2018-09-07 13:13:17   |   367 dəfə oxunub

"Evdə həkim yox övladıma qardaş oluram"

Aynurə Hidayətqızı: “Valideynlərin bu gün yol verdiyi səhvlər övladlarının həyatını bədbəxt edəcək"

"Ginekoloq olardım bəlkə də, amma hamilə qadınların qayınanaları ilə ünsiyyətdə olmamaq üçün bu sahədən də imtina elədim"



Həkim-radioloq Aynurə Hidayətqızının 37 yaşı tamam oldu. O, 6 sentyabr 1981-ci il tarixində Bakı şəhərində anadan olub. Həm ad günü münasibətilə təbrik etmək, həm də Azərbaycanın səhiyyə sistemi ilə bağlı dəyərləndirmə aparmaq, insanları narahat edən xəstəliklər barəsində danışmaq üçün həkimin çalışdığı məkana gedib, həkimlə xeyli söhbətləşdik. Elə klinikanın dəhlizindəcə bizi xoş üzlə qarşılayan Aynurə xanım bizi çay süfrəsinə qonaq etməklə yanaşı, eyni məmnunluqla da suallarımızı cavablandırdı:

- 191 saylı orta məktəbi bitirdikdən sonra, təhsilini "Zəkalar" liseyində davam etdirib. Həkimlik ixtisasını öz istəyi ilə seçmədiyini xüsusi qeyd edən A.Hidayətqızı bütün uşaqlar kimi həkimlərdən qorxduğunu deyib: "Ağlıma belə gəlməzdi ki, həkim olacam. Ən böyük arzum Prezidentin şəxsi tərcüməçisi olmaq idi. Amma anamın təkidi ilə bu ixtisası seçməli oldum. Yeni doğulan gün anam başıma həkim papağı qoymuş, elə xəstəxanada həkimlər göz rəngim qarışıq olduğu üçün papağın mənə yaraşdığını və anama qızın da bizim davamçımız olsun deyiblər. 

Anamın arzusunun arxasınca getsəm də, universitet illərində yavaş- yavaş həkimliyi sevməyə başladım. Xarici dilləri mükəmməl səviyyədə bildiyim üçün həkimliyə alışa bilməsəm, yəqin ki, tərcümə ilə məşğul olardım. Nitqimin səlis olması da buna imkan verir, çünki bizim uşaqlığımızda internet, telefon yox idi. Asudə vaxtlarımızın çox hissəsi kitabxanalarda keçirdi. Ədəbiyyata marağım böyük idi. 

Dəfələrlə olub ki, şairlərin yubiley gecəsində şeir demişəm. Eyni zamanda "Xəzər" Rəqs ansamblının tələbəsi olmuşam. Hətta bir müddət uşaqların rəqs hazırlığı ilə də məşğul olmuşam. Bir həkim kimi yetişməyimdə isə professor-travmatoloq Eldar Abbasovun rolu çoxdur. Bu gün bir həkim kimi başıdik gəzə bilirəmsə, buna görə ona minnətdaram. ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ümumi cərrahiyyə kafedrasının dosenti Cümşüd Cümşüdovun da üzərimdə böyük haqqı var. Məni ultrasəs müayinə mütəxəssis kimi Cümşüd müəllim yetişdirib.

- Savadlı həkim olduğunuzu deyirsiniz, buna görə həmkarlarınız, xəstələriniz sizi özündən razı həkim kimi tanımır?

- Mən özümdən yox, savadımdan razıyam və bəli, hər zaman da bu özgüvənliyimin üstündə dayanıram. Bəlkə də simamda özgüvənlik görünüşü ola bilər, amma mənə yaxın olan insanlar, pasiyentlərim bilir ki, həddindən artıq sadə və ünsiyyətcil insanam. Mənim üçün gördüyüm işin keyfiyyəti hər şeydən daha önəmlidir. Bəzi həkimlər kimi açıq-saçıq geyimim, reklam xarakterli açıqlamalarımla özümə pasiyent yığmıram. İşimə ürəkdən bağlıyam, hətta həmişə deyirəm ki, UZİ aparatının qarşısında oturub, əlimdə datçik (qarın boşluğu, qinekoloji, hamiləlik müayinələri üçün) tutmasam ürəyim partlayar. Amma cəmiyyətimiz o qədər korlanıb ki, mən uşaqlarıma düzgün tərbiyə vermək üçün həkimliyi ikinci plana atmalı oluram. Hətta bəzən öz geyimimi belə onlara uyğunlaşdırıram ki, ətraf mühitdən təsirlənməsin. Onlarla gəzməyə gedirəm, söhbət edirəm, oyunlar oynayıram ki, məndən uzaq olmasınlar. Qarşılaşdıqları ən cüzi problemi belə mənlə bölüşsünlər. Məni özlərinə dost hesab etsinlər ki, bir valideyn olaraq mənə ehtiyacları olanda onlara kömək edə bilim.

- Aktual məsələyə toxundunuz. Son vaxtlar valideyn məsuliyyətsizliyi ilə bağlı çoxsaylı etirazlar olur. Azyaşlı uşaqların içkiyə, narkotikaya aludəçiliyində ictimaiyyət onların ana-ata qayğısından məhrum olmasını xüsusi vurğulayır. Sizcə, tərbiyəsiz uşağa görə valideyn məsuliyyət daşımalıdır?

- Əlbəttə, indiki uşaqların gələcəyi məni çox narahat edir. Bəzi valideynlərin bu gün yol verdiyi səhvlər gələcəkdə onların övladlarının həyatını bədbəxt edəcək. Mən bu cəmiyyətdə övlad böyütməkdən çox qorxuram, daim onları qoruyuram. Fikir verirsinizə, imtahanda keçid balını yığa bilməyən abituriyentlər intihar edir. Onların bu həyatdan əlini üzməsinə səbəb valideyn təzyiqidir. Bütün valideynlər uşaqlarla bağlı yaşanan bədbəxt hadisələrdən nəticə çıxarmalıdır. Analar övladları ilə dost olmağı bacarmalıdır. Övladının qarşısına alternativ seçimlər qoymalıdır ki, imtahandan kəsilən uşağın yaşamağa səbəbi olsun. Əziz analar, sosial şəbəkələrdən daha çox uşaqlarınıza vaxt ayırın. Onların zövqləri, arzuları, dostları ilə maraqlanın. Bütün günü vatsapda yazışan insanların başı o qədər qarışır ki, övladının hara getdiyindən, kimlərlə oturub-durduğundan xəbəri belə olmur. Şəxsən mən sosial şəbəkələrdən iş üçün istifadə edirəm. İşdən kənar vaxtlarımı isə ancaq oğlanlarıma həsr edirəm. Çünki onların gələcəyi mənim üçün hansısa qohumun gəlini ilə, qonşunun əri ilə olan davasından daha önəmlidir.

Bəzən bu iradlarıma görə çalışdığım kollektivdə və ya qohumlar arasında məndən inciyənlər də olur. Bir dəfə mühüm bir məsələ ilə bağlı mediaya açıqlama vermişdim. Evimdə çörək kəsən qonşum "comment" yazıb, məni ironiya edib: 

"Guya bu kimdi ki". Mən onlar kimi biri deyiləm deyə, qəbul edə bilmirəm. Amma buna görə onlardan yox, özümdən inciyirəm ki, evimə gəlib-gedən insanları tanıya bilməmişəm. Amma vaxtı ilə etdiyim səhvləri indi eləmirəm. Böyüdükcə insanların iç üzünü daha yaxşı tanımağa başlayıram. Çalışdığım kollektivdə kimdənsə incisəm də, həmişə salam yeri qoymuşam. Bu da mənim xarakterimdən irəli gələn bir şeydir. Çünki ailəmdən belə görmüşəm, belə böyümüşəm.

Soyadım Muradova olduğuna rəğmən özümü Hidayətqızı kimi təqdim etmək xoşuma gəlir. Ona görə ki, atam məni halal çörəklə böyüdüb, oxudub. Elə bir atanın qızı olduğum üçün də adını imza götürməyi özümə borc bildim. Bir dəfə tələbə yoldaşımın ad gününə getmək istəyirdim, ailəm icazə vermədi. Buna görə ata-anamdan incidim də. Amma indi görürəm ki, onlar haqlı olub. Sən demə, həmin məclisdə ad günü olan qrup yoldaşım digər uşaqların meyvə şirəsinə uyuşdurucu dərman qatıb. İş prokurorluğa qədər gedib çıxmışdı. Nə yaxşı ki, ailəm bunu vaxtında hiss edib məni o biabırçılıqdan uzaq tutub. Deməyim odur ki, uşağın tərbiyəsiz olması, pis yola düşməsinə səbəb valideyn səhlənkarlığıdır. Valideyn uşaqlarına düzü-əyridən seçməyi öyrətməlidir. Əks halda özünəqapanan uşaqlar yad təsirlərə tez düşür. Analar uşaqlarına məktəbdə, küçədə tanımadığı insanlarla ünsiyyətdə olmamağı tövsiyə etməlidir. Əgər kimsə onlara yaxınlaşsa, suallar versə, dərhal valideynlərini məlumatlandırmalıdır.



- Radiologiya sahəsində sizi cəlb edən nə oldu? Hərdən gənclər daxili orqanlara toxunmaqdan çəkinir deyə, ümumiyyətlə həkim olmaq istəmir. Bəlkə siz də bu səbəbdən aparatda oturmağa üstünlük vermisiniz?

- Xeyr. Sualınıza keçməzdən əvvəl tələbəlik illərimdən yadımda qalan bir xatirə danışacam sizə. Universitetə təzə qəbul olduğum vaxtlarda anatomiya müəllimimiz əlində ölmüş insanın daxili orqanları ilə auditoriyaya girdi və bizə müraciət etdi ki, kim əlcəksiz bu orqanlara toxuna bilirsə, ondan həkim çıxacaq. Ayağa qalxdım ki, mən toxuna bilərəm. Qabağa gəldim və əlcəyimi çıxarıb, ekspertiza üçün ölüdən götürülən daxili orqanları əlimə aldım. Radioloq olsam da, bəzən cərrahla bərabər diaqnoz qoyduğum xəstələrin əməliyyatında iştirak edirəm. Cərrahların iş rejimi çətin olsa da, onların iş əmsalı bizim qoyduğumuz diaqnozdan asılıdır. Ölüm hadisələrinə şahid olmamaq üçün cərrahiyyəni seçmədim. Ginekoloq olardım bəlkə də, amma hamilə qadınların qayınanaları ilə ünsiyyətdə olmamaq üçün bu sahədən də imtina elədim. UZİ aparatının şüaları səhhətim üçün ziyanlı olsa da, mənim üçün bu sahə daha rahatdır.

- Səhiyyəmizin durumu ilə bağlı çoxlu narazılıqlar var. Həkim səhlənkarlığı, savadsızlıq, ana və uşaq ölümləri və s.

- Səhiyyəmizin durumu və bu sahədəki narazılıqlarla bağlı danışmaq istəmirəm. Bu mövzu ilə bağlı çox danışmışam, yenidən qayıtmaq istəmirəm. Bir onu deyə bilərəm ki, öz işinin peşəkarı olan, vicdanlı həkimlərimiz var. Mənə müraciət edən imkansız xəstələrin müalicəsi üçün mənə yaxın olan həkimlərə müraciət edib, onların pulsuz və ya aşağı qiymətlərlə müalicəsinə nail ola bilirəmsə, deməli, yaxşı həkimlər var. Əgər bir-iki həkim xəstələrə qarşı vicdansızlıq, səhlənkarlıq edirsə, bunu bütün səhiyyənin ayağına yazmaq düzgün deyil. O həkimlərin xəstələrlə insaniyyətdən uzaq rəftarlarına bir həkim olaraq mən də üzülürəm.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-25