2018-09-10 13:28:33   |   253 dəfə oxunub

İdlib düyünü niyə açılmır ? - Aktual şərh




"İdlib problemi kifayət qədər mürəkkəb və təhlükələrlə dolu məsələdir”.

Bu barədə "Sherg.az”a son günlər Suriya ətrafında yaranan gərginlik, Rusiyanın İdlibi bombalanması haqqında danışarkən politoloq Tofiq Abbasov bildirib. 

O diqqətə çatdırıb ki, İdlib şəhərində 50 minə yaxın yaraqlı var:

"Üç ölkə - Rusiya, İran və Türkiyə liderlərinin görüşündə də İdlibdəki təhlükə, dağıdıcı amil müzakirə mövzusu oldu. Problemi aradan qaldırmaq üçün güc tətbiq etmək lazım gələcək. Rusiya və Amerikanın arasında gərginlik yaranır. Çünki bu məsələdə Qərb və Rusiyanın fikirləri üst-üstə düşmür. Rəsmi Vaşinqton Bəşər Əsədin hakimiyyətdən uzaqlaşdırılması ilə məsələni həll etməyə çalışır. Kreml isə, hələlik, Bəşər Əsədin qoşunlarını və prezidenti müdafiə edir. Son dəfə keçirilən Tehran sammitində taktiki razılıqlar əldə olunsa da, strateji baxımdan 3 tərəf fikir ayrılığı yaşayır.

İdlib bilavasitə Türkiyənin sərhədlərinə yaxın olduğundan rəsmi Ankara narahatdır. Türkiyədə hazırda 4 milyona yaxın qaçqın və məcburi köçkün məskunlaşıb. İdlib problemi həll olunarsa, qaçqınların bir qismi öz ərazilərinə qayıda bilər. İdlib probleminin həm humanitar, həm də siyasi baxımdan əhəmiyyəti var.

Rəsmi Ankara və Rusiya Amerika ilə münasibətlərdə orta xətt tutmağa çalışır. Ona görə, Suriya məsələsində ciddi problem yaratmaq istəmirlər. İran isə Suriyanın əvvəlki kimi idarə olunmasını, Bəşər Əsəd rejiminin saxlanmasını dəstəkləyir. Bu, İrana öz planlarını həyata keçirmək üçün lazımdır. Ona görə, problemlərin düyünü İdlib süjetinin sona çatmasından sonra açılacaq”.

Qeyd edək ki, sentyabrın 7-də Rusiya, Türkiyə və İranın iştirakı ilə baş tutan Tehran sammitindən sonra ABŞ-a aid 2 ədəd F-15 təyyarəsi Suriyanın Deyr əz-Zor bölgəsinə fosfor bombaları atıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən bombaların istifadəsi qadağan olunub.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25