2018-09-10 16:44:46   |   149 dəfə oxunub

Əhliman Əmiraslanov BMT-nin Qocalma İnstitutunun direktorunu qəbul etdi


AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bu gün AMEA Rəyasət Heyətində BMT-nin Qocalma İnstitutunun direktoru, professor Marvin Formozanı qəbul edib. Görüşdə herontologiya sahəsində elmi və elmi-təşkilati əməkdaşlığın perspektivləri müzakirə olunub, birgə elmi tədqiqat layihələri üçün ölkənin potensialının qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Modern.az xəbər verir ki, Əhliman Əmiraslanov mütəxəssislər tərəfindən ənənəvi olaraq Azərbaycanın uzunömürlülər diyarı kimi qəbul olunduğunu vurğulayaraq, bu sahədə AMEA-nın müvafiq institutlarında, xüsusilə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda aparılan tədqiqatların yüksək fundamental və praktiki əhəmiyyətini, herontoloji tədqiqatların daha geniş inkişafı üçün mövcud imkanlardan istifadə olunacağını diqqətə çatdırıb.

Görüşdə iştirak edən AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova institutun herontologiya sahəsində həyata keçirdiyi elmi tədqiqat layihələrinin nəticələri haqda qısa məlumat verib.

Əməkdaşlıq perspektivlərindən söz açan professor Marvin Formoza qeyd edib ki, Fiziologiya İnstitutunda bu sahədə əldə edilən təcrübə əsas götürülərək həmin institut BMT-nin Qocalma İnstitutunun Regional Mərkəzi kimi seçilib.

Professor Formozanın Azərbaycana səfəri sentyabrın 14-nə qədər davam edəcək. Səfərin proqramına yüksək uzunömürlülük indeksi ilə fərqlənən Lənkəran rayonunda akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun həyata keçirdiyi "Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının tədqiqi” proqramının iştirakçıları ilə görüşlər də daxildir.






SON XƏBƏRLƏR

2018-11-21