2018-09-07 18:27:39   |   298 dəfə oxunub

"Azərbaycanın hər bir guşəsində Qafqaz İslam Ordusunun izi var" - UNUTMAYAQ !

Dilavər Əzimli: "Qafqaz İslam Ordusuna, Nuru Paşanın xatirəsinə, Bakının işğaldan azad edilməsinə laqeyd qala bilmərik"



"Qafqaz İslam Ordusunun Bakını azad etməsi Azərbaycan tarixində XX əsr üçün analoqu olmayan hadisələrdən biridir”.

Bunu "Sherg.az”a tarixçi-alim Dilavər Əzimli söyləyib. 

O vurğulayıb ki, Bakı 1918-ci il, sentyabr ayının 15-də işğaldan azad edilməsəydi, ərazilərimizdə yaşayan türk-müsəlmanları əhali tamamilə məhv ediləcək, Bakı ermənilərin və rusların yaşadığı şəhərə çevriləcəkdi:

"Hesab edirəm ki, Azərbaycan tarixində önəmli yeri olan bu əhəmiyyətli tarixi hadisənin 100 illiyi təmtəraqlı qeyd edilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutu avqustun 13 və 15-də türkiyəli qardaşlarımızla birlikdə 100 illiklə əlaqədar konfrans keçirdi. Bu təqdirəlayiq haldır, təəssüf ki, belə tədbirlər hələlik azdır. İlin əvvəlində Qafqaz İslam Ordusu ilə bağlı park yaradılması təklifi irəli sürüldü. Hətta adı dəyişdirilsə də, işğalçı ordunun, bolşevizmin rəmzi kimi qalmaqda olan "26-lar bağı”nın "Qardaşlıq bağı” adlandırılması barədə fikirlər irəli sürdük. Bütün bunlarla bərabər, yaxşı olar ki, Cümhuriyyət parkı salınsın, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla, Cümhuriyyət qurucularının heykəlləri orada ucaldılsın. Həmçinin parkda Qafqaz İslam Ordusu rəhbərlərinin Nuru Paşanın, Ənvər Paşanın, Kazım Qara Bəkir Paşanın və digərlərinin heykəlləri yerləşdirilsin.

Türkiyədə beynəlxalq simpozium keçiriləndə bəzi ərazilərdə yolların üzərində plakatlar asılır, insanlara simpoziumla bağlı məlumatlar verilir. Bu təcrübədən yararlanıb, turistlərin gəzdiyi yerlərdə mərkəzi küçələrdə Cümhuriyyətin, Bakının azad olunmasının 100 illiyi şüarları, stendlər nümayiş oluna bilər”.

Sovet dönəmindən bəhs edən D.Əzimli bildirib ki, həmin illərdə bolşeviklərin Azərbaycan Xalq Cümhuriyyətini işğal etməsi təmtəraqla qeyd edilirdi. Onun sözlərinə görə, 28 apreldə orta məktəblərdə şagirdlərə şeirlər oxudulur, işğalçı bolşevik ordusu qəhrəman kimi təbliğ edilirdi:

"Sovetin bu təbliğatı qarşısında biz, Qafqaz İslam Ordusuna, Nuru Paşanın xatirəsinə, Bakının işğaldan azad edilməsinə laqeyd qala bilmərik. Qafqaz İslam ordusu yalnız Bakını deyil, Azərbaycanın bir çox ərazilərini işğaldan azad edib. Azərbaycanın hər bir guşəsində Qafqaz İslam Ordusunun izi var. Ordunun tərkibində Azərbaycan və türk əsgərləri birlikdə döyüşüblər. Bu qardaşlıq nümunəsidir. Hesab edirəm ki, sözlə ifadə edilə bilməyən həmin möhtəşəm tarix yüksək dəyərini almalıdır.

Bakının işğaldan azad edildiyi gün 1918-ci ildə bayram kimi qeyd edilib. Qurbanlar kəsilib. Hesab edirəm ki, 15 sentyabrda bütün televiziya məkanı Qafqaz İslam Ordusunu təbliğ etməlidir. Həmin gün insanların evində bayram kimi qeyd edilməli, şəhərdə atəşfəşanlıq olmalıdır.

Biz Bakının azad edilməsinə diqqət göstərməsək, əlamətdar günlərimizi qeyd etməsək, tarixi səhvlərimizi təkrarlaya bilərik.

Biz gəncliyi Azərbaycanın şanlı tarixini sevəcək şəkildə yetişdirməliyik. Gəncliyi yetişdirə bilməsək, gələcəkdə ərazi bütövlüyümüzün təmin olunmasına nail ola bilmərik”.

Qeyd edək ki, bu il sentyabrın 15-də Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun və Azərbaycan Korpusunun Bakını erməni-bolşevik işğalından azad etməsindən 100 il ötür.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24