2018-09-07 15:47:50   |   238 dəfə oxunub

Bloklanmış saytlara necə daxil olurlar və bu, qanunsuzdurmu ? - İZAH



"Azərbaycan hüquqi dövlət olduğuna görə, informasiya saytları tam azad şəkildə fəaliyyət göstərir. Halbuki jurnalistikaya, media prinsiplərinə aidiyyəti olmayan saytlar da var. Milli mənəvi dəyərlərimizə, dövlətçiliyimizə, milli təhlükəsizliyə zidd addımlar atan saytların fəaliyyəti son məcburiyyət olaraq, dayandırılır”.

Bu sözləri "Sherg.az”a istifadəçilərin ölkə ərazisində bloklanan informasiya portallarına müxtəlif vasitələrlə giriş əldə etməsindən danışarkən internet-media eksperti Səbuhi Abbasov söyləyib.

Onun sözlərinə görə, saytlara bir neçə dəfə xəbərdarlıq edildikdən, müvafiq nöqsanlar ortaya qoyulduqdan sonra tədbir görülür:

"Əvvəlki prosedurlara görə, məhkəməyə müraciət edilir, qərar qəbul olunduqdan sonra saytla bağlı tədbirlər görülürdü. Hazırda isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həmçinin bir çox güc strukturlarının səlahiyyəti var ki, ölkəmiz, millətimiz, dövlətimiz üçün müəyyən strateji məqamları diqqətə almayan informasiya partnyorlarını aradan qaldırsın. Hansı metoddan istifadə olunması önəmli deyil. Əsas məsələ milli təhlükəsizliyə zidd olan proseslərin dayandırılmasıdır.

Qanunsuz əməllərlə bağlı dindirməyə aparılan şəxslərin çoxu heç jurnalist də deyil. Ona görə, həmin şəxslərin informasiya portallarının bloklanması, fəaliyyətinin məhdudlaşdırılması jurnalistika ilə əlaqədar olmur”.

S.Abbasov onu da qeyd edib ki, bloklanma prosesini siyasiləşdirmək obyektiv deyil:

"Əslində burada siyasi məqam yoxdur. Milli və strateji məqamlara toxunan hallar olduqda vurğulanan addımlar atılır. Bu yaxınlarda pornoqrafik saytların bloklanması ilə bağlı qərar verildi. Qərar Prezident İlham Əliyevin müvafiq sahə ilə bağlı son sərəncamından irəli gəlir. Sərəncamda belə maddə var ki, azyaşlıların formalaşmasında müsbət rol oynayacaq informasiya siyasəti aparılmalıdır. Pornoqrafik saytlar bu informasiya siyasətinə uyğun olmadığına görə, Rabitə Nazirliyinin həmin saytları bloklamağa tam səlahiyyəti çatır.

Vurğuladığım kimi, bloklanan saytların idarəçilərinə əvvəl şifahi, yazılı, sonradan isə prokurorluğa çağırılmaqla xəbərdarlıq edilir. Bəzi media qurumları dövlətin güc strukturlarına bəlli olan mənbələrdən aldıqları maliyyənin hesabına sifarişlər icra etməkdən yayınmırlar. Bütün xəbərdarlıqlara məhəl qoymadıqlarına görə, "informasiya portalları" qanunun səlahiyyəti ilə bloklanır”.

"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə vətəndaşların informasiya əldə etmək hüquqlarını xatırladıb. Onun sözlərinə görə, insanlar qanunvericilikdə qadağan edilməyən vasitələrdən istifadə edərək, informasiya ala bilərlər:

"Vətəndaşlar internetdən informasiyanın əldə edilməsi üçün müxtəlif texnologiyalardan istifadə edə bilərlər. Bloklanmış saytlara giriş qanunsuz deyil. Sadəcə, qanunla qadağan edilməyən vasitələrdən istifadə etmək lazımdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-26