2018-09-07 23:43:01   |   164 dəfə oxunub

Ərdoğanın Bakı səfəri əlamətdar olacaq

İki qardaş dövlətin liderləri dünyaya birlik, bərabərlik mesajı verəcək

“Səfərin məhz sentyabr ayının 15-nə, tariximizin şərəf və ləyaqət gününə təsadüf etməsi qürurverici hadisədir"


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfər edəcək. Türkiyə mediasının məlumatına görə, Ərdoğanın növbəti səfəri sentyabr ayının 15-nə təsadüf edəcək. Xatırladaq ki, Türkiyə lideri Azərbaycana sonuncu dəfə bu il iyulun 10-da gəlib. Analitiklərə görə, qardaş ölkə rəhbərinin 15 sentyabr, yəni 100 il əvvəl Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad olunduğu gün Azərbaycana təşrif buyurması gözəl təsadüf olmaqla yanaşı, həm də strateji gedişdir. 100 il sonra iki qardaş dövlətin dünyaya və türk düşmənlərinə yenidən birlik, bərabərlik mesajı verməsi çox müsbət haldır.

Ərdoğanın Azərbaycana gözlənilən səfəri barədə "Şərq"ə danışan millət vəkili, tarixçi-alim Fəzail İbrahimli də hesab edir ki, Türkiyə prezidentinin Azərbaycana gəlişinin və iki qardaş ölkə rəhbərinin növbəti görüşünün məhz sentyabr ayının 15-nə, tariximizin şərəf və ləyaqət gününə təsadüf etməsi qürurverici hadisədir. Deputatın sözlərinə görə, Türkiyə 100 il əvvəl olduğu kimi bu gün də Azərbaycanın güvən duyduğu yeganə ölkədir:

"Çox rahatıq ki, Türkiyə kimi böyük qardaşımız var. İki dövlət arasındakı isti münasibətlər bizi çox məmnun edir. Ən vacibi isə odur ki, liderlərin səmimi dostluq və qardaşlıq münasibəti məhz xalqlarımız arasındakı tarixi və mənəvi bağın təzahürü, bariz göstəricisidir. Azərbaycan dövləti özünün bütün addımlarını rahat atır, çünki əmindir ki, arxasında Türkiyə kimi nəhəng və etibarlı güc dayanır".
Tarixçi-alim bəyan edib ki, 15 sentyabr Azərbaycan tarixinin xilas günüdür: "1918-ci ilin əvvəllərində Azərbaycanın qarşısına çox ağır bir seçim qoyulmuşdu. Xalqımız ya ayağa qalxaraq öz dövlətçiliyini və müstəqilliyini bərpa etməli, ya da tamamilə bölünüb, parçalanıb, ayrı-ayrı dövlətlərin əsarətinə düşməli idi. May ayının 26-da Tiflisdə Milli Şura tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilk addım oldu. Ancaq sonrakı addımlar atılmasaydı, AXC tarixin arxivində sadəcə kağız üzərində qalacaqdı. 15 sentyabra qədər 31 mart soyqırımından başlayan qətliamlar davam edirdi. Bakı da daxil olmaqla Azərbaycanın bir çox şəhərləri viran qalmışdı. Şəhər və kəndlərdə əhali azalmışdı. Bakıda isə konkret erməni hökuməti qurulmuşdu. Əvvəlcə 26 Bakı Komissarı, sonra "Sentrokaspi Diktaturası" azərbaycanlılara qənim kəsilmişdi. Öz taleyimizi həll edə bilmirdik. Belə bir məqamda Osmanlı dövləti böyük cəsarətlə hərəkətə keçdi və Gəncədən üzü Bakıya tərəf istiqamət aldı. Təsəvvür edin, Qafqaz İslam Ordusu üç aya yaxın Bakı ətrafında gözlədi, lakin şəhərə girə bilmədi. Çünki Almaniya rəhbərliyi Osmanlıya təzyiq göstərirdi. Deyirdilər ki, əgər türk ordusu Bakıya daxil olsa, bütün alman generalları Osmanlı ordusundan geri çağrılacaq. Bilirsiz ki, o zaman Osmanlı ordusunda xeyli alman zabiti xidmət edirdi. Osmanlı əsgərləri heç bir maneəyə məhəl qoymadan, bütün çətinlikləri dəf edərək Bakıya girdilər. Bu, çox böyük bir cəsarət tələb edirdi. Əgər türk ordusu 15 sentyabrda Bakıya daxil olub, nəinki indiki paytaxtımızı, bütöv Azərbaycanı xilas etməsəydi, "Böyük Ermənistan" iddiasında olan ermənilərin niyyəti reallaşa bilərdi".
F.İbrahimlinin fikrincə, Qafqaz İslam Ordusu köməyimizə gəlməsəydi, Azərbaycan bölünə, Bakı Dərbəndin taleyini yaşaya, Zaqatala Gürcüstanın tərkibinə keçə, ermənilər Qarabağı işğal edə bilərdi: "İran tərəfi də Biləsuvara qədər Azərbaycanın cənub bölgəsini tutardı. Bax, bizi gözləyən təhlükələr bunlar idi. Qafqaz İslam Ordusunun gəlişi Azərbaycanın siyasi taleyini həll etdi".

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-26