2018-09-08 15:58:31   |   114 dəfə oxunub

Körpələr də, analar da ölməsin!

Doğuş zamanı baş verən faciələr peşəkar həkim problemindən qaynaqlanır

“Azərbaycanda hamiləliyin 95-96 faizi normal, fizioloji parametrlərə uyğun keçmir. Ciddi dövlət proqramının qəbuluna ehtiyac var"



Son vaxtlar yeni doğulan körpələrin dünyasını dəyişməsi epidemiya kimi ölkəyə yayılıb. Son bir ay içərisində 6-7 ölüm faktı qeydə alınıb. Səhiyyə rəsmiləri hər dəfə ana və uşaq ölümü ilə bağlı sualları cavablandıranda bu sahədə problemlərin aradan qalxmaqda olduğunu, səhiyyə müəssisələrində qeydə alınan ölüm faktlarının nazirlik tərəfindən ciddi araşdırıldığını və bütün hallarda hər bir hadisəyə obyektiv qiymət verildiyini bəyan edir. Amma realda tamam başqa hadisələrin şahidi oluruq. Ana ölümü bir yandan, körpə ölümü də o biri yandan səbr kasamızı doldurub. Rəsmi statistikalar ana və körpə ölümünün faizinin azaldığını iddia etdikcə, ölkədə anasını itirən körpələr, körpəsini itirən anaların sayı artır.

Ana və uşaq ölümləri ilə bağlı toxunulması zəruri məqamlardan biri də, həkimlərin və tibbi personalın cəzalandırılmamasıdır. İndiyədək, hansısa həkimin işdən azad edildiyi, vəzifəsindən kənarlaşdırıldığı görünməyib. Bu kimi hallarda həkimlərimiz adətən "töhmət", ya da "şiddətli töhmətlə" yaxalarını qurtarırlar. İctimaiyyəti daha çox narahat edən də məhz budur: günahkarların cəzasız qalması. Onlar cəzasız qaldıqca ölüm halları qarşısı alınmaz məcraya yönəlir.
Ekspertlər isə iddia edir ki, bu problemi hamiləliyin gedişindən, doğuşdan və doğulan uşağa xidmət edən faktorlar idarə edir.

Təəssüf ki, Azərbaycan səhiyyəsi daha iki körpəni dünyaya gəldiklərinə "peşman" edib. Hər ikisi doğuş zamanı dünyasını dəyişib. Quba şəhər sakini, 1994-cü il təvəllüdlü Turac Nəzər qızı Sultanova Quba Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə doğuş üçün aparılıb. Lakin ilk hamiləliyindən dünyaya gətirdiyi oğlan körpəsi ölü doğulub.

T.Sultanovanın qayınatası Salman Sultanov hadisənin həkimlərin səhlənkarlığı ucbatından baş verdiyini bildirib. O, faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini də deyib: "Gəlinim hamiləliyin ən son anlarınadək həkim nəzarətində olub. Heç bir problem olmadığını bildiriblər. Lakin doğuşa gedən gəlinimə 20 dəqiqədən sonra körpənin artıq bətndə öldüyünü deyiblər. Nəvəmin ölümünə səbəb həkimlərin səhlənkarlığı olub".

Quba Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlyar Sərvərov isə doğuş zamanı dölün ölü doğulduğunu deyib: "Bu, həkim səhvi deyil, ananın patologiyası hesab olunur". Gəncə şəhərində də yeni dünyaya gələn körpə ölüb. Göygöl rayonunun 1998-ci il təvəllüdıü Quşqara kənd sakini Məmmədova Nuranə Nurəli qızı yerli xəstəxanaların birində qız uşağı dünyaya gətirib. Lakin körpə doğuşdan sonra hələlik bilinməyən səbəbdən dünyasını dəyişib. N.Məmmədovanın vəziyyətinin normal olduğu bildirilir. Hər iki faktla bağlı araşdırma aparılır.

Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova bu barədə açıqlama verib. Onun sözlərinə görə, ölümlərin əsas səbəbləri baş-beyində qan sızması, ürək xəstəliyi, böyrək və qaraciyər çatışmazlığı, endokrinoloji patologiyası olan piylənmə ilə bağlı olur: "Bəzi hallarda xanımlarda qan xəstəlikləri olur, laxtalanma sistemi pozulur, uşağa kifayət qədər qan getmir. Bəzi hallarda rezus konflikti olur, yəni rezusu mənfi olan ananın bətnində rezusu müsbət olan uşaq inkişaf edir. Bu zaman ana ilə uşağın qanında parçalanma baş verir. Ana bətnində belə uşaqlar tələf ola bilər. Buna görə dövlət təminatlı "Rhogam" preparatları doğuşa yardım müəssisələrinə paylanılır. Preparat hamiləliyin 28-ci həftəsində xəstəyə əzələ daxilinə vurulur və ana bətnində inkişaf edən uşağı ölümdən qurtarırıq".
Doğuş zamanı yaranan problemlərin səbəblərinin müxtəlif olduğunu deyən S.Məmmədovanın sözlərinə görə, bəzi hamilələr sancı başlayan zamanı tam axırıncı dəqiqəyə qədər evdə oturur ki, gücvermə vaxtı xəstəxanaya gəlsin. Bu zaman həkimlərin səylərinə baxmayaraq uşaqlar travmalı doğulur. Onlara yardım göstəririk, ancaq elə üçüncü-dördüncü dərəcəli tənəffüs mərkəzlərinə qansızmalar olur ki, bərpa etmək çətin olur. Bundan başqa, bətndə göbək ciyəsində düyünlər yarana bilər. Bu da doğuş vaxtı gücvermədə tarıma çəkilir və anadan uşağa gedən qan dövranını pozur. Uşaq havasız qalır, ölü doğulur.
Həkimin fikrincə, ölüm hallarında həkim savadsızlığı və ya xəstəxanada texniki avadanlığın çatışmazlığı faktorlarının rolu o qədər də çox deyil: "Hansı həkim istəyər ki, onun tutduğu doğuşda uşaq ölsün?! Axı biz 6 il oxuyuruq, 5 il də rezidentura keçirik. Hamı 4 il oxuyanda, həkim-ginekoloq 11 il oxuyur. Ona görə oxumuruq ki, doğuşda ana və ya uşaq ölsün. Bunu hansı normal həkim istəyər?".
Professor, tibb eksperti Adil Qeybulla isə körpə ölümlərinə səbəb kimi peşəkarlıq problemini göstərib: "Düzdür, dövlət tərəfindən səhiyyəyə xeyli vəsait ayrılır, xəstəxanalar təmir edilir, yeniləri inşa olunur, tibb müəssisələri ən müasir avadanlıqlarla təmin edilir, amma bunlar nə dərəcədə müalicəyə yönəldilir? Sığorta təbabətinin olmaması, əməkhaqqının azlığı və peşəkar kadr çatışmazlığı problem olaraq qalmaqdadı. Xüsusən də regionlarda kadr qıtlığı var. Həm ana, həm uşaq məsələsi dövlətin birbaşa qayğısı altında olmalıdır. Nə qədər ki, bu məsələ təşkilati məqama çatmayıb, biz bu cür problemlərlə üzləşəcəyik. Hamiləlik dövrü ilə bağlı konkret klinik protokol olmalıdır və hamı ona riayət etməlidir. Burada özfəailiyyətə yol verilə bilməz. Dəqiq göstərilməlidir ki, qadın hamiləlik dövründə hansı müayinələrdən keçməlidir, hamilə qadın bütün viruslara, bütün infeksiyalara qarşı yoxlanmalıdır. Bəzən görünür ki, yoxlamalar qeyri-kompetent olur, müşahidələr düzgün aparılmır. Bunlar hamısı qeyri-peşəkarlığın nəticəsidir".

Professorun sözlərinə görə, ana və körpə ölümünün əsas səbəblərindən biri də ekoloji durum, qidalanma və viruslara yoluxmadır. Baxın, bütün bu amillərin təsiri altında Azərbaycanda hamiləliyin 95-96 faizi normal, fizioloji parametrlərə uyğun keçmir: "Hamiləliyin gedişatı daim problemlərlə müşayiət olunur. Həm qadının vəziyyəti, həm də dölün vəziyyəti qüsurlu olur. Bu, çox qorxulu tendensiyadır. Ona görə də hesab edirəm ki, ciddi dövlət proqramının qəbuluna ehtiyac var. Analar birbaşa dövlətin qoruması altında olmalıdır. Hər bir ölümün səbəbi çox ciddi araşdırılmalıdır. Hansısa virusa yoluxma, qanaxma, qanın laxtalanması - bunlar hamısı yan təsirlərdir. Tibdə ölümün birbaşa səbəbi deyilən bir anlayış var. Ölümün birbaşa səbəbi göstərilməlidir. Təəssüf ki, biz bu gün bəzi hallarda həkimlərin qeyri-peşəkarlığı ucbatından belə acı faktlarla üz-üzə qalırıq".

Şəymən







SON XƏBƏRLƏR

2018-09-25