2018-09-08 12:59:51   |   701 dəfə oxunub

Dingiş-dingiş...

Hamı oynamağa elə həvəslidir ki...

Fazil Mustafa: “Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır. Bayağı bir mahnı fonunda “Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk" demək absurddur”


Aqşin Yenisey: "O sosial şəbəkələrdə oynayanların çoxu heç bilmir ki, Urmiya gölü harda yerləşir. Bilgisiz azadlıq ya quldurluqdur, ya da özbaşınalıq. Buna da dünya imkan verməz”





Güney Azərbaycanda əyləncə azadlığının məhdudlaşdırılması və Urmu gölünün qurudulmasına etiraz olaraq trendə çevrilən "Səni deyirlər" mahnısı ölkəmizdə də geniş rezonans doğurub. Gənclər tərəfindən başladılan bu kampaniyaya ən tanınmış insanlar da qoşulub.

Güneyli gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, həm İran molla rejiminin insanların əyləncə azadlığını məhdudlaşdırmasına üsyan edir, eyni zamanda qurumaqda olan Urmu gölünə dəstək nümayiş etdirirlər.

Minlərlə yeniyetmə, gənc və orta yaşlı qadın və kişinin Azərbaycan türkcəsində səslənən bu mahnı ilə tək və ya qrup halında rəqslərinin yayıldığı videolara baxan hər kəsin münasibəti birmənalı deyil. Bunu etiraz aksiyası, özünəməxsus şəkildə azadlığa çağırış, həmrəylik nümayişi kimi dəyərləndirənlərlə yanaşı, bunun boşluqdan və əhlikeflikdən yarandığını düşünənlər də az deyil.

Onu da deyək ki, "Səni deyirlər"in səsinə səs verənlər təkcə güney azərbaycanlılarla məhdudlaşmır, onların arasında türkiyəli və quzey azərbaycanlı gənclərə də rast gəlinir. Onlar insanların əyləncə azadlığını məhdudlaşdırmasına üsyan edərək bu rəqslə tabuları qırmağa, qadağalara qarşı çıxmağa çalışırlar. Musiqi və rəqslə silahlanan əsasən gənc soydaşlarımız toplumu qəmə və kədərə məhkum edən yasaqlara meydan oxuyurlar.

Respublikamızda güneyli soydaşlarımıza dəstək məqsədilə bu aksiyaya qoşulanların sayı durmadan artır. Onlar #senideyirlər həştəqi ilə videolar paylaşaraq həmrəylik nümayiş etdirirlər. Aksiya getdikcə daha çox insanın marağını cəlb etməyə başlayır. Trendə çevrilən bu mədəni etiraz forması artıq dünyanın aparıcı medialarının da diqqətini çəkib.

Doğrudanmı "Səni deyirlər" mahnısı inqilabi oyanma stimuluna çevriləcək qədər dəyərlidir?

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid "Səni deyirlər" mahnısının həmrəylik qazanmasını cənublu gənclərin qadağalara meydan oxumasıyla izah edənlərlə razı olduğunu qeyd edib:

 "Oynaq mahnı olsa da ifaçının səsində qüssə, kədər adamın iliyinə işləyir! "Urmu gölünü qurutdular" sözlərindən də etiraz, üsyan fışqırır! Cənubda və Şimaldakı reaksiyalar - həmrəylik isə qürur və ümid yaradır! Bir mahnıyla, musiqiylə tarixin dəyişdirilməsi nümunələri çoxdur!!!"

Yazıçı Şərif Ağayar isə hesab edir ki, lazım olmayan yerdə səviyyə söhbəti etməzlər: 

"Səviyyə nümayiş olunan meydanlar başqadır. Bu populyarlıqda hüznlü bir həmrəylik, mübhəm bir müqəddəslik gördüm. Mətləb başqadır. Ac adamlara çörək gətirən maşının "Mercedes", yaxud "Zapı" olmasının önəmi yoxdur".

"Səni deyirlər" mahnısı tanınmış aparıcı Elçin Əlibəylinin "El bizim, sirr bizim" verilişindən də yan keçməyib. Aparıcı verilişi məhz məşhur mahnıyla açıb və verilişin qonağı Röya xanımla birlikdə rəqs edib.

Bununla güney azərbaycanlılarla həmrəylik nümayiş etdirdiklərini deyən Elçin Əlibəyli Azərbaycana birlik və bütövlük arzu etdiyini də dilə gətirib.

Urmu gölünün qurudulmasına etiraz forması kimi daha ağıllı kampaniyalar keçirmək olardı

Millət vəkili Fazil Mustafanın fikrincə, Urmu gölünün qurudulmasına etiraz forması kimi gənclər kitab oxumaq, mütaliə etmək flaşmobu keçirsələr, daha effektiv olar. Deputat deyib ki, Azərbaycan xalqına mahnı oxumağı və rəqs etməyi məhdudlaşdırmaq lazımdır. Hamı çalıb oxumağa, dingiş-dingiş oynamağa elə həvəslidir ki, sanki bu torpağın Qarabağ kimi bir dərdi, çoxsaylı problemləri yoxdur. Gənclərin əksəriyyəti manıs, artist olmaq üçün yollar axtarır. Bayağı bir mahnı fonunda "Güneydə etiraz aksiyası başlayıb, biz də ona dəstək veririk" demək absurddur. Mahnının özünün də bir həyatı mənası olmalıdır. 

Dağıstanlıların, çeçenlərin rəqsi insanın şəxsiyyət kimi formalaşmasında, mübarizə əzminin yetişməsində mühüm vasitədir. Bizdə isə rəqs vaxt öldürmək üçün bir əyləncədir. Peşəkar rəqs anlayışı belə yoxdur.

Millət vəkilinin sözlərinə görə, güneydəki azərbaycanlıların hüquqları məhdud olduğundan onlar öz etirazlarını mədəniyyətlə, musiqi ilə göstərməyə çalışa bilərlər. Amma bu, aludəçilik yaratmamalıdır: 

"Bütöv toplum, xalq olaraq oynamağa yox, kitab oxumaq vərdişinə yiyələnsək daha faydalı işlər görə bilərik. Bizim ölkədə hansısa bir müğənni Şəhriyar Məmmədyarov kimi intellektual bir gəncdən daha çox təbliğ olunur. Sorğu keçirsək, əksəriyyətin onun kimliyindən, Azərbaycanın adını dünyada tanıtmaq üçün gördüyü işlərdən heç xəbəri də yoxdur. Amma geyimi, ədabazlığı ilə bütün gün reklam olunan insanları 7-dən 77-yə hamı tanıyır. Tanımaq bir yana, az qala ölkə üçün bir dəyərə çevrilib. Kimdən soruşsan hamı özünü ona oxşatmaq istəyir. Təbii ki, bizə musiqiçi də, rəqqasə də lazımdır, amma Afaq Məlikova, Rəşid Behbudov, Şövkət Ələkbərova, Alim Qasımov lazımdır. Musiqini bayağılaşdırıb, toplumu da buna yönəldəndə sənətdən uzaq, zövqsüz bir cəmiyyətə çevrilirik".

F.Mustafa hesab edir ki, Urmu gölünün qurudulmasına etiraz forması kimi daha ağıllı kampaniyalar keçirmək olardı:

"Gənclik düşüncəsi baxımdan bunu normal qəbul etmək olar, amma ümumxalq səviyyəsində həmrəylik trendinə çevrilməsi, ictimaiyyət üzvlərinin də bu tendensiyaya qoşulmasına müsbət yanaşmıram".

Bizim birləşməyimizin yolu kitabdan, ideologiyadan, şüurdan keçir Şair Aqşin Yenisey isə düşünür ki, Güney Azərbaycanda Urmu gölünün qurudulmasına etiraz olaraq gənclər tərəfindən başladılan bu kampaniyaya "Kasıbın, ya da çarəsizin olanından" deyib keçmək lazımdır:

"Bizim xalqın mifologiyasında dərdə, çarəsizliyə oynamaq kimi bir ifadə forması da var. Həmrəyliyə gəlincə, cənublu qardaşlarımızla həmrəy olmadığımız hansı məsələ var ki? Həmrəy olmadığımız bütün məsələlər bizim ümumi qorxularımızdır. Yəni nədən, harda qorxuruqsa, orada həmrəy ola bilmirik. Bu çalıb-oynamağı o zaman ciddiyə almaq olardı ki, cənublu-şimallı iki müəllifin bu mövzuda birgə yazdığı dünya dillərinə çap olunmuş bir əsərin sorağını da eşidərdik. İstər cənubda, istər şimalda bütöv Azərbaycan ideyası nə qədər kitablaşıb? 

Cənubda, ya şimalda kitablar nə qədər tirajla satılır? Bizim birləşməyimizin yolu kitabdan, ideologiyadan, şüurdan keçir. Oynamağa gəlincə, qəhrəman olmağa nə var. Bir cənublu şair var, Siyamək Təbrizi. Keçən il İranda 10 il iş verdilər bütöv Azərbaycan uğrunda. Şimalda kimin xəbəri var o şairdən? Kim bir məqalə yazdı, tərcümə edib dünyaya çatdırdı? Bu cür ciddi məsələləri tar-qaval səviyyəsinə endirmək olmaz. Şəxsən mənə xanəndə həmrəyliyi lazım deyil. Burdakı xanəndələrin əlindən onsuz da zinhara gəlmişik. O sosial şəbəkələrdə oynayanların çoxu heç bilmir ki, Urmiya gölü harda yerləşir. Bilgisiz azadlıq ya quldurluqdur, ya da özbaşınalıq. Buna da dünya imkan verməz".

Mahnı ilə bağlı əsas maraqlı məqamlardan biri isə bu mahnı mətninin orijinal versiyası ilə bağlıdır. Belə ki, şairi Şəhriyar del Gerani sonradan mahnıya çevrilən orijinal mətnin müəllifi olduğunu iddia edib. Bu haqda qaynarinfo-ya danışan müəllif bildirib ki, bu şeiri bir neçə il əvvəl İranda həbsdə olarkən yazıb.

"Səni deyirlər"in ifaçısı İbrahim Əlizadə isə bu mahnının 25 il öncə oxunduğunu deyib: 

"Aşıq musiqisi idi. Heç bu qədər məşhur deyildi. Hətta mənim atam Əlixan Əlizadə davul ifaçısıdır. O da getdiyi toylarda aşıq ritmində bu mahnını ifa edirdi. Amma mən mahnının musiqisinə dəyişiklik elədim, ritmik formada xalqa təqdim etdim. Hazırda bütün Cənubi Azərbaycan toylarında bu mahnını sevir və rəqs edirlər".

Şəymən







SON XƏBƏRLƏR

2018-11-21
2018-11-20