2018-09-08 16:26:56   |   275 dəfə oxunub

Balıq məhsulları risklidir

Zəhərlənməyə görə, mağazanı bağlamaq yox, ərzağı satışdan çıxarmaq lazımdır



Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir. Qida Təhlükəsizliyi Agentliyinin (QTA) mütəxəssislərindən ibarət İşçi Qrupu hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar. Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub. QTA və Baş Prokurorluq əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.

Zəhərlənmədən sonra mağazaların bağlanmasına baxmayaraq mövcud təhlükə yenə də qalır. Xüsusilə havaların isti olduğu zamanda balıq məhsullarından zəhərlənmə halları daha çox qeydə alınır. Ona görə də qida sahəsində nəzarət mexanizminin gücləndirilməsi olduqca mühümdür. Maraqlıdır, neqativ halların baş verməməsi üçün nəzarət hansı formada olmalıdır?

"Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, QTA-nın bu sahədə apardığı işlər zəruri olsa da, kafi deyil. Ekspertin sözlərinə görə, bu, qanunvericilikdə problemlərin olması ilə əlaqədardır:

 "Hansısa qidadan zəhərlənmə halı qeydə alınarsa, heç kəsin mağazaları bağlamağa ixtiyarı yoxdur. Belə olan hallarda yalnız malı satışdan çıxara bilərlər. Əhali bilməlidir ki, balıq məhsulları bir az riskli məhsullardır. Balıq məhsullarını nəzarətdən keçirmək üçün Rusiyadan xüsusi qurğular gətirirlər. Təəssüf ki, Azərbaycanda bir sıra təhlükəli balıq məhsulları var.

Ölkəmizdə təhlükəli qidaların bazardan yığışdırılması proseduru hələ hazır deyil. 15 gün öncə QTA-ya 12 təhlil vermişik, onların içərisində təhlükəli qidaların bazardan çıxarılması üçün cəld reaksiya mexanizminin yaradılması da var. Bu gün kimsə təhlükəli bir qida satanda kimsə QTA-ya məlumat verərsə, heç bir mexanizm yoxdur ki, həmin məhsulu bazardan çıxarsınlar. Qanunvericiliyin zəif olduğu bir şəraitdə əhalinin kütləvi şəkildə qidadan zəhərlənməsi davam edir".

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18