2018-09-07 18:52:22   |   316 dəfə oxunub

“Aşura günündə qan verməklə insanlara yeni həyat bəxş edirlər"



"Aşura hadisəsi, İmam Hüseyn hərəkatı tək müsəlmanlar üçün deyil, bütün xalqlara nümunədir. Zalımın qarşısında əyilməmək, düşməndən qorxmamaq lazımdır”.

Bu barədə "Sherg.az”a ilahiyyatçı, "İmam Rza" məscidinin imamı Mirhəmid Məmmədov bildirib. Onun sözlərinə görə, "Aşura” mərasimlərinin mahiyyəti şəhadət mərtəbəsinə yüksələn İmam Hüseynin mərdliyidir və bu, insanlıq üçün nümunədir:

"İmam Hüseyn hərəkatı 1300 ildən artıqdır yaşayır. Çünki o, heç kimin getmədiyi yolu getdi. Bizim kimi xalqlar düşmənin çoxluğundan, sayımızın azlığından heç vaxt çəkinməməliyik. Müqəddəs mübarizədə sona qədər gedərək, təslim olmamalıyıq. 

Hər kəs Aşura yolu ilə gedərsə, qələbə çalar. İmam Hüseyn sübut etdi ki, ola bilər, insan özü şəhid olsun, amma onun amalı qalib gəlir. Nəticə budur ki, 1300 ildən artıqdır, İmam Hüseyn yenilməzliyi yaşayır

Azərbaycan xalqı hər zaman məzlumun tərəfində olduğuna görə, İmam Hüseyni sevir. Haqqın tərəfində olan xalq Aşura günündə hər il İmam Hüseynin xatirəsini yad edir. Aşura günü İmam Hüseyn hərəkatını yaşatmaq, peyğəmbər ailəsinə hörmət ifadə etmək, imam Hüseyn kimi haqqın tərəfində dayanmaqdır.

Aşura günündə həyata keçirilən qanvermə aksiyasının mahiyyəti ehtiyacı olanlara həyat verməkdir. Bu, dinimizin qoyduğu ənənələrdə də savab əməl sayılır. Quranda deyilir: şəhidə ölü deməyin, onlar hər zaman yaşayır. Aşura günündə qanvermə aksiyasında iştirak etməklə insanlara yeni həyat bəxş edirlər. Hesab edirəm ki, tək Aşura günlərində deyil, insanlar hər zaman bu savab əməli reallaşdıra bilərlər”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan










SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18