2018-09-10 12:51:49   |   127 dəfə oxunub

ANA və KÖRPƏ ölümləri artıb - Kimdir müqəssir ?




"Boğulma, müxtəlif travmalarla doğulan, anadangəlmə fiziki məhdudiyyətli körpələr, tibbi problemli uşaqlar əksər hallarda doğulan kimi ölümlə üzləşirlər”.

Bunu "Sherg.az”a son zamanlar artmaqda olan ana və uşaq ölümlərinin səbəblərini izah edərkən pediatr Günay Rəsulova söyləyib. 

O diqqətə çatdırıb ki, bətndaxili infeksiya keçirən analarda da doğuş zamanı ciddi fəsadlar yarana bilir:

"Doğum sonrası kretik dönəmlərdə də uşaqların tibbi problemləri yaranır. Anadangəlmə təhlükəli ürək qüsurları ola bilər. Bütün bunları sadalamaqla bitməz. Doğuş zamanı ölüm hallarının baş verməsinin çox səbəbləri var. Belə problemləri olan körpələrin tibbi durumunun yaxşılaşdırılması üçün normal reanimasiya şəraiti, doğumdan sonrakı dönəmdə canlandırma və s. olmalıdır. Doğum otağında hər yeni doğulana bir həkim, əkiz uşaqlardırsa, iki mütəxəssis mütləq lazımdır. Beləliklə, kritik saatlarda yardım etmək daha da asanlaşar”.

Əkiz doğulan körpələrin həyati riski olduğunu vurğulayan G.Rəsulova qətiyyətlə bildirib ki, doğum zamanı və doğumdan sonra körpə, o cümlədən ana ciddi həkim nəzarətində olmalıdır:

"Həkim səhlənkarlığına gəlincə, hər bir xəstə yaxını ittihamlarla həkimin üzərinə düşür. Bu dünyanın hər yerində belədir. Hətta yarımçıq doğulan, həyati riski olan körpələrin sağlamlığında problem olduqda belə bəzən həkimləri günahlandırırlar.

Heç bir həkim istəməz ki, xəstəsi dünyasını dəyişsin, vəziyyəti ağırlaşsın. Sadəcə xəstə yaxınları çox zaman emosional davranır, günahı kimdəsə axtarır. Halbuki, əksər hallarda həkimlər əlindən gələni edir, xəstəni xilas etmək mümkün olmur”.

Qeyd edək ki, mətbuatda yayılan materiallar əsasında bu ilin ilk 8 ayı ərzində 13 ana və uşaq ölümünün baş verdiyi bildirilib. Ana və körpə ölümlərinin ciddi şəkildə artması cəmiyyətdə ciddi narazılığa səbəb olub. Əksər hallarda xəstə yaxınları bu ölümlərə səbəb kimi həkim səhlənkarlığını göstərirlər.

Aysel Aslan








SON XƏBƏRLƏR

2018-09-24