2018-09-09 19:16:52   |   126 dəfə oxunub

Artıq "hər yoldan ötən" psixoloq ola bilməyəcək

"Bəzi psixoloqlar təhlükəli həyat şəraitində olan insanların vəziyyətlərindən sui-istifadə edirlər"


Azərbaycanda uzun müddətdir müzakirə edilən "Psixoloji yardım haqqında" qanun layihəsi, artıq, hazırdır. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib. O deyib ki, qanun layihəsi Səhiyyə komitəsi tərəfindən hazırlanıb, müzakirələrdən keçib, müxtəlif əlaqədar nazirliklərdən, dövlət komitələrindən müsbət rəylər alınıb. Aidiyyatı üzrə qeyri-hökumət təşkilatları, müxtəlif psixoloji mərkəzlərdə çalışan psixoloqlar qanun layihəsi ilə bağlı dinləmələrdə iştirak ediblər, işçi qrupunun tərkibində olublar. Qanun layihəsi Milli Məclisin payız sessiyası zamanı plenar iclasa çıxarılacaq və qəbul olunacaq.

Sputnik Azərbaycan hazırlanan yeni qanunun nə dərəcədə əhəmiyyətli olduğunu mütəxəssislərdən soruşub.

Psixoloq Ramil Nəcəfli deyib ki, bir neçə ildir Azərbaycanda psixologiyaya maraq artıb: 

"Bir çox başqa sənət sahibləri də psixologiyanı az-çox oxuyub, müəyyən kurslara gedib özlərini psixoloq adlandırmağa başlayırlar. Bəziləri, hətta vətəndaşlara psixoloji yardım göstərir. Nəticədə psixologiya fakültəsini bitirməyən, psixoloji yardım göstərməsi qadağan edilməli olan şəxslər psixoloq adını daşımağa başlayırlar".

Nəcəflinin fikrincə, belə bir qanunun tezliklə qüvvəyə minməsi sevindirici haldır: "O zaman "hər yoldan ötən" psixoloq olmayacaq və bu sahədə yalnız peşəkarlar olacaq. Bu da psixoloqa ehtiyacı olan insanların xeyrinədir. Çünki onlara peşəkarlar xidmət edəcək".

Psixoloq düşünür ki, Azərbaycanda psixologiya sahəsində daha çox qabardılmalı hissələr də var. Məsələn, məhkəmələr, xəstəxanalar psixoloqlarla işləməlidir, yeni əsgərlər üçün psixoloji yardımın əsasları hazırlanmalıdır, məktəblərdə psixoloji yardım olmalıdır. Yeni qanunda məhz bunlara da yer ayrılsa, yaxşı olar.

Sosioloq Əhməd Mansurov isə bildirib ki, ilk öncə psixoloji yardım haqqında cəmiyyətdə maarifləndirmə işləri aparılmalıdır: 

"Hazırda psixoloji yardım göstərən şəxslər, psixoloji mərkəzlərin fəaliyyətini tənzimləyən heç bir sistemin olmamasından istifadə edərək çətin, təhlükəli həyat şəraitində olan insanların vəziyyətlərindən sui-istifadə edilir. Seansların əsassız uzadılması, qeyri ixtisasdan olanların psixoloq işləməsi, psixoloji mərkəzlərin işinin monitorinqinin aparılmaması bu problemləri daha da dərinləşdirir".

"Ələlxüsus nəzərə alsaq ki, daha çox müraciət edən şəxslər cütlüklər, ailə üzvləri, uşaqların mənəvi-emosional sahəsi onlara etibar edilir. Mütləq bu sahədə sistemli yanaşmaya ehtiyac var. Həm dövlət tərəfindən, həmdə cəmiyyət tərəfindən ictimai nəzarət olmalıdır" – deyə o qeyd edib.

Sosioloqun sözlərinə görə, dövlət müəssisələri, xüsusilə uşaqların əlaqəli olduğu bütün institutlarda psixoloqların olması zəruridir: "Çünki psixoloqların bir insanın gələcəkdə yarana biləcək problemlərinin qarşısını almaq kimi imkanları var. Həmçinin bəzi müəssisələrdə psixoloqun olması da vacibdir. Çünki psixoloji kabinet "işdə yanma sindorumu"na dəstək ola bilər. Həm də bu psixoloji kabinetlər daha əlçatan olması ilə də üstündür, insanlar bəzən yorğun iş vaxtından sonra psixoloq konsultasiyalarına getməyə elə də həvəsli olmurlar".

Ə.Mansurovun qənaətincə, psixoloji xidmət haqqında akkreditasiya, iş standartlarının, nəzarət sisteminin yaradılması isə bu sahənin səmərəli fəaliyyətini artıracaq: "Həm mütəxəssislər baxımından, həm də işin səmərəliyi baxımından. Hazırda isə onların üzərinə psixoloqların beynəlxalq etik kodeksinə riayət etmək qalır. Bu, həmçinin vicdan və ədalət prinsipidir ki, onlar həssas şəxslərlə işləyəndə etik kodeksə uyğun davransın. Bu isə yetərli deyil. Çünki bu, ən azı ixtisası belə, uyğun olmayan şəxslərin psixoloq işləməsinə mane ola bilmir. Qanunun qəbulu bu sahədə olan problemlərin həllinə kömək ola bilər".

Ekspert onu da bildirib ki, uşaqlarla işləyən şəxslərin, hətta lisenziyalaşdırılmasına ehtiyac var: "Yalnız diplomun olması bir şəxsin həmin sahədə həssas təbəqə ilə işləməyinə səbəb ola bilməz. Onlara xüsusi yanaşma lazımdır. Yanlış müdaxilə insanların həyatını belə, təhlükəyə ata bilər".








SON XƏBƏRLƏR

2018-11-20