2018-09-07 20:34:14   |   342 dəfə oxunub

"Ermənistan ordusu rəzil durumda: zabitlərin evi yox, maddi təminatı aşağı...



"Ermənistan ordusu qiyamla üz-üzə qalacaq”.

Bunu "Sherg.az”a Ermənistan zabitlərin etiraz aksiyası keçirməsindən danışarkən millət vəkili Zahid Oruc söyləyib. 

O diqqətə çatdırıb ki, erməni ordusunun fundamental əsası işğal hadisələri, təcavüzkarlıq, yağmalamaq, qarətlər, soyqırımı və s. ilə qoyulub:

"Həmçinin texnologiyadan əvvəl psixoloji məqam da diqqətə alınmalıdır. Hərbi siyasət elə quruldu ki, ordunun əsgərinə, zabitinə mübarizə təşviq edildi, bunun əsasında təşəbbüslər göstərildi. Səhra komandirləri isə, sonradan erməni analarının balalarını "yeməyə” başladılar. Beləliklə, Ermənistan ordusu öz millətinə qarşı təhlükə mənbəyinə çevrildi.

Sabiq prezident Serj Sarkisyanın ağlına, şüuruna, qərarlarına bağlı olaraq, yaradılan sistem sökülüb, təzədən yığılmalıdır. İş o yerə çatıb ki, Seyran Ohanyandan sonra Sarkisyan prezident administrasiyasının rəhbərini ordunun başına qoydu. Çünki burada itaətsizlik hallarının, üsyanın baş verə biləcəyini istisna etmirdi. Ordu mülki əhalidən fərqlidir, silaha malikdir, tank və topları idarə edir. Keçmiş prezident özünü əhaliyə qəhrəman kimi sırımağa çalışsa da, generallar əsgərlərə əziyyət verdiyindən, qarşıdurmalar qaçılmaz idi”.

Rusiya- Ermənistan münasibətlərinin pisləşdiyini vurğulayan Z.Oruc Ermənistan ordusunda təminatın zəiflədiyini qeyd edib:

"Müstəqil erməni mediası "Rusiyadan investisiya axını azalarsa, nələr baş verər ?” sualı ətrafında analizlər aparır. Nikol Paşinyanın Rusiya səfərində aydınlaşdırmalı olduğu çoxlu suallar toplanır. Bu ölkənin enerji sektorundan tutmuş iri zavodlarla bağlı məsələlərini müharibə mövzusuna çevirirlər. Rusiyadan azad olmaq, onun dəstəyindən də imtina etməkdir. Halbuki erməni xalqı daim Kremlə bağlı olub, müstəqil mövcud ola bilmir. Ordu qüvvələri də bunu daha çox hiss etməkdədir. Əvvəllər əsgərləri, ordunu silah gücünə itaətdə saxlayırdılar. İndi qismən azadlıq qazandıqlarından haqlarını tələb etməyə çalışırlar. Zabitlərin evi yoxdur, maddi təminatı aşağıdır, onlar yaşaya bilmirlər. Bir daha sübut olunur ki, Azərbaycanla düşmənçilik erməni xalqına müsbət heç nə verməyib.

Rusiya əlini çəkərsə, Azərbaycan müharibə aparmadan belə Ermənistan silahlı qüvvələrində daxili toqquşmalar baş verəcək. Nəticədə düşmənə xeyli zərbə dəyəcək”.

Qeyd edək ki, Ermənistan ordusundan tərxis olunan təqaüdçü zabitlərin bir qrupu hökumət binası qarşısında etiraz aksiyası keçirib. Mənzil problemi ilə üzləşdiklərini deyən aksiya iştirakçıları baş nazir Nikol Paşinyanla görüş tələb ediblər. Zabitlərin sözlərinə görə, rəsmi qurumlardan onları mənzillə təmin etmək üçün büdcədə vəsaitin olmadığı bildirilib.

Aysel Aslan









SON XƏBƏRLƏR

2018-12-10