2018-09-08 14:09:52   |   183 dəfə oxunub

Evdən qaçan uşaqlar...

Valideyn övladının bütün yaş dövrlərinə hazırlıqlı olmalıdı

"Problem bundadır ki, valideynlər övladlarına vaxt ayırmır, ən pisi, vaxt ayırmağın lazım və vacib olduğunu da bilmirlər, bilmək istəmirlər"


Uşaqlarımız itir… Sonra da tapılır. Tapılmayanı da olur, əfsus. İtirdiklərimiz də. Fiziki itkini nəzərdə tutmuram. Övlad kimi, vətəndaş kimi, sadəcə, bir insan kimi itirdiyimiz uşaqlar. Mövzu, itkin düşməsi barədə polisə məlumat verilən uşaqlardır. Son illərin ən çox rast gəlinən məlumatlarından biri də məhz itkindüşmələrlə bağlıdır. Bu günlərdə iki belə hadisə yaşanıb. Gəncə şəhərində itkin düşmüş - evdən çıxıb geri qayıtmamış 2000-ci il təvəllüdlü Lətifə Həsənova əməliyyat-axtarış tədbirləri nəticəsində tapılıb, ailəsinə təhvil verilib. Bakıda itkin düşmüş 15 yaşlı Fatimə Manafovanın axtarışları isə davam edir. Hər iki hadisədə polisə məlumat verən valideynlərdir. Valideyn polisə müraciət edir ki, övladım filan tarixdə, filan vaxt evdən çıxıb, geri qayıtmayıb. Hüquq-mühafizə orqanları da əməliyyat tədbirlərinə başlayır.

"O qızı tapın" adlı milli filmimizi xatırlayırsınız? Bir qızın axtarışları əməliyyatçıları hansı cinayətlərin izinə saldı… İtkindüşmələrdə kriminal amillər heç vaxt istisna edilmir. Bəs belə halların yaşanmasında valideynlər nə dərəcədə günahkardır?

Psixoloq Sevinc Məhərrəm "Şərq"lə fikirlərini bölüşdü.

Keçici şizofreniya dövrü…

Psixoloq qeyd etdi ki, valideyn övladının bütün yaş dövrlərinə hazırlıqlı olmalıdır:
- Problemlərin kökündə valideynlərin cahilliyi dayanır. Bizim bəzi ana-atalarda hələ də bu düşüncə tərzi güclüdür ki, uşaq özü böyüyəcək, başqa uşaqlara baxa-baxa onlardan öyrənəcək. Bunlar çox səhv, yanlış yanaşmalardır. Valideyn övladının bütün yaş dövrlərinə hazırlıqlı olmalıdır. Körpəlikdən tutmuş, yeniyetməlik, ərgənlik çağına kimi. 

Yeniyetməlik insanın həyatında ən mühüm mərhələ, ən həssas yaş dövrüdür. Bu yaş dövründə uşaqlar keçici şizofreniya yaşaya bilir. Keçiici şizofreniya çılğınlıq, əsəbiliklə müşayiət olunur. Bu vəziyyətdə uşaq çılğın davranır, istəklərinin reallaşmasını tələb edir, özünü böyük hesab edib, yaşından böyük hərəkətlərə meyl edir, hətta özünə qəsd də edə bilir. Valideyn uşağın bu yaş dövrünə hazır olmalıdır ki, onu səhv yoldan döndərə bilsin. Təəssüf ki, bizim valideynlər maariflənmək istəmir, nəsə oxuyub öyrənməyi ağıllarından da keçirmirlər. Şükür Allaha, indi elə dövrdə yaşayırıq ki, bütün informasiyalar, hər cür məlumatlara çıxış imkanlarımız var. Məsələn, mənim qızım bir çiçək haqqında soruşur, deyirəm, gəl, birlikdə axtaraq, tapaq. İnternetə daxil olub o çiçək haqqında məlumat əldə edirik. 

Qızım mənə hər gün suallar verir, elə sual var, ona 20 dəqiqə, eləsi var, 2 saat vaxt sərf edirəm, amma qızımın marağını təmin etməyə çalışıram. Problem bundadır ki, valideynlər övladlarına vaxt ayırmır, ən pisi, vaxt ayırmağın lazım və vacib olduğunu da bilmirlər, bilmək istəmirlər. Mənə məsləhət üçün müraciət edən valideynlər olur, söhbət uşaqlar barədədirsə, deyirəm, uşağı gətirmə, özün gəl. Çünki mənim üçün əsas valideynin hansı düşüncədə olduğunu bilməkdir. Uşağı düzgün yönləndirən valideyn olmalıdır. Yeniyetməni nəyəsə məcbur etmək, ona istiqamət verməkdənsə, ən əvvəl valideynin düzgün istiqamətdə olub-olmadığını bilməliyəm.

16 yaşlı qızını hər gün döyən ana…

S.Məhərrəm qeyd etdi ki, qonşuluqda yaşayan ailədə ana, az qala hər gün qızını döyür:
- Qızın 16 yaşı var. Demək olar, hər gün evlərindən qışqırıq, qızın yalvarış səslərini eşidirəm; ana vurma, saçımı burax… Nə üstə döyür qızını? Qardaşını oyatmadığı üçün. 16 yaşlı qız hər gün döyülür, söyülürsə, zorakılığa məruz qalırsa, bir gün onun evdən qaçıb getməyəcəyinə kim zəmanət verə bilər? Uşaqların evdən getmələrinin çox səbəbləri ola bilər. Ailədə zorakılıq, valideynlə ünsiyyətin alınmaması. Uşağın başqa maraqlara meyl etməsi və sair… Səbəblər o qədərdir ki. Əsas odur ki, valideyn övladının niyə evdən getdiyini bilsin və o səbəbi aradan qaldırmağa çalışsın. Yoxsa, övladını bir dəfəlik itirə bilər. Bilirsiz, ailədə valideynlər arasında münaqişə varsa, bu vəziyyətdən uşaqlar çox təsirlənir. Ailə münaqişələri uşaqların psixologiyasına mənfi təsir edir. Uşaqlarda belə fikir formalaşır ki, o da nə vaxtsa ailə qursa, ailəsi belə olacaq. Bu mənfi təsirlə həyatdan küsən, ailə qurmağı ümumiyyətlə rədd edən, başqa həyat yolu seçənlər olur. Övladın tərbiyəsində valideyn nəzarətinin də böyük rolu var. 

Valideyn uşağa nəzarəti həssas təşkil etməlidir. Uşaq gərək duymasın ki, ona kənardan daim nəzarət var, iki cüt göz onu daim təqib edir. Uşaqlar bu davranışdan da tez bezir, yorulur və vaxtından tez müstəqil həyata atılmaq qərarı verirlər. Uşaqların, yeniyetmələrin evdən qaçmalarına bu amil də təsir edir. Valideyn heç vaxt öz istəklərini övladına diktə etməməlidir. Övladının məhz onun istədiyi kimi olmasına çalışmamalıdır. 

Övlad tərbiyəsi o qədər mürəkkəb bir məsələdir ki, bir dəfədə izah etmək mümkün deyil. Onu deyim ki, 10 illik iş təcrübəmdə gəldiyim qənaət budur; bizim əsas problemimiz valideynlərin maariflənməməsi, övladları ilə bağlı araşdırma aparmamalıdır. Araşdırma deyəndə, uşağın marağı, istəyi, meyl etdiyi sahələri öyrənməmələri, bilməmələrini nəzərdə tuturam. 

Bəzən ata-analardan soruşursan, övladınızın dostları kimlərdir, kiminlə yaxınlıq edir, cavab verə bilmirlər. Görün, bu valideyn övladından nə qədər uzaqdadır! Məsləhətim budur ki, evinə qayıdan uşaqlarla valideynlər sərt davranmasın. Sadəcə, onları evdən qaçıran, itkin düşmələrinə səbəb olan amilləri öyrənsinlər və övladlarının həyatını müsbət istiqamətə dəyişdirməyə çalışsınlar.
İnsan alveri qurbanı ola bilər

"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə gənc qızların itkin düşməsində insan alveri faktoruna diqqət yönəldilməsini lazım bilir:

-Təəssüf ki, gənc qızların itkin düşməsi xəbərləri çoxalır. Burada ailə-məişət problemləri, valideyn nəzarətinin zəifliyi, gənclərin internet resurslarından, sosial şəbəkələrdən faydasız istifadəsi amilləri də var. Xüsusilə də, mən insan alveri faktoruna diqqət çəkmək istərdim. Bəzən belə hadisələrin şahidi oluruq ki, gənc qızları öz qohumları, tanıdıqları adamlar bu yola çəkirlər. Onları harasa qonaq aparmaq adı ilə aldadır, sonra da qaçırırlar.

 Bəzən görürük ki, uşaq günlərdir itkindir, amma valideyn narahat deyil. Dərhal polisə müraciət etməyib. Normal halda bir ailə üzvü evə 1 saat gec gələndə narahatlıq başlayır ki, görəsən, başına nə iş gəldi? Amma bəzən itkindüşmələr haqqında çox gec məlumat verilir, bu da onların tapılmasını gecikdirir. İnsan oğurluğu, "orqan transplantasiyanın" geniş yayıldığı indiki zamanda uşaqların itkin düşməsinə belə laqeyd yanaşılmamalıdır. İtkin düşənlərin valideynləri ilə təmas qurulmalı, evdəki şərait araşdırılmalıdır.

Bəlkə də yeniyetmələrin evdən getməsi ailədaxili münaqişələrlə bağlıdır. Belə hallarda hər bir detal ciddi araşdırılmalı, evdən gedənlərin üz tutacağı ünvanlar öyrənilməli və nəzarətə alınmalıdır.

Məlahət Rzayeva







SON XƏBƏRLƏR

2018-09-25
2018-09-24