2018-09-08 11:49:11   |   377 dəfə oxunub

Bakıda möhtəşəm parad keçiriləcək

100 il bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərini görəcəyik



Sentyabrın 15-də Bakıda möhtəşəm hərbi parad keçiriləcək.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində Bakıda hərbi parad təşkil ediləcək. Parad Bakının 1918-cı il sentyabrın 15-də bolşevik-daşnak silahlı birləşmələrinin əlindən azad edilməsinin 100 illiyi münasibətilə keçirilir.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək möhtəşəm paradla bağlı hazırlıqlara artıq başlanıb. Parada Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər qurumların müvafiq strukturlarının şəxsi heyəti və minik vasitələri cəlb edilib.

Ssenariyə əsasən parad iştirakçıları Bakının küçələrindən Azərbaycan və Türkiyə bayraqlarının öndərliyi ilə 100 bundan əvvəl Azərbaycan və Osmanlı ordusunun hərbi geyimlərində, süvari və piyada ordu şəklində keçəcəklər.

"Məhəmməd Əmin Rəsulzadə" Mərkəzinin rəhbəri, tarixçi-alim Nəsiman Yaqublunun sözlərinə görə, Azərbaycanın hərb tarixində ilk paradın təməli 1918-ci ildə sentyabrın 15-də Bakıda Qafqaz-İslam Ordusunun zəfər yürüşü ilə qoyulub: "Türk ordusu isə Bakıya ilk olaraq "Qurd qapısı" istiqamətindən daxil olub və Qırmızı qışlaqdan keçərək (indiki mətbuat prospekti) Biləcəridən şəhərə daxil olublar. Tarixi yaşatmaq üçün hərbi paradın məhz həmin istiqamətlərdə keçirilməsi, Qafqaz İslam Ordusunun izi ilə gedilməsi məqsədəuyğun olar. 

Eyni zamanda Bakını erməni daşnakları və kommunaçıların işğalından azad etmiş Qafqaz-İslam Ordusu indiki İstiqlaliyyət küçəsi ilə zəfər yürüşü keçirib. Parad zamanı həmin küçəylə də tarixi yürüş keçirmək lazımdır ki, tarixi prinsipi qorumaq mümkün olsun. Daha sonra isə Dövlət Filarmoniyasında Nuru Paşanın şərəfinə verilən qonaqlığı xatırlatmaq və Nuru Paşanın xatirəsini yaşatmaq məqsədi ilə böyük bir tədbir keçirmək olar.

Qeyd edək ki, 100 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. 

Bu möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Bu baxımdan 1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisə hesab edilir.

Şəymən







SON XƏBƏRLƏR

2018-09-24