2018-09-10 20:53:31   |   340 dəfə oxunub

Bakının işğaldan azad edilməsi dövlət və dövlətçiliyimizin zəfər bayramıdır” - Tarixçi-alim




Sentyabrın 15-də Bakının bolşevik hərbi birləşmələrdən, yadelli işğalçılar və erməni daşnaklarından azad edilməsinin 100-cü ili tamam olacaq. Paytaxtımızın düşmənlərdən təmizləndiyi həmin gün Azərbaycan xalqının ən şərəfli tarixlərindən biri hesab olunur. 1918-ci ildə Osmanlı ordusunun zabiti Nuru Paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun qəhrəman əsgərləri Bakının azad edilməsində böyük şücaətlər göstəriblər. Bakının azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı.

Həmin dövrün hadisələri haqqında "Sherg.az”a danışan tarixçi-alim Solmaz Tohidinin sözlərinə görə, 1918-ci ildə Mart Soyqırımından, Azərbaycanın İstiqlalının elan olunmasından sonra xalqın varlığı belə sual altında qalmışdı. O diqqətə çatdırıb ki, Qafqaz İslam Ordusunun Bakını bolşeviklərdən azad etməsi xalqın qurtuluşu demək idi:

"Rus-erməni birləşmələrinin hərbi təcavüzü zamanı Bakı quberniyası, altı qəza - Şamaxı, Quba, Cavad, Göyçay, Lənkəran, Nuxa qəzaları və digər ərazilərdə vəziyyət gərgin idi. İşğal nəticəsində 50 mindən çox insan məhv edildi. Zəngəzur, İrəvan zonalarında da eyni durum hökm sürürdü və 300 mindən artıq qaçqın müxtəlif ərazilərdə məskunlaşmışdı. Belə bir şəraitdə - 1918-ci il mayın 28-i İstiqlalımız elan olundu, Azərbaycan müstəqil oldu. Həmin dövrdə Azərbaycanın nə silahı, nə neft gəlirləri, nə digər vəsaitləri mövcud idi. Sadəcə, görkəmli bir ziyalı nəslinin, xalqın dərdini çəkən insanların böyük iradəsi, diplomatik məharəti göz önündə qalırdı.

Müstəqil Azərbaycan dövləti elan olunduqdan sonra, dövlətin qurulması üçün paytaxt seçilməli idi. Gəncə müvəqqəti paytaxt elan olunmuşdu. Lakin bolşevik qüvvələri 16 minlik ordu ilə Gəncə üzərinə hücuma keçərək, bu şəhəri də məhv etməyə çalışırdı.

Belə çətin şəraitdə Azərbaycan hökumətinin nümayəndələri - Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, xarici işlər naziri Məhəmmədhəsən Hacınski və digərləri Batumda, Trabzonda apardıqları danışıqlar hesabına Osmanlı dövləti ilə razılıq əldə etdilər. Osmanlı və Azərbaycan dövlətləri arasında bağlanan "Batum" müqaviləsinin 4-cü maddəsində qeyd edilirdi ki, Azərbaycan xalqına qarşı təhlükə olarsa, Osmanlı dövləti hərbi qüvvə ilə kömək edəcək. Osmanlının vəziyyəti ağır da olsa, təhlükə yarandığına görə, dövlətimizə kömək göstərməyi öz öhdəsinə götürdü”.

Erməni və rusların Bakını öz əllərində saxlamaq niyyətindən danışan S.Tohidi diqqətə çatdıdıb Bakıya "sərbəst şəhər” statusu verilməsi belə gündəmə gətirildi:

"Qafqaz İslam Ordusu azərbaycanlıların da israrı nəticəsində yarandı. Qoşunların adına Qafqaz İslam ordusu adı ona görə verilirdi ki, bunun türk ordusu olduğu bilinməsin. Çünki Almaniya Osmanlının müttəfiqi idi və türklərin Qafqaza köməyə gəlməsinə etiraz edirdi.

Belə şəraitdə ordu Gəncəyə doğru hərəkət edir. Əvvəl 30 minlik qoşunun formalaşdırılması nəzərdə tutulurdu. Lakin səfərbərlik elan edilməsi uğurlu nəticə vermir, bolşeviklər hər vəchlə əhalinin orduya qoşulmasını əngəlləməyə çalışır. Ənvər Paşa bu yürüşü, əmrləri yalnız öz yaxınlarına, dostlarına əmanət edirdi. 200-300 nəfər zabitin başçılıq etdiyi qoşun Gəncəyə çatdıqda 600-800 nəfərlik kiçik azərbaycanlı dəstənin yığıldığını görür. Say azlığı səbəbindən Qafqaz İslam Ordusu üçün beş dəfə müraciət olunub, Osmanlıdan qoşun gətirilib. Ordunun silah-sursatı yox dərəcəsində idi və aşağı, orta zabit təbəqəsi çox az idi.

Bolşeviklər Gəncədə və Qafqaz İslam Ordusunun ayaq basdığı bütün ərazilərdə erməni əhalinin ayağa qalxmasını istəyirdi. Hətta bəzi ərazilərdə məskunlaşmış alman əhali belə Qafqaz İslam Ordusuna müqavimət göstərməyə çalışır, silahlar istifadə etməyi düşünürdü. Lakin onların razı salınması ilə ordu irəliləməyə davam etdi.

Qafqaz İslam Ordusu işğal olunmuş bütün torpaqları azad edə-edə, vuruşa-vuruşa Bakıya doğru irəliləyirdi. Göyçay ərazisindən başlayan döyüşlər hədəfə çatana qədər davam etdi. Ordu iki yolla - Kürdəmir və Şamaxı istiqamətində irəliləyərək, işğaldakı əraziləri azad edirdi. Türk ordusu irəlilədikcə, yerli əhali əsgərlərə qoşulur, ordu işğaldan azad edilən ərazilərdə didərgin düşmüş insanları öz yurd-yuvalarında yerləşdirirdi”.

S.Tohidi Bakının azad olunmasından əvvəl erməni əsgərlərinin orada özbaşınalıq etdiyini söyləyib. O bəyan edib ki, bolşeviklər, ingilislər, ermənilər və s. Bakını əldə saxlamaq üçün birləşdiyindən şəhərin alınması rahatlıqla baş tutmadı:

"Sentyabrın 14-də, gecə 14 saatlıq döyüşdən sonra işğalçılar Bakını əldə saxlamağın mümkün olmadığını görüb, gəmilərinə minərək İran sahillərinə qaçıblar. Bundan sonra şəhərdə böyük panika başlayıb. Hər kəs gözləyirdi ki, müsəlman qoşunları qayıdandan sonra ermənilərə öz cəzasını verəcək. Qoşun 3 gün şəhərə girməsə də, yerli əhali mübarizəyə başlayıb, erməni əsgərləri azərbaycanlıların evlərinə hücum ediblər. Azərbaycanlılar isə ermənilərdən qisas almaq məqsədilə bəzi addımlar atıblar. Ermənilər Çəmbərəkənddə 18 yaşında yeniyetmənin quş saxladığını, guya göyərçinlərlə türk ordusuna xəbər göndərdiyini bəhanə edərək, valideynlərinin gözü qarşısında onu güllələyiblər.

Qafqaz İslam Ordusunun 15 sentyabrda Bakını azad etməsi, mürəkkəb, ağrılı eyni zamanda şərəfli tarixdir. 15 sentyabr ən azı 28 may qədər əhəmiyyətlidir. Çünki Bakının işğaldan azad edilməsi Azərbaycanın dövlət taleyini, xalqın taleyini həll edirdi. Məhəmməd Əmin Rəsulzadə Bakıya müraciətində yazırdı: "Biz burda əlimizdən gələni edirik, siz də dəstək verin”. Bakı yalnız hərb yolu ilə işğalçılardan təmizlənə bilərdi. Şəhərə ilk olaraq, türk ordusu, Azərbaycan hökuməti daxil olmasaydı, Bakı alınmasa idi, Gəncə də olmazdı.

2018-ci il bizim üçün çox dəyərli olan hadisələrin 100 illiyidir. Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin də 100 illiyi tamam olacaq. Sözügedən hadisələrin təntənəli şəkildə qeyd olunması təqdirəlayiq haldır. Bu, dövlət və dövlətçiliyimizin zəfər bayramıdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-22
2018-09-21