2018-09-11 11:36:24   |   103 dəfə oxunub

Beynəlxalq nüfuzumuz artmaqdadır

Dünya birliyi Azərbaycanı Qafqazın lideri kimi qəbul edir

Dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu bizi hədəflərimizə hər ötən gün daha da yaxınlaşdırır



Azərbaycanın xarici siyasət konsepsiyasına daxil olan ən vacib elementlərdən biri digər dövlətlərin işlərinə qarışmamaq, balanslaşdırılmış siyasət yürütməkdir. Ulu öndər tərəfindən ən azı 100 illiyə hesablanmış xarici siyasət konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla icra olunmaqdadır. Dövlət başçısı İlham Əliyev bu siyasətə yeni rənglər əlavə edərək müasir geosiyasi çağırışları adekvat şəkildə inkişaf etdirməkdədir.

Ölkə rəhbərinin dünya liderləri arasında xüsusi çəkiyə və gücə malik olması birmənalı olaraq ölkəmizin xarici siyasi kursuna müsbət təsir göstərir. Azərbaycanın xarici siyasətini uğurlu edən faktorlardan biri də etibarlı tərəfdaşlıq prinsipidir. Azərbaycan hər zaman öz tərəfdaşlarının etimadını doğruldaraq birgə layihələr reallaşdırıb. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan xarici siyasətində çoxqütblülük prinsipindən istifadə etməkdədir. Rəsmi Bakı iqtisadi, siyasi, mədəni, idman və sosial proseslərdə bu faktordan istifadə edərək xarici siyasət konsepsiyasını gücləndirir.

Son dövrlər həm Azərbaycan Prezidentinin xarici ölkələrə səfərləri, həm də digər ölkələrin dövlət başçılarının Azərbaycana səfəri qarşılıqlı münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Almaniya kansleri Angela Merkelin Azərbaycana gəlişi, Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri, ondan öncə Avropa ölkələrinə səfər etməsi və bu səfərlər çərçivəsində əldə olunmuş nəticələr Azərbaycanın xarici siyasətinin dinamikliyini, onun yüksək beynəlxalq nüfuza malik ölkə olduğunun əyani sübutudur. Dövlət başçısı İlham Əliyevin Xorvatiyaya səfəri ölkəmizin Avropa üçün nə qədər əhəmiyyətli olduğunu göstərir. Əlbəttə, belə səfərlərdə ölkələrin mənafeləri qorunmaqla əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində sənədlər imzalanır. 

Dövlətlər arasında əldə olunmuş razılaşmalar Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və müttəfiqlərinin sayının artmasına xidmət edir. Təbii ki, bütün bunlar ölkəmizin beynəlxalq nüfuzu ilə yanaşı, iqtisadi inkişafının da göstəricisidir. Ən əsası isə Prezidentin xaricə, eləcə də digər dövlət başçılarının ölkəmizə səfəri Azərbaycanın dünya birliyinə sürətli və uğurlu inteqrasiyasının göstəricisidir.

Azərbaycan rəhbərliyinin uğurlu xarici siyasəti ilə bağlı "Şərq"ə danışan Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib ki, Azərbaycan bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa söykənən, biri-birinin daxili işlərinə qarışmamaq siyasətinə əsaslanan xarici siyasət kursu həyata keçirir. Analitikin sözlərinə görə, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət balanslı, çoxvektorlu və tarazlaşmış siyasət kimi xarakterizə olunur:

 "Prezident İlham Əliyev həmin siyasətə çeviklik və dinamizm gətirib. Bunun sayəsində Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənib. Ölkəmizin tərəfdaşlarının sayı artıb və beynəlxalq nüfuzu daha da güclənib. Prezident İlham Əliyevin Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri bunu bir daha təsdiqlədi". Deputat bildirib ki, artıq Şərqi və Mərkəzi Avropa ölkələrinin Xəzər regionuna olan marağı diqqətdən yayınmır: "Xəzər regionunda əsas həlledici qüvvələrdən birinin Azərbaycan olduğu həqiqətdir. Xorvatiya prezidentinin çıxışında bu fikirlər tez-tez səslənirdi. Bu gün münasibətlərimiz elə səviyyədədir ki, artıq Xorvatiyanın Azərbaycanda səfirliyinin açılmasının vaxtı çatıb və Xorvatiya tərəfi bu barədə qərar qəbul edib. Prezident İlham Əliyevin bundan öncə Rusiyaya, Qırğızıstana səfərləri ölkəmizin fəal xarici siyasət yürütdüyünü göstərir. Bu bizim çoxvektorlu siyasətimizin təntənəsidir. Dünyanın nəhəng dövlətlərindən biri olan Rusiyaya səfəri zamanı mühüm sənədlər imzalanıb və onların bir çoxu ikitərəfli münasibətlərimizin yol xəritəsi adlandırıla bilər. Qırğızıstana səfər isə türkdilli ölkələr arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədinə xidmət göstərir. Dövlət başçısının müəyyən etdiyi xarici siyasət kursu bizi hədəflərimizə hər ötən gün daha da yaxınlaşdırır. Ən böyük hədəflərimizdən biri Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxarmaqdır. Bu səfərlər, imzalanmış sənədlər bir daha göstərdi ki, həmin hədəfə çatmaq bizim üçün heç də uzaq perspektiv deyil". 

Diqqəti Prezident İlham Əliyevin Xorvatiyaya səfərinin yekunlarına yönəldən politoloq deyib ki, ölkələrimiz fundamental məsələlərdə ortaq yanaşma xəttinə malikdirlər və bunun sayəsində münasibətlərimiz strateji xarakter alıb: 

"Bu səfər göstərdi ki, siyasi dialoq sayəsində əlaqələrimiz kifayət qədər intensiv inkişaf edir. Belə ki, 2013-cü ildə də Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiyaya rəsmi səfər etmişdi. Məhz həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri haqqında Zaqreb Bəyannaməsi, müdafiə sahəsində əməkdaşlıqla bağlı anlaşma memorandumu imzalanıb. Bu sənədlər göstərir ki, Azərbaycan və Xorvatiyanın ikitərəfli və çoxtərəfli məsələlərlə bağlı mövqeləri bir çox hallarda üst-üstə düşür".

 Ekspertə görə, Azərbaycan və Xorvatiya arasında iqtisadi əlaqələrin geniş potensialı var və bundan daha səmərəli istifadə etmək lazımdır: 

"İki dövlət arasında təkcə enerji sahəsində deyil, eyni zamanda, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün də möhkəm zəmin yaranıb. Xüsusilə də kənd təsərrüfatı, nəqliyyat, turizm, gəmiqayırma, əczaçılıq və digər sferalarda inkişaf üçün yaxşı baza mövcuddur. Xorvatiya neft və qaza tələbatının təxminən 50 faizini idxal hesabına ödəyir. Bu nöqteyi-nəzərdən Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç enerji təhlükəsizliyi sahəsində əməkdaşlıqda maraqlı olduqlarını ifadə edib. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" layihəsi 7 ölkəni birləşdirir. Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Təbii ki, Xorvatiya da bu qlobal layihədən yararlanmaq istəyir".

İsmayıl







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25