2018-09-10 15:31:41   |   573 dəfə oxunub

Azərbaycanda Aşura günü...




"Orta məktəblərdə din dərsləri keçilsə, dinimiz elmi cəhətdən izah olunsa, bu, daha yaxşı olar”.

Bunu "Sherg.az”a Aşura mərasimlərinin keçirilməsi ilə bağlı insanların maarifləndirilməsindən danışarkən ictimai-siyasi xadim Cümşüd Nuriyev söyləyib. 

Onun fikrincə, son zamanlar qərbmeylli davranışlar üstünlük təşkil etdiyinə görə, din haqqında məlumatlar elə də çox deyil:

"Xüsusilə, gənclərin, yeniyetmələrin bu sahədə maarifləndirilməsinə, məlumatlandırılmasına ehtiyac var. Həmçinin televiziyalarda bu barədə məlumatlar azdır. Müntəzəm olaraq, elmi kök üzərində olan dini məsələlərlə bağlı maarifləndirmə gücləndirilsə, yaxşı olar. 

Bu məsələ mətbuatla birlikdə həyata keçirilməsə çətin ki, həllini tapsın. Hazırda vizual mətbuatla, çap mətbuatının ciddi fərqi var. Qəzet və jurnallarda maarifləndirmə aparılsa da, kifayət etməyəcək. Ona görə, müasir dövrə uyğun dini maarifləndirmə aparılmalıdır.

Azərbaycanda Aşura günü və digər dini mərasimlər yaxşı formada təşkil olunur. Aşura günündə qanvermə aksiyasının təşkili yaxşı haldır. Hesab edirəm ki, burada tək dövlət deyil, müxtəlif təşkilatlar, qeyri-hökumət strukturları da davamlı iş aparmalıdırlar. 

Məsələn, yas mərasimlərinə mərsiyəxan gətirilməsi, ifrat ağlaşma qurulması və s. kimi hallar mövcuddur. Bu, sadəcə xurafatın təzahürləridir. Belə nüanslara da gərək yoxdur. Çünki mərhuma onun haqqında deyilən xoş söz daha əhəmiyyətlidir. Məhərrəmlik, Aşura günü kimi inanclar dini ayinlərdir. Lakin bu məsələləri də müasir dövrə uyğunlaşdırmaq vacibdir. Çünki din özü də bir elmdir”.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı fətva verib. Qazılar Şurası bəyan edir ki, hicri 1440-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2018-ci il sentyabrın 11-nə, Aşura günü isə sentyabrın 20-nə təsadüf edəcək.

Aysel Aslan











SON XƏBƏRLƏR

2018-11-21