2018-09-10 15:08:48   |   474 dəfə oxunub

Analitik:"Putin Paşinyanla görüşdən razı qalmadı,ona güvənmir"

Ehtiram Aşırlı:" Rusiyanın iqtisadi durumunu nəzərə alsaq, bu dövlətin Azərbaycana ehtiyacı var. Kreml Ermənistanla deyil, Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına çalışacaq"



"Ermənistanın baş naziri Nikol Paşinyan Moskva səfərdə olarkən Rusiya prezidenti ilə Dağlıq Qarabağ məsələsindən danışmayacağını, buna səlahiyyətinin olmadığını bildirmişdi”.

Bunu "Sherg.az”a N.Paşinyan və Rusiya prezidenti Vladimir Putin arasında keçirilən görüşün nəticələri haqqında danışarkən analitik Ehtiram Aşırlı söyləyib.

 O diqqətə çatdırıb ki, N. Paşinyan Azərbaycanın da adını çəkərək, "rəsmi Bakı güzəştə hazırdırsa, biz də hazırıq” şəklində bəyanat verib:

"Baş nazirin bu ifadələri səsləndirib, sonradan münaqişə ilə bağlı razılaşmadan danışması "publikaya oynamaq” deməkdir. O, həm də söyləyib ki, qondarma "Dağlıq Qarabağ Respublikası” gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır.
Sözügedən görüşdən sonra Rusiya və Ermənistan arasında münasibətlərin yaxşılaşdığını düşünmürəm. V.Putin Paşinyanla görüşdən razı qalmadı və yenə də Paşinyana güvənmir. Ermənistan hər zaman Rusiya üçün bir silah bazarı olub. Ona görə, Rusiya silahlarının rəsmi İrəvana satılması davam edəcək. Qeyd etdiyim kimi, Rusiya Ermənistana bazar kimi baxdığından bu, normaldır.

Moskva- İrəvan münasibətləri əvvəlki səviyyədə olmayacaq. Çünki hazırkı məqamda şimal qonşumuzun əsas tərəfdaşı, maraqlarına cavab verən ölkə Azərbaycandır. V. Putin daha çox ölkəmizlə əlaqə qurmaq istəyir. Onun Bakıya səfərə hazırlaşması da fikirlərimizin əyani sübutudur”.

E.Aşırlının sözlərinə görə, V. Putinin sentyabrın 25-də Azərbaycana baş tutacaq səfərində yeni razılaşmalar, əməkdaşlıqlar əldə oluna bilər:

"Amerika tərəfindən tətbiq olunan sanksiyaları, Rusiyanın iqtisadi durumunu nəzərə alsaq, bu dövlətin Azərbaycana ehtiyacı var. Ona görə, Kreml Ermənistanla deyil, məhz Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına çalışacaq.

N.Paşinyanın Rusiyaya xitabən səsləndirdiyi "mənim daxili işimə qarışma” tipli bəyanatlar göstərir ki, baş nazir ABŞ-dan dəstək alır. Onun bu fikirləri Putinin xoşuna gəlməyəcək.

Bir məsələni də diqqətə çatdırım ki, V.Putin 2018-ci ilin sonu-2019-cu ilin əvvəlində Ermənistana səfər planlaşdırır. 2019-cu ilin may-iyun aylarında isə Ermənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Rusiya liderinin prezidentin seçkilərdən əvvəl Ermənistana səfəri düşmən ölkə üçün bir növ "qulaqburması” olacaq”.

Qeyd edək ki, Moskvada biznes nümayəndələri ilə görüşü zamanı Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatla çıxış edib. O bildirib ki, qondarma Dağlıq Qarabağ Respublikası gələcəkdə Ermənistan ərazisinin tamhüquqlu bir hissəsi olmalıdır. Və Ermənistan Dağlıq Qarabağ ərazisi ilə bağlı mübahisələrdə güzəştə getməyəcək.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18