üçün ayrıca guşə yaradılıb; kitabxana xidməti - yerindəcə kitab götürüb oxumaq olar; kompüter və internet xidməti pulsuzdur - ayrıca masalarda kompüterlər oxucuların istifadəsində olacaq. Eləcə də çay və kofe məkanı. 

Kitab müzakirələri, təqdimatları keçirmək üçün də əla şərait yaradılıb.
İnanıram ki, bu mərkəz Azərbaycan kitab mədəniyyətinin inkişafına yeni mərhələ olacaq. Bu əvəzsiz töhfədən gələcək nəsillər layiqincə faydalana biləcək. Buraxdığımız kitabların oxucuya təqdimatında biz naşirlərə də böyük dəstək olacaq". Kitab mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə ürəkdən təşəkkür və təbriklərini çatdıran Ş.Xuduoğlu ümid edir ki, Günel xanımın açılışla bağlı yaşadığı həyəcan həm də cəmiyyətimizin kitaba biganəliyi ilə bağlı bir təbilidir: "Bir daha naşirləri, kitabçıları, yazarları ürəkdən təbrik edirəm".

Jurnalist Dilqəm Əhməd Bakı Kitab Mərkəzinin açılmasını birmənalı dəstəkləyir və sevinir ki, artıq paytaxtımızda da kitab istirahət mərkəzi var: "Dəbdəbəli, yüksək zövqlə hazırlanmış bu mərkəz kitaba olan marağı və kitab bazarındakı rəqabəti oxucuların xeyrinə artıracaq. Necə ki, mən ilk dəfə oranı ziyarət edəndə oxucuların necə maraqla gəzməsini, fotolar çəkdirməsini gördüm. Bəyənmədiyim tərəflərinə gəldikdə, əlbəttə ki, mən kitab kolleksioneri olaraq özümə bir kitab almadım. Çünki oradakı kitablar zatən başqa mağazalarda olan kitablar idi və kitab çeşidində heç bir fərqlilik görmədim. Məncə, mağaza rəhbərliyi mağazanın genişliyini nəzərə alıb ölkədəki bütün nəşriyyatlarla əməkdaşlıq etməlidir. Bizdə bəzən kitablar nəşr olunur, amma heç bir mağazadan tapmaq mümkün olmur. Sanki bu kitablar heç çıxmayıb. Bu baxımdan bunun nəzərə alınmasını arzu edirəm".

Paytaxtımızda Moskvada yerləşən "Moskva Kitab Evi" kimi bir mağazanın olmasını arzu edirəm

Kolleksioner Ruslan Rəhimov da ölkədə kitab mağazalarının artmasını sevindirici hal hesab edir: "Bakı Kitab Mərkəzini də bir dostumla birlikdə gəzdim. Kitablardan çox insanların burda şəkil çəkdirməsi diqqətimi çəkdi. Sözün düzü, ümumi olaraq gözləntilərimi qarşılamadı. Bu mənim subyektiv fikrimdir. Mən paytaxtımızda Moskvada yerləşən "Moskva Kitab Evi" kimi bir mağazanın olmasını arzu edirəm. Bütün kitabların mövzulara görə ayrıldığı və kompakt şəkildə yığıldığı bir mağaza daha məqsədəuyğundur mənim üçün. Bakı Kitab Mərkəzi isə görünüşcə cazib, məkan olaraq isə geniş olsa da, mənim marağımı cəlb etmədi. Amma bütün hallarda kitab mağazası açılmasını alqışlayıram və dəstəkləyirəm".

Şair Fərid Hüseyn:

- Bakı Kitab Mərkəzi çox gözəl qurulub . Heydər Əliyev Fondunun bu cür elitar, zövq aşılayan işlərinin davamı hesab edirəm bu layihəni də. Dünən baş çəkdim, kitablara baxdım, çox gözəldi. Dünən gördüyüm mənzərəyə əsasən deyim ki, Mərkəzdə xeyli oxucu, alıcı, ziyarətçi gördüm. Uğurlar arzu edirəm.

Bu mərkəz bütün kitabsevərlərin, ədəbiyyat adamlarının görüş yeri olacaq

Tənqidçi Əsəd Cahangir Bakı Kitab Mərkəzinin yaradılmasını Azərbaycan ədəbiyyatı və cəmiyyəti üçün kifayət qədər faydalı iş hesab edir. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun dəstəyi, təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzi cəmiyyətimizdə oxu mədəniyyətinin formalaşmasında mühüm rol oynacaq.

Ə.Cahangir bu gözəl təşəbbüsün həyata keçirilməsinə görə Heydər Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya bütün ədəbiyyat adamları, oxucular və yazıçılar adından minnətdarlığını bildirib.

 Bizim qələm dostumuz Günel xanım Rzayevanı isə bu Mərkəzin direktoru vəzifəsinə təyin edilməsi məqsədilə ürəkdən təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Bakı Kitab Mərkəzindən gözləntilərinin böyük olduğunu qeyd edən təndiqçi hesab edir ki, marketinq sisteminə keçidlə əlaqədar mədəniyyət və ədəbiyyat sahələrinin diqqətdən kənar qalması təhlükəsi vardı. Bəllidir ki, marketinq sahəsinin hökmranlıq etdiyi bir cəmiyyətdə dövlət dəstəyi olmadan ədəbiyyatın mövcud olması real deyil. Kitabın qorunması məqsədilə belə bir Mərkəzin yaradılması alqışalayiqdir.

( .6)

Bu bir növ muğamın qorunması üçün Muğam Mərkəzi yaradılıb, müntəzəm olaraq muğam festivallarının keçirilməsi, yaradıcılıq təşkilatlarına pul ayrılması kimi bir şeydir.

Kitabı müqəddəs hesab edən Ə.Cahangirin sözlərinə görə, ilk kitabın müəllifi məhz Tanrının özüdür: "Kitab mədəniyyət, əxlaq, tərbiyə, tarixdir. Kitaba olan qayğı eyni zamanda tarixə, mədəniyyətə, ziyalıya olan qayğıdır. Maksim Qorkinin də dediyi kimi, "Mən özümdə olan bütün gözəl cəhətlərə görə kitaba borcluyam". Bakı Kitab Mərkəzinin ən üstün cəhətlərindən biri də odur ki, orada bir neçə dildə kitab əldə etmək mümkün olacaq. Eyni zamanda, görkəmli yazıçıların, şairlərin oxucularla görüşü, imza günləri keçiriləcək. Orada mütaliə guşələrinin, həmçinin fiziki şəxslərin kitabxanaya gəlməsi, rahat hərəkət etməsi üçün imkanların yaradılması da müsbət ideyadır. Düşünürəm ki, bu mərkəz bütün kitabsevərlərin, ədəbiyyat adamlarının görüş yeri olacaq. Bütün bu üstünlüklər isə insanların kitaba olan marağını artıracaq. Asudə vaxtını kafelərdə, klublarda keçirən gənclər bundan sonra Kitab Mərkəzində görüşəcəklər".

Bakı Kitab Mərkəzi Azərbaycan yazıçılarının, şairlərinin zəifləmiş imicini özünə qaytaracaq. İnsanların gözündə onların hörməti, diqqəti artacaq. Bu məkan bir növ qələm adamları ilə oxucuların ünsiyyət mərkəzinə çevriləcək. Bu mənada Kitab Mərkəzinin yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Şəxsən mən bu Mərkəzin daimi ziyarətçilərindən biri olacam.

Bakı şəhərində və regionlarda yeni kitab mərkəzlərinin yaradılmasına çox böyük ehtiyac olduğunu vurğulayan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov deyib ki, sovetlər dağıldıqdan və ölkəmiz müstəqillik əldə etdikdən sonra kitab mağazalarının sayı azalmağa başladı. Bunlar da oxucu auditoriyasının itirilməsinə gətirib çıxarıb: 

"Şükürlər olsun ki, artıq oxucuların kitaba qaytarılması prosesinə başlanıb. Oxucuların kitaba qaytarılması işinə Heydər Əliyev Fondunun rəhbərlik etməsi çox təqdirəlayiq haldır. Bakı Kitab Mərkəzinin yaradılması əslində Heydər Əliyev Fondunun cəmiyyətə bir mesajıdır. Mən çox istərdim ki, iş adamları Bakının müxtəlif yerlərində kitab evləri tiksinlər və o kitab evlərində respublikada çap olunan kitablar təqdim edilsin, oxucular o kitabları alıb evlərinə aparsınlar, oxuyub kitab rəflərinə yığsınlar. Hətta o kitab evlərinin özündə oxu zalları yaradılsın, insanlar o oxu zallarında kitabları oxuyub maariflənsinlər. 

Bakı Kitab Mərkəzinin yaradılması, açılması oxucuların kitaba qaytarılmasında, yeni nəsil oxucularında kitab oxu mədəniyyətinin formalaşdırılmasında olduqca böyük bir hadisədir. Bu mərkəzdə həm respublikada, həm xaricdə çap olunan müxtəlif profilli, məzmunlu kitabların, albomların, eləcə də digər çap vəsaitlərinin yer alması oxucuların qarşısında yeni oxu mənzərəsi açacaq. Burada elmi, hüquqi, siyasi, iqtisadi və s. kitabların özünə yer alması bir daha oxucu auditoriyasını toplamaq deməkdir".

B.Xəlilovun sözlərinə görə, bu mərkəz bizim bir oxucu kimi həyatımızda mühüm rol oynayacaq: 

"Hesab edirəm ki, bu, nümunəvi bir işdir, mədəni-mənəvi mühitimizin, insanların mənəvi aləminin zənginləşməsi üçün çox əhəmiyyətli rol oynayacaq. Özü də bu Mərkəz Bakının mərkəzi hissəsində açılıb. Bu mərkəz insanlarda kitaba məhəbbəti daha da artıracaq".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21