2018-09-07 19:32:14   |   283 dəfə oxunub

"Sevinirəm ki, ölkəmizdə Aşura daha sivil formada qeyd edilir" - Dinşünas



" Aşura zülmə "yox” deməyin təcəssümüdür. Ona görə, bu, konkret bur qrupa, dinə, məzhəbə aid hadisə deyil”.

Bunu "Sherg.az”a dinşünas Elvüsal Məmmədov bildirib. 

Onun fikrincə, dinindən, düşüncəsindən, əqidəsindən asılı olmayaraq, zülmə məruz qalan hər bir insan özünü Hüseyn hesab edə bilər:

"Biz Aşuranın mahiyyətini anlamalıyıq. Bu hadisəyə tarixən də, indi də ideoloji don geyindirir, müxtəlif siyasi məqsədlərə alət edirlər. Aşura hər şeydən əvvəl iman gətirdiyimiz peyğəmbərin övladının həqiqət, din, ədalət yolunda canından keçməsini özündə ehtiva edir. Biz həyatımızı dürüstlük üzərində qururuqsa, hər anımız Aşuradır.

Azərbaycan Aşuranı qeyd etməklə tolerantlıq baxımından digər ölkələrdən fərqləndiyini göstərir. Çünki bizdə, indi də Aşuranı qeyd edən əhali hər hansı məzhəb əleyhinə şüarlar səsləndirmir. Digər müsəlman ölkələrində gördüyümüz baş yarmaq, bədənə xəsarət yetirmək kimi hallara çox rast gəlmirik. Bunlar bizim tarixi aşura ənənəmizdə olmayan, kənardan gəlmə haldır. Çünki bunlar dinin mahiyyətinə də ziddir, fanatizmdir.

Sevinirəm ki, ölkəmizdə Aşura daha sivil formada qeyd edilir. İnsanların özlərinə fiziki xəsarət yetirməməsi müsbət haldır. İmam Hüseyn faciəsinin doğurduğu kədəri ifadə etmək üçün qanvermə aksiyalarına qoşulmaq olar. Baş yararaq, bədən kəsərək, qanımızı boş yerə axıtmaqdansa, ehtiyacı olanlara verərək, savab qazanarıq. Beləliklə, yaxşılıq edib, xəstələrin sağalmasına imkan yaratmış oluruq.

İldən-ilə Aşuraya münasibətdə öz müsbət ənənəmizi bərpa etməliyik. Qeyd etdiyim kimi, digər müsəlman ölkələrindən gələn baş yarma, zəncir vurma, başqa məzhəb əleyhinə şüarlar səsləndirmə kimi mənfi hallardan imtina etmək lazımdır. Azərbaycan xalqı tarixən dinc şəraitdə yaşayıb və bundan sonra da əmin-amanlığımızı qorumalıyıq”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24