2018-09-07 18:18:03   |   179 dəfə oxunub

"Türkiyə-İran və Rusiya üçbucağı yeni güc mərkəzindən xəbər verir" - Analitik



"İdiblə bağlı Türkiyə və Rusiya ortaq məxrəcə gələ bilmir. Ankara Astana formatını tərk edəcəyi ilə hədələyir, Moskva İdlibi vurmaqda davam edəcəyini söyləyir”.

Bunu "Sherg.az”a İranın paytaxtı Tehranda keçirilən İran, Türkiyə və Rusiya prezidentlərinin zirvə görüşü haqqında danışarkən "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin rəhbəri, analitik Azər Rəşidoğlu deyib. 

Onun fikrincə, bu sammit bölgə üçün önəmlidir:

"Çünki regionun ən iri dövlətləri öz siyasi təhlükəsizliklərini, iqtisadi maraqlarını qorumaq, bu gün bölgədə cərəyan edən qlobal siyasi proseslərdən itkisiz çıxmaq üçün cəhd göstərirlər. Rusiya Yaxın Şərqdə və Xəzər dənizi ətrafında öz təhlükəsizlik zolağını formalaşdırmaq istəyir. Rusiya Xəzər dənizini öz təsir sferasında hesab edir və kənar qüvvələrin bura müdaxiləsini arzulamır. Rusiya Amerikanın təsir dairəsinə düşmüş Yaxın Şərqə nüfuz edərək bölgədə öz nüfuzunu bərpa etməyə çalışır. ABŞ isə Slavyan birliyinin əsas ölkəsi sayılan Ukraynada söz sahibinə çevrilmək istəyir. Rusiya bundan istifadə edərək Şərqi Ukraynanı ayırır, Krımı, Luqansk və Donetsk üzərində nəzarəti ələ keçirir. Bütün bu qarşıdurmalardan əziyyət çəkən isə kiçik ölkələr olur. Çünki kiçik ölkələrin qarşısında ya ABŞ-ın, ya da Rusiyanın yanında yer almaq tələbi qoyulur. ABŞ-ın yanında yer alan ölkə Rusiya tərəfindən, Rusiyanın yanında yer alan ölkə isə ABŞ tərəfindən sıxışdırılır. Onu da nəzərə alaq ki, dünyada yeni bloklar formalaşdırılır. Artıq bölgədə yeni bir üçbucağın yaranması sürətlənir. Türkiyə-İran və Rusiya üçbucağı yeni güc mərkəzindən xəbər verir. Azərbaycanın bu üçbucaqla hansısa formada əməkdaşlıq etməsi ölkəmizi xarici təhdidlərdən sığortalayır”.

Azər Rəşidoğlu hesab edir ki, regionda sözügedən formatda alyansın yaranması İranın da xeyrinədir:

"Belə ki, o, Türkiyə vasitəsilə öz neftini və qazını Avropaya çıxaracaq və böyük gəlir əldə edəcək. Bundan əlavə, İranla Türkiyənin yaxınlaşması və Rusiya ilə birlikdə ittifaq yaratması bütün müsəlman aləmində ciddi güc mənbəyinə çevrilə bilər. Bundan sonra Ərəb Ölkələri Birliyinin heç bir üzvü onların işinə qarışmağa cürət etməyəcək. İran regionda söz sahibinə çevrilə bilər. Bu da İranın iqtisadi, maliyyə, hərbi gücün artmasına gətirib çıxara bilər. Ankaranın Rusiya ilə yaxınlaşma siyasətinin davam etdirəcəyi gözlənilir. Həmin kontekstdə Yaxın Şərqdə amerikalıların həyata keçirdiyi siyasətin bir sıra detalları üzərində dayanaraq, Türkiyəyə zərər yetirəcək elementlərin olduğuna diqqət çəkilir. Əslində, Vaşinqtonun ortaya atdığı "Kürdüstan” amili də İran və Türkiyəni yaxınlaşdırır. Suriyada və bölgədə Ankara və Tehrana qarşı mübarizə aparan bir neçə radikal kürd qruplaşması da mövcuddur. Yəqin ki, burada söhbət İrana qarşı hazırlanmış planların reallaşmağa başlamasından gedir. Deməli, Tehran artıq separatçılıq təhlükəsini öz üzərində hiss etməkdədir. Bu da təbii olaraq ABŞ-ın tərtib etdiyi və Yaxın Şərqdə həyata keçirilməli olan destruktiv planlarına qarşı region dövlətləri ilə əməkdaşlığı zəruri edir”.

Türkiyənin kürd separatizmindən əziyyət çəkdiyini xatırladan politoloqun sözlərinə görə, İrandan fərqli olaraq bu ölkə uzun illərdir ki, aktiv surətdə terror məkanına çevrilib və burada əsas rolu kürd qruplaşmaları oynayır:

"İranla Türkiyə bu cür destruktiv fəaliyyətə qarşı çoxdan birləşməkdən başqa yolları qalmır. Rusiyanın həmin məsələdə İranla Türkiyənin yanında olması mümkündür. Ən azından ona görə ki, burada ABŞ-ın planlarının pozulmasından söhbət gedir. Sirr deyil ki, hazırda regionda fəaliyyət göstərən əsas terror qruplarının Vaşinqton və onun yaxın müttəfiqləri tərəfindən idarə edildiyi barədə informasiyalar yayılır. Bütün bunlar Suriya məsələsində qüvvələr nisbətinin dəyişməsindənmi xəbər verir? Bu nəticəni çıxarmağa xeyli əsas vardır. Lakin unutmaq olmaz ki, Türkiyə təhlükəsizlik və müdafiə sahəsində Qərbə çox inteqrasiya olunub. Onun tamamilə həmin sistemdən aralanması ilk növbədə özünün milli maraqlarına uyğun deyil. Çətin ki, Tehran və Moskva da Ankaradan bunu tələb etsin. Burada əsas məqam ondan ibarətdir ki, illərdir Vaşinqtonun Yaxın Şərqdə apardığı geosiyasi oyunlara son qoyulsun. Yerli xalqları bir-birinə düşmən edib, məzhəb savaşını alovlandırmaqla qlobal təhlükəsizlik üçün də ciddi təhdidlər yaradılır. Unutmaq olmaz ki, kürd separatçıları bölgənin əksər xalqları ilə düşmən vəziyyətindədirlər və bu amil isə müstəqil dövlət quruculuğuna apan yolda ən böyük əngəldir. Bu kontekstdə Rusiya, İran və Türkiyə əməkdaşlığı hər üç dövlətə faydalıdır. Eyni zamanda, Yaxın Şərq kimi böyük və əhəmiyyətli regionun təhlükəsizliyi naminə vacib addımdır. Lakin bu məsələdə də hər bir ölkə öz maraqlarından çıxış etməlidir. PKK terrorçuları ABŞ-ın dəstəyi ilə Suriyanın ən əhəmiyyətli torpaqlarına yiyələniblər. Terrorçular həmin ərazilərdə olan neft bölgələrinə nəzarət edirlər. Əgər strateji əhəmiyyətdən söhbət gedirsə, onda Suriya rejiminin ordusu İdlib əvəzinə, PKK və PYD güclərinə qarşı vuruşmalıdır. Çünki bölgə üçün ən böyük təhlükə məhz kürd terrorçulardı. Kürd terrorizmi artıq bütün bölgənin baş ağrısına çevrilib. Türkiyə "Kürdüstan" yaradıla bilməsindən narahatdır, ona görə də terroru beşiyində boğmağı təklif edir. Moskva isə bu məsələdə israrlı görünmür və onun hədəfində Türkiyə üçün önəm kəsb edən İdlibə zərbə endirməkdə davam edir”.

Qeyd edək ki, üç ölkənin prezidentləri - Həsən Ruhani, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin gündəliyində olanlar Suriya məsələsi, o cümlədən İdlib əyalətindəki vəziyyətdir.

Zirvə görüşü ilə yanaşı, üç prezident arasında ikitərəfli görüşlər də keçirilib.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17