2018-09-10 13:53:17   |   410 dəfə oxunub

Xəzərboyu qanunsuz hasar və villalar da söküləcəkmi? - Gözlənti



"Eldar Əzizov Sumqayıt şəhərində icra başçısı vəzifəsini icra edən zaman bir sıra tikililəri, bağları qanuni olduğu halda sökdürdü”.

Bu barədə "Sherg.az”a Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müavini Eldar Əzizovun paytaxta söküntü ilə bağlı tapşırıqlarından danışarkən AVCİYA Seçki Qərargahının rəhbəri, Azərbaycan Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı məlumat verib. 

Onun sözlərinə görə, həmin dövrdə insanlara 10 minlərlə ziyan dəydikdən sonra tikililərin əksəriyyətinin qanuni olduğu dəqiqləşdirildi:

"İcra başçısı isə sadəcə üzr istədi, sökülən evləri bərpa etmədi. Ola bilər, müəyyən ərazilərdə qanunsuz tikililər mövcud olsun, qeyri-qanuni hasarlamalar həyata keçirilsin. Lakin Bakıda sökülən tikililərin hamısının qanunsuz olduğuna inanmıram. Bir icra başçısı vəzifəyə gəldikdə əvvəlki rəhbərin verdiyi sərəncamı qanunsuz hesab edirsə, bunun özü qanunsuzluqdur. Vətəndaşların əziyyətinə hörmətlə yanaşmaq lazımdır. Binaları uçurmaq, sökmək bolşevik psixologiyasıdır”.

E.Əzizovun Xəzərboyu qanunsuz hasarları da söküb-sökməyəcəyinə gəlincə, M.Zülfüqarlı hesab edir ki, nisbətən maddi imkanı zəif olan şəxslərə aid evləri sökə bilərlər:

"Halbuki dəniz kənarında böyük villalar var, onların sayəsində insanlar dənizə həsrət qalıb. Həmin villalara toxuna bilmirlər.

Söküntü işlərinin həyata keçirilməsi sadəcə bir kampaniyadır. Eldar Əzizov hansı əraziyə icra başçısı təyin edilirsə, ilk olaraq orada bu işlərdən başlayır. Sonra isə sakitləşir. O, Sumqayıta yeni təyin edildikdə, kanalizasiyanın dənizə tökülməsindən şikayətlənir, təmizləyici qurğuların işə salınacağını iddia edirdi. Ətrafı qazdılar, pul ayrıldı və məsələ həll edilmədən qaldı. Hesab edirəm ki, bu cür düşünülməmiş, hesablanmamış addımlar insan haqlarının pozulmasıdır”.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın rayonlarında qanunsuz zəbt olunmuş ərazilərin hasarlarının söküntüsü işləri davam etdirilir. Bakı Şəhər İcra Hakimiyyəti Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə texnika və işçi qüvvəsi cəlb olunmaqla zeytunluq ərazisində, ümumilikdə 3 ha sahədə müxtəlif şəxslər tərəfindən qanunsuz zəbt olunmuş 16 torpaq sahəsinin hasarları sökülüb, ərazi tikinti materialları və tullantılardan təmizlənib. Bu ərazidə yeni ağacların əkilərək yaşıllıqların bərpa olunması ilə bağlı işlərə başlanıb. Park ərazisinin qanunsuz olaraq hasarlanması və yaşıllıqların məhv edilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21