2018-09-08 11:18:11   |   262 dəfə oxunub

Gürcüstanda iqtidar və müxalifət prezidentlik uğrunda ciddi yarışacaq

“Əgər seçkilər şəffaf keçirilərsə, Saakaşvilinin partiyası və yaxud onların dəstəklədikləri müxalif partiya qələbə qazana bilər"



Gürcüstanda prezident seçkisi bu il oktyabrın 28-də keçiriləcək. Bu günə qədər 39 nəfər prezident seçkisində namizəd kimi iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib. MSK-nın mətbuat katibi Ana Mikeladzenin məlumatına görə, müraciət edənlərin 20 nəfəri təşəbbüs qrupu, yerdə qalan 19 nəfər isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Xatırladaq ki, hakim "Gürcü Arzusu" partiyası seçkidə öz namizədi ilə iştirak etməyəcəyini deyib. Bununla belə partiya hər hansı bir müstəqil namizədi müdafiə edə biləcəyini gizlətməyib. Deyilənə görə, hakim partiya Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcək. Bəzi ekspertlər hakim partiyanın prezidentlik postuna ciddi yanaşmadığı üçün namizəd irəli sürmədiyini iddia edib. Müxaliflər arasında seçkiyə ən aktiv hazırlaşan qüvvələr eks-prezident Mixail Saakaşvilini dəstəkləyən partiyalardır. Hətta müxaliflər bəyan ediblər ki, əgər onların namizədi prezident seçilərsə, dərhal Saakaşvilini ölkəyə gətirəcəklər və ona vətəndaşlıq verəcəklər.

Qonşu ölkədəki seçki hazırlığını "Şərq"ə dəyərləndirən politoloq Qabil Hüseynli hesab edir ki, Gürcüstanda müxalif qüvvələri narahat edən əsas məsələ seçkinin şəffaf keçib-keçməyəcəyidir. Analitik bildirib ki, müxaliflər ötən seçkilərdə saxtakarlıq edildiyini, səslərin pulla alındığını iddia edirlər: 

"Hətta Rusiyanın da bu proseslərdə fəal iştirak etməsi ilə bağlı fikirlər səsləndirilir. Ona görə də seçkilərə nəzarət mexanizmi gündəmdə dayanan əsas məsələ hesab olunur. 

Sözün açığı, mən inanmıram ki, Bidzina İvanaşvilinin himayə etdiyi hakim "Gürcü Arzusu" partiyası tamamilə seçkidən kənarda qalacaq. Hakim partiya birbaşa namizəd irəli sürməsə də, çox güman ki, 39 namizədin içində kimisə dəstəkləyir. Hətta olar bilər, namizədlərdən biri məhz "Gürcü Arzusu" tərəfindən başqa müxalif siyasi təşkilatın namizədi kimi irəli sürüb. İvanaşvili heç zaman prezident postunu boş qoymaz".

Q.Hüseynli deyib ki, eks-prezident Mixail Saakaşvilinin yenidən Gürcüstana qayıtması və vətəndaşlıq ala bilməsi istiqamətində Vahid Milli Hərəkət partiyası bir neçə müxalif təşkilatla birləşib: "Saakaşvilinin seçkiyə az qalmış Gürcüstana yaxın bir ölkəyə gedəcəyi və oradan seçki prosesini yönləndirəcəyi iddia edilir. Gürcüstanda prezident simvolik xarakter daşısa da, hakimiyyətin mühüm rıçaqlarından biri sayılır. 

O baxımdan həm iqtidar, həm də müxalifət bu postu ələ keçirmək uğrunda ciddi yarışacaqlar. Əgər seçkilər şəffaf keçirilərsə, Saakaşvilinin partiyası və yaxud onların dəstəklədikləri müxalif partiya qələbə qazana bilər. Əgər seçkiyə hiylə qatılarsa, təbii ki, "Gürcü Arzusu" qalib gələcək. Çox güman ki, Qərb dairələri seçkiyə yaxın fəallaşacaq".

İsmayıl








SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23