2018-09-10 13:12:30   |   171 dəfə oxunub

Etiraz:"İcbari tibbi sığorta haqqı üçün 10 manat çoxdur"




"İcbari tibbi sığorta üçün ödənilməli olan məbləğ tibbi xidmətin keyfiyyəti ilə müqayisədə yüksəkdir”.

Bunu "Sherg.az”a Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, Azərbaycanda tibbi xidmətin keyfiyyətini nəzərə aldıqda aylıq 10 manat icbari tibbi sığorta haqqı çoxdur:

"Bizdə Avropa ölkələrindəki, Amerika və digər inkişaf etmiş ölkələrdəki kimi yüksək keyfiyyətli tibbi xidmət göstərilmir. Bu məbləğ vətəndaşların bütün tibbi ehtiyaclarını ödəməyə köməklik göstərir. İcbari Tibbi Sığortadan istifadə edən elə vətəndaşlar var, haradasa 10 ilə bu məbləği ödəyəcək, amma tibbi xidmətlərdən istifadə etməyəcək. Əlavə vəsaitləri isə proseduru həyata keçirən şirkət özünə götürəcək.

İcbari tibbi sığorta bütün vətəndaşlara aid edilməlidir. Uşaqlar üçün ödəniş müəyyən edilməyibsə, deməli, onların tibbi xidmətlərdən istifadəsini dövlət öz üzərinə götürə bilər. İnkişaf etmiş ölkələrdə hətta aztəminatlı ailələrin belə sığorta xərclərini dövlət öz üzərinə götürür. Bu müsbət təcrübədir.

Özəl və ya dövlət xəstəxanası fərq etmədən vətəndaşlara icbari tibbi xidmət göstərilməlidir. Aşağı keyfiyyətli tibbi xidmət göstəriləcəksə, sığorta idarələri daha yüksək keyfiyyətli xidmətə maraqlı olacaq. Bu məsələdə narahatlıq keçirməyə dəyməz. Əsas odur ki, vətəndaşlara uyğun tibbi yardım təklif edilsin”.

Qeyd edək ki, hazırda 4 rayonda pilot layihə kimi həyata keçirilən icbari tibbi sığortanın yaxın vaxtlarda bütün ölkə üzrə tətbiqi gözlənilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS) sığorta haqqının illik 120 manat (aylıq 10 manat) olmasını təklif edib. Lakin hələlik qeyd edilən məbləğ bir çoxlarının düşündüyü kimi qanuni qüvvəyə minməyib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-24
2018-09-23