2018-09-07 23:44:49   |   141 dəfə oxunub

Azərbaycana ABŞ-ın nüfuzlu diplomatı səfir gəlir

Ekspertlər iddia edir ki, bu, Vaşinqtonun Bakıya verdiyi önəmdən xəbər verir



Prezident Donald Tramp karyeralı diplomat Irli Litsenbergeri Amerikanın Azərbaycandakı yeni səfiri postuna namizəd kimi seçib.
Əgər namizədlik təsdiq olunarsa, E.Litsenberger Bakıya gələcək. Qeyd edək ki, Litsenbergeri ötən ilə qədər ABŞ-ın NATO-da daimi nümayəndəsi olub. Karyeralı diplomat Litsenberger hazırda ABŞ Dövlət Departamentində Siyasi və Hərbi Məsələlər Bürosunda baş müşavirdir.

Ekspert rəyinə görə, indiyə qədər Azərbaycanda fəaliyyət göstərmiş ABŞ səfirləri enerji məsələləri və ya sosial məsələlərlə məşğul olmuş kadrlar idi. Son 15 ildə ilk dəfədir ki, ABŞ prezidentinin Azərbaycana göndərmək istədiyi səfir sırf siyasi-hərbi-təhlükəsizlik məsələləri üzrə mütəxəssisdir.

ABŞ-ın kadr seçimini dəyərləndirən politoloq Azər Rəşidoğlunun fikrincə, belə bir diplomatın Azərbaycana səfir təyin edilməsi Vaşinqtonun Bakıya verdiyi önəmdən xəbər verir: 

"Litsenberqer Dövlət Departamentinin hərbi-siyasi məsələlər üzrə Bürosunun baş müşaviri olub. Həmin vəzifədə Litsenberqer Büronun idarə edilməsinin bütün aspektlərinə rəhbərlik edib. Dövlət katibinin köməkçisinin birinci müavini yerində olmadıqda İrli Litsenberqer onun səlahiyyətlərini icra edib.
Litsenberqer uzun müddətdir diplomatik xidmətdə işləyir və Nazir Müşaviri ali diplomatik rütbəsinə malikdir.
Litsenberqer bundan əvvəl ABŞ-ın NATO-dakı missiyasının rəhbərinin müavini (2014-2017) olub, Serbiya, Qırğızıstandakı səfirliklərdə işləyib. NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini (2013-2014) olub. Habelə ABŞ-ın Avropa İttifaqındakı missiyasında, Qazaxıstan, Bolqarıstan və Əlcəzairdəki səfirliklərdə, Fransanın Marsel şəhərindəki ABŞ konsulluğunda işləyib. Dövlət katibinin müavininin Dəftərxanasında, Yaxın Şərq işləri Bürosunda və Hərbi-Siyasi işlər Bürosunda müxtəlif vəzifələr tutub. Bir sözlə, Litsenberqer bölgəni yaxşı tanıyır və NATO-nun əsas strateqlərindən hesab edilir. Bölgə uğrunda Rusiya-ABŞ qarşıdurması yaşandığı bir zamanda hərbi intizama öyrəşmiş bir diplomatın Azərbaycana səfir təyin edilməsi Vaşinqtonun Bakıya verdiyi önəmdən xəbər verir. Litsenberqer Rusiya əleyhinə olan diplomat kimi tanınır və görünür o, Bakı-Vaşinqton münasibətlərini tənzimləməyə çalışacaq. İstənilən halda ABŞ siyasətinin "qırğıları"ndan olan Litsenberqerin Azərbaycana səfir təyin olunması Bakı üçün ayrılan böyük rollardan xəbər verir".
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin "Yeni Müsavat"a sözlərinə görə, Amerika kimi böyük strateji düşünən dövlətlərdə səfir təyin olunarkən ilk növbədə iki əsas məsələyə diqqət yetirilir: 

"Birincisi, ABŞ-ın səfir təyin edilən ölkəyə, indiki halda Azərbaycana yönəlik siyasətinin prioritetləri nəzərə alınır. İkincisi, təyin olunan şəxsin şəxsi və iş keyfiyyətləri. Yəni ona diqqət edilir ki, ABŞ-ın Azərbaycana yönəlik siyasətinin öncəliklərinə təyin olunan səfir nə dərəcədə şəxsi və iş keyfiyyətlərinə, peşəkarlığına görə cavab verir. Bu baxımdan heç şübhəsiz, Azərbaycana səfir göndərilmək üçün namizədliyi irəli sürülən yeni səfiri də ABŞ hökumətinin hazırda Azərbaycana yönəlik siyasətinin öncəlikləri və həmin kadrın yuxarıda dediyim keyfiyyətləri nəzərə alınaraq seçilib. Bu, onu göstərir ki, qarşıdakı müddət ABŞ üçün bölgədə siyasi məsələlər, hərbi-təhlükəsizlik məsələləri ön planda olacaq. Bu da heç şübhəsiz ki, İran məsələsi ilə bağlıdır. İran məsələsi aktuallaşdığı bir dönəmdə Azərbaycan ABŞ üçün strateji önəmi artmış bir ölkədir. 8 mayda Donald Trampın ABŞ-ın İranla imzalanan nüvə sazişindən çıxmasını elan etməsindən sonra İran məsələsi Vaşinqtonun gündəliyində aktuallaşıb. Noyabrın 4-dən isə İrana qarşı sanksiyaların daha ciddi mərhələsi başlayacaq, Amerikanın İrana yönəlik siyasəti yeni bir mərhələyə qədəm qoyub. Bu baxımdan Azərbaycan həm milli, dini, tarixi, mədəni bağları baxımından, həm də İrana qonşu bir ölkə olduğundan ABŞ üçün çox mühümdür. Səfir seçimi də göstərir ki, ABŞ-ın İrana yönəlik siyasətində Azərbaycan çox mühüm rol oynayacaq. Səfirin təyinatında da görünür, dediyim bu məsələlər nəzərə alınıb".
S.Əkbər deyib ki, səfirin fəaliyyətinin necə olmasında əsas müəyyənedici səfiri təyin edən ölkənin səfirin olduğu ölkəyə yönəlik siyasətinin öncəlikləridir. Səfirin şəxsi və iş keyfiyyətlərindən də çox şey asılıdır: "Onun göndərdiyi informasiyalar əsasında Vaşinqtonun Azərbaycana yönəlik siyasətində korrektələr aparılması da mümkün və realdır. Səfirin Bakıdan göndərdiyi informasiya və məlumatlar, təkliflər müəyyən rol oynayır".

Şəymən








SON XƏBƏRLƏR

2018-09-25